Ötən günlərdə Rusiya müdafiə nazirinin müavini Timur İvanov həbs edilib. Bu addımı ancaq müdafiə naziri Sergey Şoyqunun razılığı ilə atmaq olardı.
Teleqraf.com xəbər verir ki, bunu rusiyalı politoloq Abbas Qalyamov deyib.
Ekspert niyə Şoyqunun özünün hələ də vəzifədə olması məsələsinə də toxunub.
Onun sözlərinə görə, müdafiə naziri hələ Ukraynada müharibənin əvvəlində - 2022-ci ilin mart-aprel aylarında çıxarılmalı idi:
“Amma o zaman şübhələr yaranardı, çünki Rusiya lideri Vladimir Putin hər şeyin plan üzrə getdiyini söyləyirdi.
İkincisi, ən əsası, başqasının gəlib “daha yaxşı mübarizə” aparacağı qəti deyildi. Şoyqu indi elə bir vəziyyətdədir ki, istənilən uğursuzluğu onun üzərinə yıxmaq, istənilən vaxt işdən çıxarmaq olar”.
Qalyamovun iddiasına görə, Putin ən azı altı aydan bir yeni nazirləri təyin edə bilər, amma bu durumda onun illərdir qurduğu güc və nəzarət sistemi, eləcə də imici məhv olacaq.
“Əgər o, mərhum Yeltsin kimi isterik şəkildə nazirləri dəyişməyə başlasa, reytinqi sıfıra enəcək. Buna görə də, bəli, bu cür təmizlikləri edə bilər, amma bunun heç bir mənfi nəticəsinin olmayacağına əmin olduqda baş verəcək”, - politoloq vurğulayıb.
Qalyamov fürsət düşən kimi Şoyqunun dəyişdiriləcəyini istisna etmir.