13 İyul 2017 13:20
4 848
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rola hazırlıq ərəfəsində onunla Akademik Milli Dram Teatrındakı otağında görüşdük. Bir neçə saat sonra “Almaz” tamaşasında Mirzə Səməndər obrazında səhnəyə çıxacaqdı.

Əvvəl qrim otağına qalxıb, Mirzə Səməndər cildinə bürünməyinin şahidi olduq. Deyir, keçmiş illərdə qrimi özü edərmiş, müasir zamanın tələbi isə başqadır. O da zamana uyğunlaşıb, özünü peşəkar qrim ustasına həvalə edə bilir.

Teatrın rekvizit sexinə yol aldıq, “gəlin, səhnəmizi də görün” təklifini eşidib, səhnəyə çıxdıq, Almaz rolunun ifaçısı Məsmə Aslanqızı da orda idi. Fürsət varkən tamaşadan bir səhnəni də məşq etdilər.

Daha sonra otağına qayıdıb, fotolarla söhbətə başladıq...

Beləliklə, “Danışan fotolar”ın budəfəki qonağı Akademik Milli Dram Teatrının aktyoru, xalq artisti Rafiq Əzimovdur.

Ailə

- Üç qardaşın ortancılıyam. 1941-ci ilin şəklidir. Onda üç yaşım var. Atam da, anam da maştağalıdır. Atam Bakıda doğulub, amma 18 il İranda yaşayıb. 1933-cü ildə Bakıya gəlib ki, bəzi əşyalarını götürüb yenə ora qayıtsın, böyük qardaşı icazə verməyib. Yollar bağlanıb, atam Bakıda qalıb. Burda atamın dostu ilə bir şəkil var, İranda çəkilib.

Əsgərlikdə atamdan aldığım bütün məktublarında mənə “almagöz oğlum” deyə müraciət edərdi. Kipriklərim çox uzun idi, üzərinə kibrit qoysan saxlayardı.

Üç dost

- 1957-ci ildə dostlarımla Hacıkəndə gedib, Kəpəz dağına çıxmışdıq. Bu şəkil orda çəkilib. Biz çox yaxın dost idik. 44 nömrəli məktəbdə biri yerdə oxuyurduq. Biri kənd təsərrüfat nazirinin oğlu, o biri də Zahid Sultanzadədir.

- Dostluğunuz hələ də davam edir?

- Təəssüf ki, ikisi də rəhmətə gedib. Məktəbi bitirəndən sonra onlar Politexnik Universitetinə, mənsə Teatr İnstitutuna (indiki ADMİU) daxil oldum.Əmim oğlu Cəbrayıl Əzimov

- Mənim bu sənətə gəlməyimdə əmimoğlu Cəbrayıl Əzimovun böyük xidməti olub. O, “Məşədi İbad”, “Uzaq sahillərdə”, “Görüş”, “Bəxtiyar” filmlərinin rəssamıdır.

Atam mənim aktyor olmağımı istəmirdi. Deyirdi, bizim nəsildə artist olmaz, tarzən olmalısan. Uşaq ikən ailəmdən xəbərsiz teatr dərnəyinə gedirdim.

Bir dəfə valideynlərimi “Qatır Məmməd” tamaşasının nümayişinə aparmışdım. Tamaşanın ikinci hissəsində Hacı bəy obrazında çıxış etməli idim. Tamaşanın birinci hissəsinə valideynlərimlə birgə baxdım, ikinci hissə başlayanda su içmək bəhanəsi ilə onların yanından ayrılıb, səhnəyə çıxdım. Amma heç bilmədilər ki, səhnədəki mən idim.

Bir gün Cəbrayılın yanına gəldim, dedim, Cəbi, evdə sənədlərimi Teatr İnstitutuna verməyə qoymurlar, bəlkə onlarla danışıb, kömək edəsən. Cəbrayıl anamla, anam da atamla danışdı. Atam heç nə demədi, səssiz qaldı. Onlardan xəbərsiz sənədlərimi Teatr İnstitutuna verdim.

- Arif Babayevin “Ömrün ilk saatı” filmi 1973-cü ildə çəkilib. Filmdə qəhrəmanın üç həyat dövrünü canlandırıram. Cavanlıq dövründə Həsənağa Turabovla, ortayaş dövründə Şahmar Ələkbərovla, qocalıq dövründə isə Rasim Balayevlə tərəf-müqabili olmuşam.

-Deyəsən, yaşlı obrazları canlandırmaq gənclikdən adətiniz olub.

- Elədir, mən hələ institutda oxuyanda Məhərrəm Haşımov “Kral Lir” tamaşasında mənə yaşlı obrazı həvalə etdi. Mən o obrazı elə həvəslə oynadım ki...

Teatrda da yaşlı obrazları mənə həvalə edirdilər. Arif Babayev mənim yaşlı obrazlarımı Akademik Milli Dram Teatrının səhnəsində görmüşdü. Bədii Şura məni filmdəki obrazımın qocalıq dövrünə təsdiq etmək istəmirdi. Arif Babayev demişdi ki, mən Rafiqin yaratdığı yaşlı obrazları teatrda çox görmüşəm. Ona görə inanıram ki, Rafiq kinoda da rolunun öhdəsindən gələcək.

“Toyumdan nə foto, nə də video yadigar qaldı”

- Bu şəkil ailəmlə istirahət zamanı Kislovodskidə çəkilib.

- Səhv etmirəmsə, bu sizin feysbukda profil şəklinizdir.

- Doğrudur. Həyat yoldaşımın babası Əsgər ağa Goranidir.

- Deyəsən, axı o vaxtlar həyat yoldaşınız Nigar xanımın onun nəvəsi olduğunu bilmirdiniz.

- Onu mənə ilk dəfə Məmmədrza Şeyxzamanov qastrol səfərində təsadüfən demişdi. Soruşdu ki, bilirsənmi kiminlə qohum olmusan, dedim yox. Üç monoqrafiya alıb mənə verdi, dedi, bunları oxu. Əsgər ağa Adıgözəl Gorani Azərbaycan mədəniyyətində öz yeri olan görkəmli simalardan biridir. Hacı Qara rolunun ilk ifaçısı olub.

Bilirsiniz ki, teatrımızın tarixi 1873-cü ilin martın 10-da göstərilən “Lənkəran xanın vəziri” tamaşasından başlayır. “Hacı Qara” tamaşası isə həmin il aprelin 17-də nümayiş olunub, bax, həmin tamaşada Hacı Qaranı məhz Gorani oynayıb. Böyük şəxsiyyət olub, Gəncədə öz hesabına qız məktəbi açıb.

- Yoldaşınızla necə tanış olmusunuz?

- Nigar xanımla Teatr İnstitutunda tanış olduq. O vaxt orda “Mədəni maarif” ixtisası yeni açılmışdı. Nigar həmin ixtisas üzrə təhsil alırdı. Mən isə aktyorluqda oxuyurdum. Onu ilk görən kimi gözüm tutdu. Dörd yaş fərqimiz var.

Toyumuz 1964-cü ildə Səadət Sarayında olub. Masabəyi bizə uzaq qohumluğu çatan, istedadlı rejissor Həsən Seyidbəyli idi. Toya Gülağa Məmmədov ansamblla gəlmişdi. Əliağa Ağayev, Barat Şəkinskaya və başqa böyük sənətkarlar da toyda iştirak edirdilər.

Çox təəssüf ki, toydan nə foto, nə də video qaldı. O vaxt teatrımızın truppa müdiri, eyni zamanda fotoqrafı Qürbət Qurbanov toyu çəkəcəyini mənə söz verdi. Toy başladı, gözlə, gözlə, Qürbət gəlib çıxmadı. Yaxşı ki, qrup yoldaşlarım özləri ilə maqnitofon gətirmişdilər, toyun səsini kasetə yazdılar. Amma o da sonra pozuldu.

Nigar Gənc Tamaşaçılar Teatrında 45 il tərbiyəçi müəllimə işlədi. Mən isə 55 ildir bir teatrda işləyirəm. Əmək kitabçamda yalnız bir ünvan yazılıb - Akademik Milli Dram Teatrı.

Hələ tələbə ikən dərslərimiz Rus Dram Teatrında keçirilirdi. Çünki müəllimim Məhərrəm Haşımov həmin teatrın baş rejissoru idi. 1959-cu ildə Moskvada Azərbaycan ədəbiyyat və incəsənət ongünlüyündə göstəriləcək dörd tamaşanın hazırlığı başlayanda Məhərrəm Haşımov bizi - tələbələrini də o tamaşalara cəlb etdi. Biz Adil İsgəndərovun “Vaqif”, Tofiq Kazımovun “Şərqin səhəri”, Məhərrəm Haşımovun hazırladığı “Maskarad” və “İliç buxtası” tamaşalarında rol aldıq. Moskvada tamaşaların nümayişi çox yüksək səviyyədə keçdi. Qayıdandan sonra uşaqlarla oturub ciddi söhbət etdik. Son sözümüz bu oldu ki, biz Rus Dram Teatrının aktyorları olmayacağıq, odur ki, Azdram rəhbərliyindən xahiş edək, bizim teatrda köməkçi rollarda çıxış etməyimizə şərait yaratsın. Elə də etdik.

Biz Ələsgər Ələkbərov, Hökumə Qurbanova, Fatma Qədri kimi böyük sənətkarlarla bir səhnəni bölüşüb epizodik rollarda oynayırdıq. Ayda 10-15 tamaşada çıxış edirdik. Hər çıxışa 80 qəpik verirdilər. Bu, tələbə üçün əməlli-başlı pul demək idi.

İnstitutu bitirəndən sonra Həsən Məmmədovu, Eldəniz Zeynalovu və məni təyinatla Azdrama göndərdilər. Eldəniz bizdən iki il öncə instituta daxil olsa da, şuluq olduğuna görə kursda qalmışdı. Sonda bizim kursla institutu bitirə bildi.

Həsən Məmmədov tələbə ikən “Böyük dayaq” filmində çəkildi. Ona görə bir ayağı kinostudiyada, bir ayağı teatrda idi. Amma daha çox kinoya bağlı idi. Eldəniz də həmçinin. Mən isə filmlərdə çəkilsəm də, əsas ünvanım bura oldu.

- Teatrda daha çox tərəf-müqabili olduğunuz aktyorlar biri də Siyavuş Aslan idi. Həyatda Siyavuş Aslanla sözünüzün çəp gəldiyi günlər olubmu?

- Həyatda olmayıb. Siyavuşla bir məhəllədə böyümüşük. O məndən üç yaş böyük idi. O vaxt məhəllə uşaqları olaraq “Muzkomediya”da (indiki Musiqili Teatr) kütləvi səhnələrə çıxırdıq. Siyavuş onda “Muzkomediya”da işləyirdi. Yadımdadır, “Məşədi İbad” tamaşasının bazar səhnəsində Bəşir Səfəroğlu dəllək, Siyavuş Aslan da dəlləyə gəlib saçını qırxdırmaq istəyən birini canlandırırdı. O tamaşa göstərilən gün bütün məhəllə uşaqları Siyavuşa tamaşa etmək üçün ora gedərdi.

Bəşir Səfəroğlu Siyavuşun sabunlu başını hər dəfə ülgüclə qırxanda dərisini azca cızdığına görə ora pambıq qoyardı, iş bitəndən sonra Siyavuşun başı pambıqla dolu olurdu. Bütün tamaşaçılar bu səhnəyə çox gülürdü.

Vidadi - böyük arzu

- Bir gün rəhmətlik İlham Əsgərov dedi ki, Əzimov, Qazaxda Vidadinin 300 illiyi ilə bağlı tədbirlər keçirilir, bizi də ora dəvət ediblər, gəl gedək. Getdik, orda “Vaqif” tamaşasından bir səhnə də oynadıq. Vaqif–Vidadi obrazında olan şəklimizi mənə İlham Əsgərov bağışlayıb.

- Bildiyim qədər, Vidadini oynamaq həmişə arzunuz olub.

- Vidadi obrazını mənə verəndə böyük sənətkarımız İsmayıl Osmanlı əsas heyətdə, mən isə dublyor idim. Çox qüdrətli sənətkar idi. Elə bax bu otaqda bu yerdə qrimlənirdi. Osmanlının çox rollarını oynamaq sonralar mənə qismət oldu.

“Vaqif” tamaşasının məşqləri gedən ərəfələr idi, bir gün Osmanlı ilə Fizuli meydanında söhbət edə-edə gedirdik, birdən dedim, İsmayıl müəllim, arzum yerinə yetdi. Arzu etmişdim ki, səhnədə Vidadini oynayım və sazda da özüm çalım.

Bunu demişdim ki, mənə baxdı və dedi, indi mən oynayanda fonoqrama, sən oynayanda canlı saz çalınacaq?.. Ondan sonra məni Vidadi obrazının məşqinə buraxmadılar.

Tar dərnəyinə getdiyimdən sazda da az-maz ifa edə bilirdim. Bu bacarığımın olduğuna görə uşaq vaxtı dərnəkdə Əli Qurbanovun sazı ilə satirik mətnlər deyərdim. Ona görə Vidadini oynayıb, sazı da özümün ifa etməyim hər zaman arzum olub.

Bir gün Qürbət Qurbanov zəng elədi ki, dur, tez teatra gəl, “Vaqif”də axşamkı tamaşada sən oynayırsan. Düşündüm ki, Vəzir rolunu oynayacam, o da beşinci şəkildə səhnəyə çıxmalıdır, həmin vaxta qədər teatra çataram. Çünki Mustafa Mərdanov rəhmətə gedəndən sonra mən “Vaqif”də Vəzir rolunda çıxış edirdim.

Bunu fikirləşirdim ki, Qürbətin “Vidadini bu gün sən oynayacaqsan” sözünü eşitdim. Məni həyəcan bürüdü, dizlərim əsdi. Axı çoxdandır Vidadini səhnədə məşq etmirdim... Mətni də evdə tapa bilmədim, tələm- tələsik özümü taksiyə atıb, gəldim teatra. Tofiq Kazımov, Qürbət Qurbanov məni qapıda qarşıladı. Məmmədkamal Kazımova yalvardım ki, heç olmasa mənə birinci pərdədə kömək elə.

Nə olsa yaxşıdır, tamaşa başlayanda Məmmədkamal da yoxa çıxdı. Özümü toparladım, Allahın köməyi ilə sözləri yadıma salmağa başladım, alındı.

- O tamaşada saz ifa edə bildiniz?

- Yox, elə qəfil teatra gəlmişdim ki, saz heç yadıma düşmürdü. Amma arzum ürəyimdə qalmadı. Həsənağa Turabov Vaqif oynayanda rejissor Məmmədkamaldan xahiş etdim ki, heç kimə xəbər eləmə, tamaşada canlı sazda ifa etmək istəyirəm. Razılaşdı. Tamaşa vaxtı canlı sazda ifa edəndə Turabov özünü itirdi. Birinci şəkil bitəndə səhnə arxasında Həsən heyrətlə mənə baxıb: “Sən saz da çala bilirsən”, - soruşdu. Dedim, Həsənağa, az-az uydururam yeri gələndə.

- Dublyor olduğunuz, yaxud sizə dublyor olanlarla hansısa narazılıqlarınız olubmu?

- Dublyorun borcu oturub rejissorun əmrini gözləməkdir. O nə vaxt səni səhnəyə buraxsa, o zaman çıxıb rolunu oynaya bilərsən. Bir hadisəni danışım, rəhmətlik Əliabbas Qədirovla “Burla Xatun” tamaşasında Dədə Qorqud rolunu ikimiz oynayırdıq. O, əsas heyətdə, mən dublyor kimi. Tamaşanı Dədə Qorqudun 1300 illik yubileyinə hazırlamalı idik və vaxta da çox az qalmışdı.

AzTV-dən məşq prosesini çəkməyə gəlmişdilər. Mən zalda oturmuşam, Əliabbas məşq edirdi. AzTV Əliabbası çəkdi, jurnalist xanım mənə tərəf dönüb, Rafiq müəllim, sizi də çəkək, dedi. Rejissordan icazə aldılar, mənim məşq edən vaxt kadrlarımı çəkib, ən sonda müsahibə götürdülər. Əliabbas əsəbi halda bizə yaxınlaşıb: “Necə olur onu iri, məni ümumi planda çəkirsiniz”, - dedi. Çaşıb qaldım, belə reaksiya verməyinin səbəbini anlaya bilmədim. Görünür, məndən müsahibə götürmələri onun xoşuna gəlmədi, sonra da acıq edib tamaşadan getdi, bir daha Dədə Qorqudu oynamadı.

Tamaşa hazırlandı, nümayişində mərhum prezident Heydər Əliyev də iştirak etdi.

Sonra TÜRKSOY–un dəvəti ilə “Burla Xatun” tamaşasını Başqırdıstanda oynadıq. 1000 dollar mükafat verdilər, o pulu ata-malı kimi bütün kollektiv arasında böldük.

- Evdə sazınız, tarınız varmı?

- Nə tarım, nə də sazım var.

- Heç pianinonuz da yoxdu?

- Pioninomuz var idi, 9-cu mikrorayondakı evimizdən köçəndə onu satdıq.

- O evi dövlət vermişdi?

- Dövlət üç dəfə mənə ev verib. Birinci dəfə Tofiq Kazımovun çox böyük əməyi sayəsində ev aldım. 1964-cu ildə ailə qurandan sonra yoldaşımla İçərişəhərdə valideynlərimlə birgə yaşayırdıq.

1966-cı ildə Tofiq Kazımov mənə dedi ki, teatra ev verilsə, birinci sən alacaqsan. O vaxt hamı növbəyə durub, ev gözləyirdi. Amma gənclərə növbədənkənar da ev verilə bilərdi. Teatrımızda Rəhilə Mirzəyeva adlı aktrisa var idi, alim, bəstəkar İbrahim Topçubaşovun həyat yoldaşıydı.

Rəhilə xanım ona mikrorayonda ev veriləcəyini, amma ora getmək istəmədiyini dedi. Bir də dedi ki, çalış, o evi sənə versinlər. Mən də gəlib bunu Tofiq Kazımova dedim. Tofiq Kazımov, Leyla Bədirbəyli, Şeyxzamanov teatrın direktoru Ziyadovun qəbuluna qalxdılar. Ziyadov evi mənə vermək istəmirdi. Üçünün təkidindən sonra məni yanına çağırdı, dedi, burdakılardan başqa kim bilsə ki, sən ev almısan, özündən küs.

- Yəqin bu xəbər uzun müddət gizli qalmadı. Hər halda bildilər.

- Onda da qırğın oldu... Direktorun yanına gedib şikayət etdilər.

“O mənim oğlum idi”

- Fotodakı oğlumla həyat yoldaşıdır. 1969-cu ildə mənimlə birgə Leninqradda bir filmə çəkilib. O filmdə mənim tərəf-müqabillərim Lüdmila Qurçenko, Aleksandr Demyanenko olub. Oğlumun o zaman dörd yaşı vardı.

Mən filmdə dörd qardaş: məşhur operator Rasim İsmayılov, rəssam Rafiz İsmayılov, Ramiz və Raisin ataları Rza İsmayılovun prototipi idim. Sən demə, ssenarist Viktor Kalyavkin bakılıymış və nə vaxtsa həmin ailə ilə qonşu olub. Filmin yaradıcı heyəti üç uşağı tapmışdılar. Rejissor mənə dedi ki, dördüncü uşağın roluna qonşuda uşaqlardan kimi istəsən gətirə bilərsən. Mən bir uşaq tapıb gətirdim.

İlk çəkiliş bulvarda idi. Rejissor məndən soruşdu ki, gətirdiyin uşaq kadrda ağlaya bilər? Mən də “siz motor deyən kimi ağlayar”, - dedim. Motor deyildi.

Çəkiləcək səhnə belə idi: uşaqlar bulvarda qadından dondurma almalı idilər. Hamısı dondurmaları alıb gedirlər, növbə mən gətirdiyim uşağa çatır. Dondurma satan həmin uşağa baxıb, “Oğlum, sənə olmaz, boğazın ağrıyar” deyir. Uşaq da ətrafına baxır, görür ondan başqa bütün uşaqlar dondurma yeyirlər. Bunu görən kimi başlayır ağlamağa.

Rejissor sevincindən uçurdu. Çəkiliş başa çatandan sonra rejissor məndən uşağı ağlatmaq üçün nə etdiyimi soruşdu.

- Nə etmişdiniz?

- Çəkiliş başlamadan öncə dondurma satan qadına yaxınlaşıb, uşağa məhz bayaqki sözlərini deməyini tapşırdım. Həmin uşaq mənim oğlum idi. Hazırda 52 yaşı var.

- Film çəkilişləri, teatr qastrollar demişkən, övladlarınıza vaxt ayıra bilirdiniz?

- Bütün qastrollarda uşaqlar, yoldaşım mənimlə gedirdi. Qastrollar zamanı mənə ayrıca otaq verilirdi, orda ailəmlə qalırdım. Bu, İrəvanda çəkilib. 1964-cü ildə ora qastrola getmişdik. Nigarla hələ toyumuz olmamışdı.“Yeddi oğul istərəm”

- “Yeddi oğul istərəm” filmindən şəkillərdir. Bu filmə çəkiləndə 32 yaşım vardı. Filmdə təsadüf nəticəsində çəkilən bir neçə kadr var idi. Onlardan biri eynəyin şüşəsini təmizlədiyim səhnə idi. Məşq prosesində toz oldu, eynəyin şüşəsi də bulaşdı. Cibimdəki yaylıqla onu siləndə Tofiq Tağızadə mənə səsləndi: Əzimov, motor deyəndə şüşəni yenə silərsən. O səhnə belə çəkildi.

Başqa təsadüf Bəxtiyarın Humayın döyməsi səhnəsi idi. Mən o səhnə ilə razılaşmırdım. Tofiq Tağızadəyə deyirdim, Humayın nə günahı var ki, Bəxtiyar onu döyür. Bu, kişilikdən deyil. Heç birimizdə qeyrət olmadı ki, Humayı Bəxtiyarın əlindən alsın?

Dedi, sən eləyərsən. Çəkiliş zamanı mən də atdan düşüb Bəxtiyarın atının cilovunu çəkib, onu sakitləşdirirəm. Cilovu tutanda atın dişi mənim burnumun sümüyünə ilişdi. Sən demə, yavaş-yavaş məni qan bürüyür, hiss etmirəm. Birdən Həsən Məmmədov çəkilişi saxlayıb qışqırdı ki, Əzimovu qan aparır. Tofiq də aralıdan acıqlı halda: “Bəyəm mən görmürəm, qoy təbii alınsın da”, dedi.

“Arxadan vurulan zərbə”, yaxud...

- “Ömrün ilk saatı” filmindən sonra Arif Babayev məni “Arxadan vurulan zərbə” filminə dəvət etdi. Qurd Cəbrayılın arxiv şəkillərini bizə göstərdilər. Çox zalım adam olub, amma sonra elə maskalanıb ortaya çıxıb ki, heç kim onu tanımayıb. Rəhmətlik Yusif Vəliyev o obrazı çox gözəl yaradıb.

Rafiq Əzimov deyir ki, filmdə Qurd Cəbrayılın onu arxadan bıcaqla vurduğu səhnə az qala həyatı bahasına çəkiləcəkmiş. Bu söhbəti isə diktofonun yox, kameranın yaddaşına həkk etdik.

Foto: Elçin Murad


Müəllif: Nərmin Muradova