18 İyun 2014 11:59
786

Futbolla dərindən maraqlanan deyiləm. Ancaq fürsət olduqca Qalatasarayın oyunlarını, xüsusən də “Beşiktaş” və “Fənərbaxça” ilə derbilərini, bir də Çempionlar Liqasındakı yarışmaları, Avropa və dünya kuboku uğrundakı mücadilələri izləməyə çalışıram.

Srağagün qolsuz heç-heçə ilə bitən İran-Nigeriya oyununda isə qonşu dövlətimizin millilərinə azarkeşlik etdim.

Televizor önündə İran yığma komandasının qalib gəlməsini arzulamağım heç də teokratik rejimə sayğı və simpatiyamdan irəli gəlmirdi. Futbolun apolitik olduğu qədər sosial-psixoloji baxımdan siyasətə də zaman-zaman alət olduğunun da fərqindəyəm.

Xüsusən də, SSRİ, İran kimi ideologiyanı əsas alan dövlətlər üçün futboldakı uğurların propoqondaya çevrilməsi adi haldır.

Məşhur Azərbaycan futbolçusu, beynəlxalq arenalarda neçə-neçə oyunda top qovmuş Ələkbər Məmmədovun xatirələri ilə tanış olsanız, bu barədə daha geniş təsəvvürlərə malik ola bilərsiniz.
Bütün bunlara, üstəlik, soydaşımız Kərim Ənsarifərdin meydana çıxmamasına, ehtiyat oyunçular sırasında əyləşdirilməsinə rəğmən, İran yığmasını dəstəklədim.

Çünki siyasi rejim və tərəqqiyə baxış açısından Azərbaycandan nə qədər fərqlənsə də, İran 40 milyondan artıq Azərbaycan türkünün yaşadığı, çalışdığı, ümumi mədəniyyətinə yön verdiyi bir ölkədir.
İran xalqları ilə minillər boyu ortaq tarix, ortaq mədəniyyət, ortaq tale paylaşmışıq.

Braziliyada vurulacaq bir qol rəsmən bugünkü İran dövlətinin adına yazılsa da, sosioloji və kulturoloji baxımdan oradakı hər bir xalqın, o cümlədən biz Azərbaycan türklərinin şöhrətidir.

Braziliyaya yollanan İran komandasının tərkibində Təbrizin “Traktorsazi” klubunun oyunçuları da var.
SSRİ adına qol vuran Ələkbər Məmmədov Azərbaycan gənclərinə necə örnək olur, 20-ci yüzilin ortalarında Bakıda, Gəncədə, Lənkəranda və digər bölgələrimizdə futbola necə maraq yaradırdısa, Cəlal Huseyni də Arazın o tayında gəncləri idmana eləcə həvəsləndirə bilər.

***

Dünən mənim də üzvü olduğum Azərbaycan Yazıçılar Birliyinin qurultayı oldu.
Qurultay nümayəndəsi olaraq mənim də istəyim Anarın yenidən birliyimizin sədri olması idi.
Çünki günümüzdə Azərbaycanda yazıçılığın və yazıçılar birliyinin prestijini Anardan daha yaxşı təmin edə biləcək bir social status sahibi yoxdur.

Ancaq bu seçkilərdən sonra Yazıçılar Birliyində islahatlar mütləq aparılmalıdır.
Xüsusən də AYB-nin dövlət və cəmiyyətlə ünsiyyətinin daha da intensivləşməsinə, beynəlxalq əlaqələrinin yenidən qurulmasına, pilot layihələr gerçəkləşdirməsinə gərək var.

***

İraq və Şam İslam Dövləti- qısa adı İŞİD.
Belə çıxır ki, Orta Şərqin daha bir ölkəsinin ayıbını diktator da olsa, Səddam Hüseyn örtürmüş...
Belə çıxır ki, az-çox dünyəvi xarakterə malik olan islam ölkələrində “dəmir əl” sahibləri meydanı tərk edən kimi din güclənir, gücləndikcə əlinə silah alıb, qarnına bomba bağlayıb düşür insan haqq və özgürlüklərinin üstünə...

Nə istəyir Mosulu, Kərkükü al qana boyayan İŞİD?
Xilafət qurmaq, bütün müsəlmanları tək bir dövlətdə və şəriətlə idarə etmək istəyir.
Onların arxasından kimi desən, hansı “super gücü” desən, çıxartmaq olar.
Onların arxasınca “əsl islam bu deyil” deyib qışqırmaq, bağırmaq da mümkün.
Amma və lakin...
Daha bir dəfə aydın oldu ki, dinin kütləviləşməsi, islamçıların sekulyarlardan çox və fəal olması təhlükəlidir, çox təhlükəlidir.

***

Türkiyədə iki aparıcı müxalifət partiyası prezidentliyə göstərəcəyi ortaq adayın adını açıqladı.
İslam Əməkdaşlıq Konfransının sabiq Baş katibi, ulu babaları Azərbaycandan Yozqata köç etmiş Ekmələddin İhsanoğlu CXP və MHP-nin qarşıdakı seçkilərdə birgə namizədi olacaq.

Yaxşı akademik karyeraya və müsbət diplomatik reputasiyaya malik olan İhsanoğlu xalq arasında populyar fiqur deyil, Rəcəb Tayyib Ərdoğanın yüksək bəlağəti qarşısında nələr deyəcək, nələr edəcək, bilmirəm.

Ancaq o dəqiqdir ki, İhsanoğlunun müxalifətin şans namizədinə dönməsində əsas amil Türkiyədəki din faktorudur.

Bu faktoru nəzərə alıb namizəd irəli sürdüyünə görə nə MHP-ni qınamaq olar, nə CXP-ni... Səsvermədə çoxluğu qazanmaq, ən azı bunun üçün yarışmaq əsasdır.

Ancaq din faktorunun qarşıdakı seçimlərdə belə ciddi soruna çevrilməsi bir daha onu göstərir ki, Atatürk inqilabı praktiki olaraq özünü doğrultmayıb, sekulyar kəsim və həyat tərzi hər nə qədər önə çıxsa da, Türkiyədəki cahilliyə qalib gələ bilməyib.


Müəllif: Taleh Şahsuvarlı