Bərdə rayon sakini, 1990-cı il təvəllüdlü Şikar Kərimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Şikar Kərimov 31 avqust 2014-cü il tarixdə, gecə saat 03.00-da Bərdə rayonunun Mustafaağalı kəndində yerləşən evinə gəlib. Bu vaxt Şikar həyat yoldaşı Arzu Yusifovanın telefonla danışdığını və “Səyyab əmi ayıbdır, Şikar eşidər, pis olar” dediyini eşidib. Arzu onun evə gəldiyini görən kimi telefonu söndürüb.
Arvadını telefonla danışarkən tutdu
Bu zaman Arzunun telefonuna yenə də zəng gəlib. Bu dəfə zəngə Şikar özü cavab verib və Səyyab Cəfərovun “ürəyim, niyə “otboy” verdin” dediyini eşidib.
Bundan sonra Arzu Yusifova bildirib ki, həmin gün Səyyab Cəfərov zəng edib və onun haqqında pis sözlər danışıb, əxlaqsız hərəkətlər təkliflər edib.
Qisas
Bu səbəbdən Şikar Səyyab Cəfərovun arvadına qarşı əxlaqsız hərəkətlər etməsindən şübhələnərək qisas almaq məqsədilə onu öldürmək qərarına gəlib.
Şikar Kərimov telefonla zəng edərək Səyyab Cəfərovun kənddə yerləşən dəyirmanın yanında olduğunu müəyyənləşdirib və həmin yerə gedib.
Baş tutmayan cinayət
Şikar Səyyab Cəfərovun hadisəni izah etmək istəməsinə dair sözlərinə məhəl qoymayaraq, onun boyun və yaxa nahiyəsindən tutub və daha sonra bıçaqla bədənini müxtəlif nahiyələrinə xəsarətlər yetirib. Şikar Kərimov Səyyab Cəfərovun öldüyünü güman edib və hadisə yerindən uzaqlaşıb.
Səyyab Cəfərov orada olan şəxslərin köməkliyi ilə vaxtında xəstəxanaya çatdırıdığı üçün onun həyatını xilas etmək mümkün olub.
9 il cəza
Şikar Kərimov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham edilib. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Şikar Kərimov apelyasiya şikayəti verib. O, barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini istəyib. Şikar Kərimovun apelyasiya şikayəti araşdırılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilib.
“Səyyabın əxlaqsızlıq sözlər danışdığını bildirdi”
Şikar Kərimov ifadəsində də göstərib ki, 2010-cu ilin sonlarında Arzu Yusifova ilə ailə həyatı qurub və 3 övladları var: “Səyyab Cəfərov anamın əmisi oğlu, həm də yaxın dostum olub. Avqustun 31-də, saat 02.00 radələrində Mustafaağalı kəndində həmkəndlilərim ilə birlikdə “toy axşamı”nda iştirak edərək bir şüşə pivə içmişəm. Arvadım Arzu gecə saat 03.00 radələrində zəng edərək Səyyabın mobil telefonla zəng etdiyini, ona əxlaqsız sözlər danışdığını bildirdi”.
“Telefonu götürdüyü üçün əsəbləşdim”
Təqsirləndirilən şəxsin sözlərinə görə, bundan sonra məclisdən duraraq evə gəlib: “Evdə arvadım Arzunun telefonla danışdığını, “Səyyab əmi, Şikar bilsə pis olar, axı sən demişdin, telefonu qayınanama verim. Mənə zəng etmə” dediyini eşitdim. Arzudan zəng edənin kim olduğunu soruşdum. Arzu Səyyabın anama çatdırmaq üçün ona telefon verdiyini, daha sonra həmin nömrəyə zəng edərək ona əxlaqsız təklif etdiyini bildirdi. Səyyabın verdiyi telefonu götürdüyü üçün Arzuya əsəbləşdim.
“Boşanacağı təqdirdə saxlayacağını vəd etdi”
Arzu həmçinin Səyyabın müxtəlif vaxtlarda ona əxlaqsız təkliflər edərək boşanacağı təqdirdə onu daha yaxşı saxlayacağını vəd etdiyini də bildirdi. Arzu hadisəni izah etdiyi vaxt Səyyab həmin telefona yenidən zəng etdi. Zəngə özüm cavab verdim. Telefonu mənim götürməyimdən xəbərsiz olan Səyyab cavab verənin Arzu olduğunu güman edərək, “niyə “otboy” verdin, ürəyim” dedi”.
“Arvadıma əxlaqsız təklif etdiyinə görə Səyyabı vurmağı planlaşdırdım”
Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra Səyyaba zəng edərək onun Mustafaağalı kəndindəki dəyirmanın yanında olduğunu öyrənib: “Gecə saat 03.00 radələrində dəyirmanın yanına gedərək arvadıma əxlaqsız təklif etdiyinə görə Səyyabı vurmağı planlaşdırdım. Dəyirmanın yanına yaxınlaşarkən Səyyab mənə tərəf gələrək, hər şeyi izah edəcəyini bildirdi. Səyyabın yaxasından tutdum. Bu zaman o, arxaya doğru geri çəkildi. Səyyabı dəyirmanın yanındakı obyektin qapısına sıxışdıraraq bıçaqla dalbadal təxminən 5-6 dəfə qarnına və bədəninə bıçaq zərbələri vurdum. Həmin vaxt bir az sərxoş və əsəbi olduğuma görə konkret zərbələrin ardıcıllığını xatırlamamışam”.
“Əxlaqsız hərəkətlərinə görə cəzalandırmaq istəmişəm”
Şikar Kərimov bildirib ki, Səyyabı əxlaqsız hərəkətlərinə görə cəzalandırmaq istəyib: “Amma onu öldürmək niyyətim olmayıb. Səyyabı vurduqdan sonra atama zəng edərək onu bıçaqladığımı bildirdim. Hadisə yerində mənimlə Səyyabdan başqa heç kim olmayıb. Əgər Səyyabı öldürmək fikrim olsaydı, ona daha çox bıçaq zərbələri vurardım”.
Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, təqsirləndirilən şəxsin apelyasiya şikayəti təmin edilməyib.
Hacı Zeynalov