Narkotik alverində ittiham olunan Vidadi İsayev, Xəyyam Qasımov, Rəşad Əhmədov, Adil Qarayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
İttihama görə, Rəşad Əhmədov 2014-cü ilin yanvar ayından mütəmadi səfərlər zamanı tanış olduğu şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası ərazisində olan şəxslə əvvəlcə Adil Qarayevi, daha sonra, yəni 2014-cü ilin iyul ayında qrupun digər üzvləri Xəyyam Qasımovu və digərlərini tamah niyyəti ilə külli miqdarda narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilməsi və satışı məqsədilə qanunsuz olaraq əldə edilməsini təşkil edib.
Eləcə də, Rəşad Əhmədov Xəyyam Qasımovu külli miqdarda narkotik vasitənin daşınaraq Azərbaycan ərazisindən Ukraynaya keçirilməsi məqsədilə başqa şəxslərlə də tanış edib. Qrup üzvləri arasında əldə olunmuş razılaşmaya əsasən, Xəyyam Qasımov və digər şəxslər Rəşad Əhmədov vasitəsilə tanış olduqları şəxsə İran ərazisində 4599,2 qram narkotik vasitə olan tiryək sifariş edib.
Rəşad Əhmədov narkotiki qrupun digər üzvü Adil Qarayev vasitəsilə sifarişçilərə çatdırmağı öz öhdəsinə götürüb.
Xəyyam Qasımov və digər şəxslər iranlı ilə tanış etdiyinə və gələcəkdə narkotik vasitənin qanunsuz dövriyyəsində iştirakına görə Rəşad Əhmədova 4000 dollar məbləğində pul verilməsi barədə razılığa gəlinib.
2014-cü ilin 30 iyun-2 iyul tarixlərində qrup üzvü Adil Qarayev İranda səfərdə olarkən iranlı şəxs ona görəcəyi işin müqabilində 2000 dollar məbləğində pul verib və külli miqdarda narkotik vasitəni Azərbaycan ərazisində qəbul edərək Xəyyam Qasımova çatdırmağı ona tapşırıb.
İran ərazisində olan şəxs həmin ölkədə istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi külli miqdarda narkotik vasitəni 2014-cü ilin sentyabr ayının sonlarında qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirərək Yardımlı rayonunun Arus kəndi ərazisində yolun kənarında gizlədib. Həmin şəxs bu barədə telefonla qrupun üzvü Adil Qarayevə məlumat verib.
Bundan sonra Adil Qarayev 4599,2 qram narkotik vasitə olan tiryəki gizlədilən yerdən götürərək özündə saxlayıb. O, həmin narkotiki Bərdə şəhərinə gətirib, orada Xəyyam Qasımova çatdırıb.
Xəyyam Qasımov Adil Qarayevdən satış məqsədilə əldə etdiyi tiryəki sonradan qrup üzvləri üçün əlverişli şəraitdə Azərbaycandan Ukrayna ərazisinə qaçaqmalçılıq yolu ilə göndərmək məqsədilə Bərdə şəhəri ərazisində torpağa basdırmaqla gizlədib.
Daha sonra Xəyyam Qasımov külli miqdarda narkotik vasitəyə görə ödəniləcək 17500 dollar məbləğində pulun 5000 dollarını 2014-cü ilin dekabr ayının əvvəllərində şəxsiyyəti istintaqa məlum olmayan şəxslər vasitəsilə İran ərazisində olan şəxsə göndərib.
Bundan başqa, Rəşad Əhmədov, Adil Qarayev və İran ərazisində olan şəxs təkrar cinayət əlaqəsinə giriblər. Onlar 23 noyabr 2014-cü il tarixdə külli miqdarda narkotik vasitə sifariş edib, həmin sifariş əsasında İran ərazisində olan şəxs əldə etdiyi 4952,9 qram narkotik vasitə olan tiryəki Yardımlı rayonunun ərazisinə keçirib. Bundan sonra həmin iranlı dekabrın 9-da narkotik vasitənin artıq Yardımlı rayonunun ərazisində olması barədə telefon vasitəsi ilə Rəşad Əhmədovla Adil Qarayevə məlumat verib.
Əvvəlcədən əldə olunmuş razılığa əsasən Rəşad Əhmədov dekabrın 11-də Adil Qarayevlə birlikdə sonuncunun idarə etdiyi "VAZ-21093" markalı avtomobillə Yardımlı rayonunun ərazisində, Masallı-Yardımlı avtomobil yolunun kənarında olan "Masallı 40 km" sözləri yazılmış lövhənin yaxınlığına gəliblər.
Onlar orada gizlədilən 4952,9 qram olan tiryəki götürüblər və yenidən Bərdə şəhəri istiqamətinə qayıdıblar.
Həmin gün Rəşad Əhmədovla Adil Qarayev Cəlilabad rayonu ərazisində Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb. Avtomobilə keçirilən baxış zamanı narkotik aşkar edilərək götürülüb.
İstintaq sənədlərində daha sonra qeyd olunur ki, Rəşad Əhmədov, Adil Qarayev, Xəyyam Qasımov və digərlərinin 4599,2 qram narkotik vasitə olan tiryəki gizli Ukraynaya keçirilməsi barədə Dneprpetrovsk-Göyçay marşrutu ilə sərnişin daşıyan Vidadi İsayevlə 2014-cü ilin son aylarında ümumi razılığa gəliblər. Sonra Xəyyam Qasımov qanunsuz olaraq əldə edərək saxladığı tiryəki 31 yanvar 2015-ci il tarixdə, saat 18.00-da Göyçay rayonunda Vidadi İsayevə təhvil verib.
Vidadi İsayev narkotik vasitəni idarə etdiyi "Mercedes Vita" markalı avtomobilinin ehtiyat təkərinin içərisində gizlədib və qaçaqmalçılıq yolu ilə Ukrayna ərazisinə keçirmək istəyib. Bu məqsədilə o, 2 fevral 2015-ci il tarixdə idarə etdiyi avtomobildə Qazax rayonu istiqamətində hərəkət edərkən Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən, təkrar, külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma), 206.3.1, 206.3.2-ci (təkrar, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq törətmək), 29, 206.3.1, 29, 206.3.2-ci (təkrar, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq törətməyə cəhd) maddələri ilə ittiham ediliblər.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vidadi İsayev 9 il 6 ay, Xəyyam Qasımov 12 il, Rəşad Əhmədov və Adil Qarayev 11 il müddətinə azadlıqdan məhrum ediliblər.
Hökmdən narazı qalan Vidadi İsayev və Xəyyam Qasımov apelyasiya şikayəti veriblər. Rəşad Əhmədov və Adil Qarayev apelyasiya şikayəti vermədiyi üçün apelyasiya instansiyasında ancaq Vidadi İsayev və Xəyyam Qasımova aid hissədə cinayət işi araşdırılıb.
Vidadi İsayev və Xəyyam Qasımovun şikayəti baxılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Elşad Bayramovun sədrlik etdiyi kollegiyada araşdırılıb.
Apelyasiya şikayətlərini araşdıran hakim kollegiyası sonda qərar elan edib. Qərara görə, təqsirləndirilən şəxslərin apelyasiya şikayətləri təmin edilməyib.
Hacı Zeynalov