6 Fevral 2016 21:59
623
12 Punto 14 Punto 16 Punto 18 Punto

Samux rayon sakini, 1979-cu il təvəllüdlü Eldəniz Bayramov və Hafiz Bayramovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. İttihama görə, Eldəniz Bayramov 26 fevral 2014-cü ildə, saat 22:30-da Samux rayonu, Qırmızı Samux qəsəbəsi yaxınlığındakı Mingəçevir gölünün kənarında yerləşən Samux “Balıqçılıq” ASC-yə məxsus balıq vətəgəsinin balıqçıları üçün nəzərdə tutulmuş istirahət otağında balıqçı Sadiq Hüseynov ilə mübahisə edib. Eldəniz Bayramov Sadiqin ona balıq saxlamamasını bəhanə edib və ayağı ilə onu vurub. Həmin vaxt Hafiz Bayramov da Sadiq Hüseynovu döyüb.

İstintaq orqanı Eldəniz Bayramovu Cinayət Məcəlləsinin 127.2.3-cü (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham edib. Hafiz Bayramov isə Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə ittiham olunub. Cinayət işi üzrə toplanmış material baxılması üçün Samux Rayon Məhkəməsinə göndərilib.

İşə baxan hakim sonda Eldəniz Bayramovun ittiham olunduğu Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsini həmin məcəllənin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsinə tövsüf edib.

Məhkəmənin hökmü ilə Eldəniz Bayramov 1 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. Digər təqsirləndirilən Hafiz Bayramovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib və ona şərti cəza təyin olunub.

Hökmdən narazı qalan Baş Prokurorluq apelyasiya protesti verərək, təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılmasını istəyib. Prokurorluq Eldəniz Bayramovu Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə ittiham olunmasını və həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəza növü ilə cəzalandırılmasını tələb edib. Eldəniz Bayramov da apelyasiya şikayəti verərək, işinə yenidən baxılmasını istəyib. Hafiz Bayramovun barəsində isə hər hansı bir şikayət verilməyib.

Hər iki tərəfin şikayəti araşdırılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilib. Apelyasiya şikayəti hakim Fikrət Əliyevin sədrlik etdiyi kollegiyada araşdırılıb.

Eldəniz Bayramov ifadəsində göstərib ki, ailəsi ilə birlikdə Samux rayonu, Qırmızı Samux qəsəbəsində yaşayır: “Əmim Hafiz Kür çayının kənarında olan yataqlarda çobanlıq edir. Əmimin yanına gedərkən, orada Mingəçevir şəhər sakini, balıq vətəgəsində balıqçı işləyən Sadiq Hüseynov ilə tanış oldum. 26 fevral 2014-cü il tarixdə, əslən kəndimizdən olan, lakin faktiki olaraq Gəncə şəhərində yaşayan tanışım Asim Aslanov kəndə işləməyə gəlmişdi. Asimə zəng vuraraq işdən sonra onu balıq yeməyə dəvət etdim. Asim ilə danışaraq razılaşdıqdan sonra Hafiz Bayramova zəng vurdum və Sadiqgilə bizə yaxşı balıq saxlamalarını tapşırmasını xahiş etdim”.

“Balıqların xırda olmasını görərək...”

Təqsirləndirilən şəxsin sözlərinə görə, həmin günü axşam o, Asim və Asimin xalası oğlu Rəşad ilə birlikdə, onlara məxsus olan “Niva” markalı avtomobillə balıqçıların yanına balıq yeməyə gediblər: “Ora çatanda balıqçı Sadiq Hüseynovun olacağı yerə keçdik. Orada milliyətcə rus olan Pavlik var idi, digər iki nəfər şəxsi isə tanımamışam. Biz otağa keçdik və onlarla birlikdə yemək yeməyə başladıq. Bişirilən balıqların xırda olmasını görərək buna təəccüb etdim və Sadiqdən Hafizin bizə iri balıq saxlamaları barədə xəbər verib-verməməsini soruşdum. Sadiq isə Hafizin bu barədə ona heç nə demədiyini bildirdi. Bir qədər sonra yanımıza Hafiz gələrək kəndə gedəcəyini dedi və ayaq üstü 100 qram araq içdi. Hafizə mağazaya gedəndə toyuq əti və araq almasını xahiş etdim, balığın bizə azlıq edəcəyini dedim. Təxminən 2-3 saat keçəndən sonra Hafiz geri qayıtdı, özü ilə sifariş etdiklərimi də almışdı. Bir müddət keçəndən sonra Pavlik içib kefləndiyi üçün Sadiq onu otaqdan çıxartdı. Saat təxminən 22, 23 radələrində biz yemək yeyən zaman Hafiz Sadiqdən nəyə görə balıq saxlamamasını soruşdu. Sadiq Hafizin ona heç nə demədiyini bildirdi və hətta bununla bağlı ”var-yox" söyüşü də etdi. Bundan əsəbiləşən Hafiz masa üstündən götürdüyü şüşə qabla Sadiqin baş nahiyəsindən zərbə endirdi. Hafizin bu hərəkəti mənə pis təsir etdi. Buna görə də Hafiz ilə mübahisə etdim, onu otaqdan çıxartdım. Bu zaman Sadiq harasa getmişdi. Mən də Asim və Rəşad ilə birlikdə kəndə qayıtdım. Orada həmin vaxtı Sadiqi ayağım ilə vurmamışam və Sadiqə heç bir xəsarət yetirməmişəm".

Eldəniz Bayramov çıxışının sonunda hökmdən narazı olduğunu deyib. O, bildirib ki, üç uşaq atasıdır. Himayəsində yaşlı anası ilə birgə beş nəfərlik ailə üzvünün olmasının nəzərə alınmasını hakimlərdən xahiş edib.

Az balıq saxladığı üçün...

Zərərçəkmiş Sadiq Hüseynovun sözlərinə görə, ailəsi ilə birlikdə Mingəçevir şəhərində yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, ailəsini dolandırmaq üçün Samux rayonu ərazisində Mingəçevir gölünün yaxınlığında balıq vətəgəsində balıqçılıqla məşğul olur: “Samux rayon sakinləri Hafiz Bayramovu və Eldəniz Bayramovu 2013-cü ilin sentyabr ayından tanıyıram. Onlarla düşmənçilik və ədavətim yoxdur. ”Piri" ləqəbi ilə çağırılan Hafiz Bayramov işlədiyim vətəgədən bir qədər aralıda yataqda çoban işləyir və adətən orada qalır. Bir neçə gün idi ki, Nadolinski Pavel Alekseyeviçi işləmək üçün öz yanıma götürmüşdüm".

Sadiq Hüseynov qeyd edib ki, fevralın 26-da, günortaüstü Eldəniz “Niva” markalı avtomobillə iki nəfər şəxslə birlikdə onun yanına qonaq gəlib: “Eldənizlə gələn şəxslərdən birinin adı Asim idi, o, həkim işləyir. Digərinin adı isə Rəşad idi, o, Asimin qohumu idi. Hamı bir yerdə yemək yeməyə oturdu. Mən də qonaqlara süfrə açdım. Pavlikdə onların yanında idi. Həmçinin yemək yeyən zaman qohumum Vidadi də oradaydı. Aradan bir müddət keçəndən sonra Hafiz yanımıza gəldi. Biz Hafizi süfrə arxasına dəvət etsək də, o, yemək yeməyə vaxtı olmadığını və kəndə bazarlıq etməyə gedəcəyini bildirdi. Hafiz ayaq üstü 100 qram araq içəndən sonra getdi. Hafiz gedən zaman xahiş etdi ki, mağazadan ona siqaret alsın. Bir az sonra Vidadi də getdi. Sonra Hafiz geri qayıtdı. Hafiz özü ilə toyuq əti alıb gətirmişdi. Biz yenidən yeyib-içməyə başladıq. Pavlik kefləndiyi üçün onu otaqdan çıxardım və yatmağa göndərdim. Eyni zamanda, Rəşad bildirdi ki, gedib avtomaşında bir az dincələcəkdir. Onlar gedəndən sonra otaqda mən, Eldəniz, Asim və Hafiz qaldıq. Yemək yeyən zaman Eldəniz narazılığını bildirərək dedi ki, nəyə görə az balıq saxlamısan? Buna cavab olaraq dedim ki, mənə heç kim qonaq olacağını xəbər verməyib”.

“Söyüşü Hafiz düzgün başa düşmədi”

Zərərçəkmişin sözlərinə görə, bu zaman Hafiz guya ona balıq saxlamaq barədə xəbərdarlıq etməsini diqqətə çatdırıb: “Mən isə Hafizə belə bir söz demədiyini irad tutdum. Hətta öz ünvanıma söyüş etdim ki, mənə belə bir söz deyilməyib. Etdiyim söyüşü Hafiz düzgün başa düşmədi və masanın üstündən götürdüyü şüşə qabla başımdan vurdu. Hafiz məni vuranda çarpayıda oturmuşdum. Ayağa qalxmaq istədim. Elə bu zaman Eldəniz təpiklə sağ qolumdan vurdu. Görəndə ki, onlar məni döyə bilərlər, otaqdan qaçdım. Qaça-qaça telefonu götürərək vətəgənin sahibinə zəng etmək istədim. Bu zaman ayağım ilişdiyi üçün yerə yıxıldım. Lakin yerə yıxılan zaman heç bir bədən xəsarəti almamışam. Elə bir hündür yerdən yıxılmamışam. Yıxılanda yalnız telefonumu itirmişəm. Geri qayıdanda artıq orada heç kimin olmayıb, yalnız Pavlikin gəldiyini gördüm. Pavlik mənim yaralı olduğumu gördü və nə baş verdiyini soruşdu. Pavlikə Hafiz ilə Eldənizin məni döydüyünü bildirdim”.

Dövlət ittihamçısı Nəsif Nəcəfov bildirib ki, Eldəniz Bayramov Sadiq Hüseynovu heç bir səbəb olmadan vurub: “Məhkəmə tədqiq olunmuş mötəbər sübutları düzgün qiymətləndirməyərək Eldəniz Bayramovun əməlini Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsindən həmin məcəllənin 127.1-ci maddəsinə tövsif edib. Belə olan halda məhkəmə işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlib. İbtidai istintaqda olduğu kimi, məhkəmədə tədqiq edilmiş sübutlarla Eldəniz Bayramovun ittiham olunduğu Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməsi tam təsdiq olunub. İş üzrə ibtidai və məhkəmə istintaqı zamanı Eldəniz Bayramov törətdiyi cinayət əməlini etiraf etməyib. Məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində göstərib ki, Eldəniz Bayramovun əməli düzgün olmayaraq ibtidai araşdırma orqanı tərəfindən CM-nin 127.2.3-cü maddəsi ilə tövsif edilib. Məhkəmənin qənaətinə görə ibtidai araşdırma orqanı bu nəticəyə gələrkən tədqiq edilmiş sübutları müqayisəli şəkildə qiymətləndirmədən, tərəflər arasında baş vermiş mübahisənin, münaqişənin şəxsi münasibətlər zəminində baş verməsi bütün sübutlarla təsdiq olunub”.

Tərəfləri dinləyən hakim heyəti sonda qərar elan edib. Qərara görə, həm prokurorluğun protesti, həm də təqsirləndirilən şəxsin apelyasiya şikayəti təmin edilməyib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər