Oğurluqda təqsirli bilinən Rusiyanın Moskva şəhərində anadan olmuş 1995-ci il təvəllüdlü Nahid Soltanovun cinayət işi üzrə proses başa çatıb.
Qeyd edək ki, Nahid Soltanov gənc olmasına baxmayaraq, bundan əvvəl də məhkumluq həyatı yaşayıb. O, ilk dəfə 17 yaşında məhkəmə qarşısına çıxarılıb. 2013-cü ildə Mingəçevir Şəhər Məhkəməsinin hökmü ilə 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü (oğurluq) maddələri ilə təqsirli bilinib və 400 manat miqdarında cərimə olunub.
Nahid Soltanov məhkəmənin qərarı ilə təyin edilmiş cərimə cəzasını ödəyəndən sonra yenidən oğurluq edib. 2014-cü ildə yenidən oğurluq etdiyi üçün Mingəçevir Şəhər Məhkəməsinin hökmü ilə 1300 manat miqdarında cərimələnib.
Nahid Soltanovun gənc olmasını nəzərə alan hakimlər iki dəfə həbsxanaya göndərməyiblər. Buna baxmayaraq, o, cinayət əməllərini davam etdirib. Əvvəllər tanıdığı Emin Həsənovla Mingəçevir şəhəri, D.Əliyev küçəsi 2 nömrəli binanın qarşısında yerləşən Bəhruz Məmmədovun mağazasından 648 manat dəyərində siqaret, mobil danışıq kartları oğurlayıblar.
Nahid Soltanov növbəti cinayətini digər tanışı Bəxtiyar Məmmədovla birlikdə törədib. Onlar Mingəçevir şəhəri, A.Məmmədov küçəsində Vüsal Quliyevə məxsus "İbrahim" sahibkar mağazasından 2269 manat dəyərində siqaret və danışıq kartları aparıblar.
Daha sonra Nahid Soltanov Mingəçevir şəhər sakinləri - Aruza Qurbanovanın mağazasından 490 manat dəyərində siqaret və danışıq kartları oğurlayıb.
Başqa bir cinayət... Nahid Soltanov Bəxtiyar Məmmədovla 1 noyabr 2014-cü il tarixdə, gecə saat 2.30 radələrində Mingəçevir şəhəri H.Əliyev prospektində yerləşən 72 saylı yaşayış binasının qarşısına gəliblər. Əvvəlcədən aralarında olan razılığa əsasən Bəxtiyar Məmmədov binanın blok hissəsində pusquda dayanaraq gözləyıb, Nahid Soltanov isə 2-ci blokun 1-ci mərtəbəsində yerləşən Günəş Səmədovanın yaşadığı 20 saylı mənzilə yaxınlaşıb.
Özü ilə götürdüyü dəmir parçası ilə mənzilin həyət hissədən olan eyvanının qarşısındakı qapıda asma qıfılı qırıb və içəri daxil olub. Nahid Soltanov evdən bir ədəd Koreya istehsalı olan "Samsung" markalı televizoru oğurlayıb.
Qeyd edək ki, Bəxtiyar Məmmədov və Emin Həsənov Nahid Soltanovdan əvvəl həbs ediliblər. Onlar barəsində məhkəmə ayrıca icraatda hökm çıxarıb. Lakin Nahid Soltanovun yeri müəyyən edilə bilmədiyi üçün istintaq orqanı onun cinayət işini ayrıca icraata götürüb və axtarış elan edilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları Nahid Soltanovu 2015-ci ilin əvvəlində həbs ediblər.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nahid Soltanov 5 il 6 ay azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən apelyasiya şikayəti verib. Şikayətə Şəki Apelyasiya Məhkəməsi baxıb.
"Oğurluq etmədiyimi bildirdim"
Məhkəmədə ifadə verən Nahid Soltanov bildirib ki, 11 may 2015-ci il tarixdə valideynlərinin Bakıda Əhmədli kəndində kirayədə yaşadıqları evdən çıxıb və təxminən saat 13 radələrində yaşadığı Günəşli yaşayış massivinə doğru gedib: "Yolda tanımadığım şəxslər mənə yaxınlaşaraq polis işçisi olduqlarını bildirdilər, onlarla polis şöbəsinə getməyimi təklif etdilər. Etiraz etmədən polislərlə "Priora" markalı avtomobilə əyləşərək Bakıdan Mingəçevir şəhər polis şöbəsinə gəldik.
Mingəçevir şəhər polis şöbəsində mənə məlum oldu ki, şəhərdə baş vermiş oğurluq hadisələri ilə əlaqədar axtarılıram. Orada mənimlə oğurluq hadisələri törədən Bəxtiyar Məmmədovla bağlı sorğu-sual olundum.
Bəxtiyar Məmmədovu Mingəçevir şəhər sakini kimi təxminən iki ilə yaxındır tanıdığımı, lakin heç vaxt onunla oğurluq etmədiyimi, o cümlədən Mingəçevir şəhər sakinləri Vüsak Quliyevə məxsus "Sahibkar" mağazasından və Günəş Səmədovanın yaşadığı mənzilindən Bəxtiyarla oğurluq etmədiyimi bildirdim".
"Əvvəllər məhkumluğum olub"
Təqsirləndirilən şəxsin sözlərinə görə, oktyabrın 26-da "İbrahim" adlı mağazadan birgə oğurluq barədə Bəxtiyar Məmmədova heç bir təklif etməyib: "O cümlədən 1 noyabr 2014-cü il tarixdə, gecə saat 2.30 radələrində Mingəçevir şəhəri H.Əliyev prospektindəki mənzildən Bəxtiyar Məmmədovla oğurluq etməmişəm".
Nahid Soltanov qeyd edib ki, Emin Həsənovu təxminən 3-4 ildir tanısa da, onunla da heç vaxt oğurluğa getməyib: "Bəxtiyarın atası kafe işlədib, həmin kafedə tanış olmuşuq. Eminlə uzun müddət dost olmuşam. Aramızda xırda mübahisələr olsa da, onunla heç bir düşmənçilik və ədavətim yoxdur.
Əvvəllər məhkumluğum olub. Hər iki məhkumluğa görə özüm könüllü polis şöbəsinə gedib təslim olmuşam. Çünki həmin cinayətləri özüm törətmişəm. Lakin hazırkı cinayət işi üzrə mənə verilmiş ittihamda göstərilən oğurluq hadisələrini törətməmişəm, iştirakçı da olmamışam. Bu səbəbdən barəmdə bəraət hökmünün çıxarılmasını xahiş edirəm".
"12 epizod üzrə oğurluq cinayətini tək törətmişəm"
Cinayət işi üzrə şahid qismində dindirilən məhkum Emin Həsənov bildirib ki, Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə Samux Rayon Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli hökmü əsasında 7 il azadlıqdan edilib: "Törətdiyim cinayət əməlini könüllü etiraf etmişəm. Oğurluq etdiyim bütün epizodlarda tək olmuşam. Nahidi çoxdan tanıyıram, yaxın münasibət saxlamışıq, amma oğurluq etdiyim yerlərdə mənimlə olmayıb. 12 epizod üzrə oğurluq cinayətini tək törətmişəm. Hazırda Ədliyyə Nazirliyinin 5 saylı cəza müəssisəsində cəza çəkirəm".
Emin Həsənov istintaqa fərqli ifadə verib. Buna görə onun istintaq ifadəsi məhkəmədə tədqiq olunub.
Emin Həsənov həmin ifadəsində bildirib ki, Nahid Soltanovla birlikdə Mingəçevir şəhərində gəzişirmiş: "İlkin olaraq mənə oğurluq təklifini o verdi və birgə qərara gəldik. Həmin vaxt D.Əliyeva küçəsindəki binanın baş hissəsində sahibkar mağazasını gördük və həmin mağazadan oğurluq etməyi qərarlaşdırdıq.
Nahid mağazaya tərəf getdi. Mən isə mağazanın arxasında dayanıb hər hansı adam gəlsə, ona məlumat verməkçün gözlədim. Nahid mağazanın giriş qapısına yaxınlaşdı, qıfılı sındıraraq içəri daxil oldu. Vitrinin üzərində olan siqaret və danışıq konturlarını torbaya yığaraq bayıra çıxdı. Bundan sonra birlikdə həmin yerdən uzaqlaşdıq".
"Payıma düşən 250 manatı Nahid mənə verdi"
Emin Həsənovun sözlərinə görə, daha sonra Nahidlə birlikdə onun yaşadığı ünvana gediblər, səhərin açılmasını gözləyiblər: "Mağazadan oğurladığımız siqaret və danışıq konturları olan torbanı mənim yaşadığım binanın yaxınlığında, yaşayış binasının zirzəmisində gizlətdik".
Şahid daha sonra ifadəsində bildirib ki, səhəri gün Nahidlə görüşüb və birlikdə Bakı şəhərinə getmək qərarına gəliblər: "Mingəçevirdən Bakıya avtobusla yola düşdük. Oğurluq zamanı əldə etdiyimiz təxminən 400 manat dəyərində siqaret və danışıq kartlarını Bakı şəhərində müxtəlif mağazalara satdıq. Ümumi olaraq 550 manat pul əldə etdikdən sonra Mingəçevirə döndük. Geri qayıtdıqdan sonra həmin pulları aramızda böldük. Payıma düşən 250 manat pulu Nahid mənə verdi. Pulları xərcləmişəm".
Emin Həsənov əlavə edib ki, daha sonra Nahidlə birlikdə N.Nərimanov küçəsi 4 saylı yaşayış binasının qarşısında yerləşən mağazadan oğurluq ediblər. Mağazadan siqaret, danışıq kartları oğurlayıblar: "Nahidlə oğurluq yolu ilə əldə etdiyimiz əşyaları aramızda böldük".
Digər məhkum şahid Bəxtiyar Məmmədov məhkəmədə bildirib ki, Goranboy rayonunda və Mingəçevir şəhərində törətdiyi oğurluq cinayətlərinə görə 2014-cü ildə Mingəçevir Şəhər Məhkəmələrinin hökmü ilə məhkum edilib: "Hazırda Penitensiar Xidmətin 14 saylı cəza müəssisəsində cəza çəkirəm. Nahid Soltanovu çoxdan tanıyıram. Atam Akif "Sevil" kinoteatrının yanında çayxana işlədir. Həbsə qədər həmin çayxanaya gedərək atama kömək etmişəm. Nahid də atamın işlətdiyi çayxanaya gəlib-getdiyi üçün onu tanımışam. Nahidlə çayxanada oturub hal-əhval tutsam da, onunla aramızda sıx münasibət olmayıb. Nahidlə heç vaxt oğurluqla bağlı söhbət etməmişəm. Oğurluğu tək eləmişəm".
Lakin Bəxtiyar Məmmədovun istintaq zamanı verdiyi ifadəsi tədqiq edilib. O, həmin ifadəsində Nahid Soltanovla birlikdə oğurluq cinayətlərini törətdiyini etiraf edib.
Məhkəmə tərəflərin fikirlərini öyrənəndən sonra qərar elan edib. Nahid Soltanovun bəraətlə bağlı apelyasiya şikayəti təmin edilməyib.
Hacı Zeynalov