26 Fevral 2016 14:09
881
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məhkəmə dələduzluqda ittiham olunan sabiq məmura 4 il cəza kəsdi

Şirvan Apelyasiya Məhkəməsində dələduzluqda ittiham olunan Lerik rayon sakini Nəbi Qasımovun cinayət işi üzrə proses başa çatıb.

1959-cu il təvəllüdlü Nəbi Qasımov 2011-ci ilin avqust ayında Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən poçtun qarşısında yalançı vədlər verərək Tərlan Məmmədovu aldadıb. O, Tərlan Məmmədova bacısı Arzu Əliyeva və həyat yoldaşı Vəfa Əsədovanı rəisi işlədiyi Biləsuvar rayonu Əsgərabad kəndində Bitki Mühafizə Mərkəzinə işə götürəcəyini söyləyib. Bunun müqabilində Tərlan Məmmədovdan 5500 manat alıb.

Nəbi Qasımov verdiyi vədlərə əməl etməyib. 2011-ci ilin axırlarında yaşadığı evdə Arzu Əliyevanın guya 12 avqust 1997-ci il tarixdən 23 noyabr 2005-ci il tarixə qədər, Vəfa Əsədovanın isə guya 21 dekabr 1993-cü ildən 7 oktyabr 2003-cü ilə qədər Bitki Mühafizə Stansiyası Biləsuvar Bioloji laboratoriyasında texnik işləmələri barədə iki əmək kitabçasına saxta qeydlər yazaraq imzalayıb.

Nəbi Qasımov Cinayət Məcəlləsinin 178.2.3-cü (dələduzluq, qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 178.2.4-cü (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham edilib.

İş əvəzinə əmək kitabçası

Biləsuvar Rayon Məhkəməsinin hökmü ilə Nəbi Qasımov 2 il dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququnu itirməklə 4 il azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Nəbi Qasımov apelyasiya şikayəti verib, cəzasının yüngülləşdirilməsini istəyib. Şikayət Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Apelyasiya şikayəti hakim Ələsgər Novruzovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Zərərçəkmiş şəxs və mülki iddiaçı qismində ifadə verən Tərlan Məmmədov bildirib ki, Nəbi Qasımovla uzun illər əvvəl tanış olub: “Bir dəfə mənə dedi ki, Bioloji laboratoriyada iki nəfər iş yeri boşalıb, bildirdim ki, arvadım və bacım işsizdir, onlara həmin yerdə bir iş vermək lazımdır. O, həyat yoldaşım Vəfa Əsədova və bacım Arzu Əliyevanın müdiri olduğu Bioloji laboratoriyada işlə təmin edəcəyinə söz verdi, bunun müqabilində 6000 manat istədi. Sonra 5500 manata razılaşdıq”.

Zərərçəkmişin sözlərinə görə, Nəbi Qasımova təxminən 2011-ci ilin avqust ayında 5500 manat verib: “Bir neçə gün sonra Nəbi Qasımovla görüşəndə soruşdum ki, həyat yoldaşım və bacım nə vaxt işə çıxacaq, nə vaxtdan əmək haqqı alacaqlar? Cavab verdi ki, ali təhsilləri olmadığına görə onları işlə təmin etmək mümkün deyil. Lakin onların adına müdir işlədiyi Bioloji laboratoriyada əmək kitabçası yazaraq verəcək.

Nəbi Qasımova əmək kitabçaları saxtadırsa, verməməsini istədim, pulu geri qaytarmağı xahiş elədim. Ancaq o dedi ki, əmək kitabçaları qanuni əsaslı olacaq. Ona inandım, əmək kitabçalarını hazırlayaraq mənə verməsini gözlədim".

“Polisə şikayət edəcəyimi bildirmişəm”

Tərlan Məmmədov qeyd edib ki, 2011-ci ilin axırlarında Nəbi Qasımov ona iki əmək kitabçası verib: “Həmin əmək kitabçasının birinin içində qeyd olunub ki, həyat yoldaşım Vəfa Əsədova 21 dekabr 1993-cü ildən 7 oktyabr 2003-cü ilə qədər Bioloji laboratoriyada texnik işləyib. Digər əmək kitabçasında da fərqli tarixlərlə eyni şey qeyd olunmuşdu. Guya bacım Arzu Əliyeva 12 avqust 1997-ci il tarixdən 23 noyabr 2005-ci ilə qədər həmin laboratoriyada texnik işləyib. Həmin əmək kitabçalarını Nəbi Qasımovdan alanda bir daha bildirdim ki, əmək kitabçaları saxtadırsa, onları mənə verməsin. Lakin Nəbi Qasımov dedi ki, əmək kitabçaları saxta deyil”.

Zərərçəkmiş daha sonra ifadəsində əlavə edib ki, 2014-cü ilin iyun ayında həmin əmək kitabçalarını götürərək, Dövlət Sosial Müdafiə Fondunun Biləsuvar rayon şöbəsinə gedib: “Orada mənə bildirdilər ki, həmin əmək kitabçaları saxtadır. Telefon əlaqəsi saxlayaraq Nəbi Qasımova dedim ki, mənə vermiş olduğun əmək kitabçaları saxtadır, pulumu qaytar.

Nəbi ilə 2014-cü ilin avqust ayında Bakı şəhərində, “20 Yanvar” metrosunun üstündə oğlu İlqar Qasımovla birlikdə görüşdük. Mənə 1000 manat verdi, qalan 4500 manatı isə 3 ay müddətinə qaytaracağını söylədi. Nəbi Qasımovla 5-6 dəfə telefon əlaqəsi saxladım, and içdi ki, verməli olduğu 4500 manatın yarısını 2014-cü ilin noyabr ayında qaytaracaq. Dəfələrlə verdiyi saxta əmək kitabçasını məndən istəsə də, vermədim. Dəfələrlə pulumu qaytarmadığı təqdirdə ondan polisə şikayət edəcəyimi də bildirdim".

Tərlan Məmmədovun sözlərinə görə, 2014-cü ilin noyabrında Nəbi Qasımovdan səs çıxmayıb, təxminən 23-24 noyabrda mobil telefonla əlaqə saxlayıb. Nəbi onunla noyabrın 25-də Bakı şəhərində, Qara Qarayev metrosunun yanına görüş təyin edib: “Həmin gün saat 15 radələrində görüşməliydik, 4500 manatın yarısını mənə verəcəkdi”.

“Mənə mesaj göndərdi”

Zərərçəkmiş qeyd edib ki, noyabrın 25-də səhər vaxtı Biləsuvar şəhərində “Azpetrol” yanacaq doldurma məntəqəsinin yanındakı yol ayırıcından taksi ilə Bakı şəhərinə gedib: “Qaradağ rayonunda olan polis postuna çatanda Nəbi Qasımov mənə zəng vurdu və soruşdu ki, Biləsuvar rayonundan çıxmışam, ya yox. Artıq Qaradağ rayonunda olduğumu bildirdim. Dedi ki, işlə əlaqədar Quba rayonuna göndəriblər, mənimlə axşam görüşəcək.

Bakı şəhərinə çatdım, Nəbinin zəngini gözləməyə başladım. Ancaq o, mənimlə telefon əlaqəsi saxlamadı. Gecəni Bakı şəhərində dostum Sahibin evində qaldım. Səhəri Biləsuvar rayonuna qayıtdım. Həmin gündən etibarən Nəbi Qasımovla telefon əlaqəsi yarada bilmədim. Dekabrın 3-də mobil telefonuma mesaj göndərdi ki, sənə pulu 4-cü gün göndərəcəm. Təkrar ona zəng vurmaq istədim, amma telefonu artıq söndürmüşdü. O, dəfələrlə pulumu qaytaracağını deyərək məni aldadıb".

Nəbi Qasımovun dəymiş ziyanı ödəmədiyini vurğulayan zərərçəkmiş əlavə edib ki, onların arasında barışıq da olmayıb. O, hakimlərdən Nəbi Qasımovun barəsində xüsusi qərar çıxarılmasını və pulunu geri qaytarılması üçün mülki iddianın təmin edilməsini istəyib.

Nəbi Qasımov irəli sürülmüş ittiham üzrə qismən özünü təqsirli bilib və həqiqətən əmək kitabçalarını saxtalaşdırdığını söyləyib: “Lakin heç kimdən bunun müqabilində pul almamışam. Mənə qarşı irəli sürülmüş mülki iddia tamamilə əsassızdır”.

Nəbi Qasımov barəsində verilmiş mülki iddianın rədd edilməsini, həmçinin bəraət hökmünün çıxarılmasını istəyib.

Dövlət ittihamçısı Səyavuş Sadıqov Nəbi Qasımovun apelyasiya şikayətinin dəlillərinin əsassız olduğunu, onun əməllərinin Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə düzgün tövsif olunduğunu bildirib. Qeyd edib ki, Nəbi Qasımova cəza təyin edilərkən Cinayət Məcəlləsində nəzərdə tutulmuş və həmin məcəllədə göstərilməyən cəzanı yüngülləşdirən halları, şəxsiyyəti, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi, cəzanın ailəsinə təsirinin kifayət qədər nəzərə alınıb.

Dövlət ittihamçısı birinci instansiya məhkəməsinin hökmünün ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığını deyib.

Tərəflərin fikirlərini öyrənən hakim heyəti sonda qərar elan edib. Nəbi Qasımovun cəzasının yüngülləşdirilməsi ilə bağlı apelyasiya şikayəti təmin edilməyib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər