Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iş adamını qətlə yetirməkdə və digər ağır cinayətlərdə ittiham olunan 17 nəfərlik dini ekstremist dəstə üzvlərinin - Nurəddin Xəlilov, Müşfiq Mikayılov, Rəşad Həşimli, Əhməd Kərimov, Çoşqun Kərimbəyli, Bahadur Məmmədov, Zaur Əliyev, Pərviz Şıxalyev, Rəşad Səfərəliyev, Xəlil Məmmədov, Şakir Məmmədov, Rafiq Bəyimov, Ceyhun Abdullayev, İlqar Musayev, Anar Rzayev, Niyaməddin Xəlilov, Fəxri Şirinzadənin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Teleqraf.com xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçən prosesdə qalmaqal yaşanıb. Təqsirləndirilən şəxslər hakimə etiraz ediblər. Onlar “Biz yalnız Allahın quluyuq” deyərək səs-küy salıblar. Buna baxmayaraq onlar sakitləşdiriliblər.
Daha sonra şahid qismində Xətai rayon ərazisində mühafizəçi çalışmış Bürhan Hacıyev ifadə verib. O, bildirib ki, çalışdığı obyektin kənarında mağazaya basqın olub: “Şüşəni sındırmışdılar, mən gördüm, hüquq-mühafizə orqanlarına məlumat verdim. Mağazanın sahibi tanış idi, zəng eləyib çağırdım”.
Bundan sonra hal şahidi qismində Sərdar Quliyev ifadə verib. O, ifadəsində təqsirləndirilənlərin evində axtarış aparılan zaman orda olduğunu, xeyli silah-sursat aşkarlandığını deyib.
Prosesdə Sumqayıt Polis İdarəsinin əməkdaşları Xankərim Həşimov və Sahib Gülmirzəyev də ifadə verib. Onlar ifadəsi zamanı təqsirləndirilən şəxslərin evlərində axtarış apardıqlarını deyiblər.
Məhkəmə prosesi proses aprelin 25-də davam edəcək.
İttihama əsasən, 2014-cü il noyabrın 24-də Qəbələ şəhər sakini olan iş adamı Vahid Vahabovun yaşadığı evdə meyiti tapılıb. Müəyyən edilib ki, Vahid Vahabovun qonşusu Coşqun Kərimbəyli onun imkanlı şəxs olduğu barədə yaxın dostları, radikal ekstremist yönümlü dini təriqət üzvləri olan əvvəllər məhkum edilən Nurəddin Xəlilov, Müşfıq Mikayılov, Rəşad Həşimli və Əhməd Kərimova məlumat verib.
Onlar külli miqdarda pul və qızıl- zinət əşyalarını ələ keçirmək məqsədilə Vahid Vahabovun evinə basqın ediblər, odlu silahla onu öldürüblər, həyat yoldaşına müxtəlif dərəcəli xəsarətlər yetiriblər.
İstintaq hərəkətləri nəticəsində dəstə üzvlərinin daha bir neçə şəxsin evinə quldurluq yolu ilə basqın etdikləri də məlum olub.
Hacı Zeynalov