Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı bu günlərdə keçirilmiş tədbirlər nəticəsində miqrasiya qanunvericiliyinin tələblərini pozmuş 9 nəfər Banqladeş Xalq Respublikası vətəndaşı saxlanılıb.
Teleqraf.com xəbər verir ki, araşdırma zamanı Banqladeş Xalq Respublikası vətəndaşları Shidda Hamonta və Miah Shobujun Azərbaycan-İran-Türkiyə-Avropa marşurutu ilə qanunsuz miqrasiya kanalı təşkil etməyə çalışdıqları məlum olub.
Belə ki, Shidda Hamonta ölkəmizdə fəaliyyət göstərən müxtəlif şirkətlərdə çalışan Banqladeş vətəndaşlarını qanunsuz olaraq dövlət sərhəddini keçməyə və Azərbaycan-İran-Türkiyə-Avropa marşurutu ilə qanunsuz miqrasiya axınına qoşulmağa sövq etdiyi müəyyən edilib.
Nəticədə Shidda Hamonta tərəfindən ölkəmizdə gəmiqayırma sahəsində fəaliyyət göstərən müxtəlif şirkətlərdə çalışan Banqladeş vətəndaşları MD Masud Sheikh, Hasen, MD Farok Talokder və Raju Mridhanın aldadılaraq qanunsuz miqrasiya kanalına qoşulmaq üçün öz iş yerlərini tərk etdikləri aşkar olunub.
Eyni zamanda qanunsuz miqrasiya kanalının digər təşkilatçılarından olan Miah Shobuj tərəfindən Banqladeş vətəndaşları Tazul İslam, Rasel Mustafa Choudury və Mukhibury Rahmanın aldadılaraq Azərbaycana gətirildikləri müəyyən edilib.
Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş kompleks tədbirlər nəticəsində son 4 ay ərzində Azəraycan Respublikası ərazisindən istifadə etməklə əcnəbilərin qanunsuz yollarla İran-Türkiyə-Avropa marşurutu üzrə miqrasiya kanalını təşkil etməyə cəhd göstərən 3 mütəşəkkil dəstə zərərsizləşririlib.
Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində tədbirlər davam etdirilir.
Hacı Zeynalov