Göyçay rayon sakini, 1996-cı il təvəllüdlü Cavad Qafarovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
İttihama görə, Cavad Qafarov ötən il fevralın 6-da, saat 17 radələrində Göyçay rayon polis şöbəsinin inzibati binasının həyətində xuliqanlıq edib.
O, həmin vaxt polis şöbəsinin inzibati binasına daxil olub. Göyçay rayon polis şöbəsinin 1 saylı postunda xidmət aparan İlqar İbrahimov hərəkətləri ilə bağlı ona irad tutub. Cavad Qafarov İlqar İbrahimovu nalayiq söyüşlərlə söyüb təhqir edib. Onun xidməti geyimi olan gödəkçəsini cırıb. Polis əməkdaşı xəsarət alıb.
Cavad Qafarov Cinayət Məcəlləsinin 221.2.2-ci (xuliqanlıq, ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə) maddəsi ilə ittiham edilib.
Göyçay Rayon Məhkəməsinin hökmü ilə Cavad Qafarov 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. İstintaq və məhkəmə araşdırması zamanı zamində olan Cavad Qafarov barəsində həbs qətimkan tədbiri seçilib və o, məhkəmə zalından həbs edilib.
Hökmdən narazı qalan Cavad Qafarov apelyasiya şikayəti verib. O, şikayətində barəsində həbs olmayan cəzanın verilməsini istəyib. Şikayət araşdırılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib.
"Polis mənə əl atdı"
Təqsirləndirilən şəxs qismində ifadə verən Cavad Qafarov ibtidai istintaq orqanı tərəfindən elan olunmuş ittihamla özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, ailə üzvləri ilə birlikdə Göyçay rayonunun Potu kəndində yaşayır: "Fevralın 6-da, saat 16 radələrində "Vüsal" marketin qarşısında dayanmışdım. Həmin vaxt ora əmim oğlu Tərlan Qafarov və həmkəndlim Asif Kərimov gəldilər. Orada söhbətləşərkən Tərlan polislərin qohumumuz Nazim Abbasovu şöbəyə apardıqlarını dedi. Nazimin polis şöbəsinə nə səbəbə aparıldığını öyrənmək və ona siqaret vermək üçün Tərlan və Asiflə polis şöbəsinə tərəf getdik.
Postda dayanan polisin bizi içəri buraxmayacağını fikirləşib, qapıda duran polis əməkdaşına pasport bölməsinə gəldiyimizi dedik, inzibati binaya daxil olduq. İkinci mərtəbəyə qalxsaq da, Nazim Abbasovla görüşə bilmədik. Aldığımız siqaretləri çatdıra bilmədik, oranı tərk edərək şöbədən çıxdıq".
Təqsirləndirilən şəxsin sözlərinə görə, qapıdan çıxanda polis əməkdaşı İlqar İbrahimov onları geriyə çağırıb: "O, Tərlana irad tutdu ki, məni niyə aldatdız, sizə görə mənə söz gəldi. Polis əməkdaşı ilə aramızda təxminən 15-20 dəqiqə sürən mübahisə baş verdi. Hadisə zamanı İlqar İbrahimov mənə əl atdı. Ona dedim, məndən əlini çək. Özümü müdafiə edərkən əlim İlqarın ağzına dəydi. Polislər məni növbətçi hissəyə apardılar, orada döydülər".
"Atam ömürlük, anam isə 2-ci qrup əlildir"
Cavad Qafarov qeyd edib ki, bir gün polis şöbəsində saxlanılıb, sonra rayon prokurorluğuna aparılıb, ondan iltizam alınaraq evə buraxılıb: "Əvvəllər müəyyən psixoloji problemlərim olsa da, müalicə almışam. Hazırda haqqımda hər hansı bir məhkəmə-psixiatriya ekspertizasının keçirilməsinə zərurət görmürəm. Əməlimə görə səmimi peşmançılıq hissi keçirirəm".
Təqsirləndirilən şəxs bildirib ki, atası ömürlük 1-ci qrup, anası isə 2-ci qrup əlildir: "Ailədə yeganə qazanc gətirən şəxsəm. Digər tərəfdən özüm də xəstəyəm. Xidmət üçün yararsız olduğumdan həqiqi hərbi xidmət keçməmişəm. Ona görə barəmdə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi həm səhhətimə, həm də ailəmin həyat şəraitinə mənfi təsir göstərəcək. Buna görə də apelyasiya şikayətimin təmin edilməsini xahiş edirəm".
"Dedi ki, başınıza oyun açacağam"
Zərərçəkmiş şəxs qismində ifadə verən İlqar İbrahimov bildirib ki, 2014-cü ilin dekabr ayından Göyçay rayon polis şöbəsinin post patrul xidmətində kiçik serjant vəzifəsində işləyir: "Cavad Qafarovu hadisədən sonra tanımışam. Həftədə bir dəfə Göyçay rayon polis şöbəsinin inzibati binasının qarşısında olan 1 saylı posta növbəyə çıxıram. Qalan vaxtlarda isə polis şöbəsinə məxsus müxtəlif postlarda xidmət aparıram.
Fevralın 6-da saat 9:00-dan 17:00-dək polis şöbəsinin inzibati binasının qarşısındakı 1 saylı postda növbədə olmuşam. Saat 16 radələrində sonradan tanıdığım Cavad Qafarov, Tərlan Qafarov və Asif Kərimov mənə yaxınlaşaraq, şəxsiyyət vəsiqəsi və qeydiyyat bölməsinə keçmək istədiklərini bildirdilər. Həmin bölməyə vətəndaşlar gözləmədən keçdikləri üçün onların getməsinə icazə verdim.
Bir neçə dəqiqə sonra Göyçay rayon polis şöbəsinin inzibati təhlükəsizlik bölməsinin rəisi Qiyas Behbudov postdakı daxili telefona zəng vurdu və mənə 3 nəfərin icazə almadan otağa girdiyini, bir daha onun icazəsi olmadan kimisə yanına buraxmamağı tapşırdı, icazəsiz adam buraxdığıma görə mənə irad tutdu. Həmin şəxslər şöbənin inzibati binasından çıxanda onlara yaxınlaşdım, nə üçün məni aldadıb içəri daxil olduqlarını, icazəsiz içəri adam buraxdığına görə mənə söz gəldiyini dedim. Cavad Qafarov cavab verdi ki, siz qudurmusunuz, indi görün, sizin başınıza oyun açacağam".
"Boynuma və sol əlimə cırmaq atdı"
Zərərçəkmişin sözlərinə görə, Cavadı intizamlı olmağa dəvət edib, ancaq təhqirlə üzləşib: "Onun qolundan tutaraq növbətçinin yanına aparmaq istədim. Bu zaman Cavad yumruqla ağzımdan vurdu, mənə müqavimət göstərdi. Sonra mənə bir neçə dəfə yumruq və təpik atdı. Əynimdəki polis qış gödəkçəsini cırdı, boynumu və sol əlimi cırmaqladı. Bu vaxt növbəyə çıxmaq üçün düzülüşə gələn polis serjantları Toğrul İbrahimov, Asif İmaməliyev və kiçik polis serjantı Asif Nəsirov Cavad Qafarovun mənə zor tətbiq etdiyini gördülər, köməyə gəldilər.
Bundan sonra Cavadı polis əməkdaşlarının köməyi ilə şöbənin növbətçi hissəsinə apardıq. Baş verən hadisə təxminən 30 dəqiqə davam edib, küçədən polis şöbəsinin həyəti açıq-aydın göründüyündən Cavadın saldığı səs-küy, etdiyi hərəkətlər kənar şəxslərin diqqətini cəlb edib, şöbənin qarşısındakı həyətə xeyli polis əməkdaşı yığılıb.
Cavad Qafarovu polis şöbəsinin növbətçi hissəsinə gətirərək, hissənin məsul növbətçisi, mayor Şahmalı Mustafayev təhvil verdik. Şahmalı Mustafayev bir müddət sonra onu sakitləşdirdi".
Cavad Qafarovun vəkili Nəvaid Abbasov apelyasiya şikayətinin dəlillərinə uyğun olaraq çıxış edib. O, bildirib ki, Göyçay Rayon Məhkəməsinin çıxardığı hökm qərəzlidir. Məhkəmənin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmayıb: "Məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun deyil, məhkəmə tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməyib, tərəflərin həqiqətə uyğun olmayan ziddiyyətli ifadələri və digər sübutlar düzgün qiymətləndirilməyib".
Vəkilin sözlərinə görə, Cavad Qafarova əsassız olaraq Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsində nəzərdə tutulmuş ittiham verilib, təqsirli olmasını sübut edən heç bir mötəbər sübut olmayıb, qərəzli, saxta sübutlarla təqsirləndirilib: "Cavad Qafarovun əməlində cinayət tərkibi olmadığı qərara alınıb, barəsində inzibati xəta törədilməsinə dair protokol tərtib edilərək tənbeh edilib. Cavad Qafarovun qohumlarının onun döyülməsi və ondan rüşvət istəmələri haqqında şikayət ərizəsi əsasında 3 nəfər yüksək rütbəli polis əməkdaşı intizam məsuliyyətinə cəlb ediliblər. Bundan sonra polis qərəzli olaraq cinayət işinin başlanması haqqında qərarı ləğv edərək uydurma motivlə şəxsi məsuliyyətə cəlb edərək məhkəmə məsuliyyətinə verib".
Dövlət ittihamçısı Vidadi Cabbarov müdafiə tərəfinin apelyasiya şikayətini əsassız hesab edib.
Tərəfləri dinləyən hakim kollegiyası sonda qərar elan edib. Cavad Qafarovun apelyasiya şikayəti qismən təmin edilib.
Yeni hökmə əsasən, Cavad Qafarovun aylıq qazancından 20 faiz dövlət nəfinə pul tutulmaqla 1 il 4 ay 15 gün müddətə islah işləri cəzasına məhkum olunub. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və məhkəmə zalından azadlığa buraxılıb.
Hacı Zeynalov