28 Oktyabr 2019 00:13
798
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hökumət üzvlərinin yaşı məsələsi gündəmdədir.

Sosial şəbəkədə nazirlərin, icra başçılarının, şöbə müdirlərinin və s. vəzifəli şəxslərin şəkli və yaşı paylaşılır, istefaya çağırılır.

Fikrimizcə, insanlar ancaq bacarıqsızlığına, vəzifə səlahiyyətinin öhdəsindən gələ bilmədiyinə görə istefaya dəvət edilə bilər.

Amma bu da həqiqətdir ki, ölkəmizdə yaş və vəzifə öhdəliyini yerinə yetirməmə arasında müəyyən uyğunluq mövcuddur.

Əgər yaşlı kadrlar çevik dövlət idarəçiliyində faktiki bəhrə verə bilmirlərsə, özləri istefa ərizələrini yazmalı, gənc kadrların dövlət idarəçiliyində daha ciddi təcrübə qazanmalarına şərait yaratmalıdırlar.

Görünür, dövlət başçısının son islahatları və tələbi də yaşlı kadrların təcrübəsindən daha fərqli sahələrdə istifadə etmək, idarəçiliyi dəyişməkdə olan yeni nəslə ötürməkdir.

Bu həm dövlət idarəçiliyinin, həm də zamanın qarşısıalınmaz bir tələbidir.

***

Azərbaycan Cümhuriyyəti tarixi ilə bağlı müəyyən tədqiqatlar apardığım üçün 1918-ci ildə ilk respublikamız qurularkən idarəçilərin yaş məsələsi marağıma səbəb oldu.

Bu baxımdan dövlətin qurucusuna və ilk hökumət kabinetinin üzvlərinin yaş məsələsinə diqqət etdim.

Beləliklə:
Azərbaycanın istiqlaliyyətini elan edən Milli Şuranın sədri Məhəmmədəmin Rəsulzadə - 34 yaş

Nazirlər Şurasının sədri və daxili işlər naziri Fətəli xan Xoyski – 43 yaş

Hərbi nazir Xosrov bəy Sultanov – 39 yaş

Xarici işlər naziri Məhəmmədhəsən Hacınski – 43 yaş

Maliyyə və xalq maarifi naziri Nəsib bəy Yusifbəyli – 37 yaş

Ədliyyə naziri Xəlil bəy Xasməhəmmədov – 43 yaş

Ticarət və sənaye naziri Məhəmmədyusif Cəfərov – 33 yaş

Əkinçilik və əmək naziri Əkbər ağa Şeyxülislamov – 27 yaş

Yollar, poçt və teleqraf naziri Xudadad bəy Məlikaslanov – 39 yaş

Dövlət nəzarəti naziri Camo bəy Hacınski – 30 yaş

Göründüyü kimi ən yuxarı yaş 43, ən aşağı yaş 27-dir. O dönəm üçün bu yaş dövlət idarəçiliyi təcrübəsi üçün kifayət idi. Növbəti kabinetlərdə 23 yaşlı nazirimiz də olacaqdı.
Deməli, insan təcrübəsinə, bacarığına görə 34 yaşında dövlət də qura bilər, 70 yaşında vəzifəsinin öhdəsindən gəlməyə də bilər. Amma bütün hallarda dövlət idarəçiliyi mütəmadi yenilənməni tələb etdiyi üçün kadrların dəyişilməsi şərtdir.


Müəllif: Dilqəm Əhməd