12 May 2014 15:05
1 282
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın şərqində keçirilən qanunsuz referendumun iştirakçılarının 89 %-dən çoxu Ukraynanın Donetsk regionunun "dövlət müstəqilliyi"nin lehinə səs verib.

Teleqraf.com-un yaydığı məlumata görə, bunu özünü müstəqil elan etmiş Donetsk Xalq Respublikasının Mərkəzi Seçki Komissiyasının sədri Roman Lyagin bəyan edib.

"Bülletenləri saymaq təəccüblü dərəcədə asan olub, əleyhinə səs verən insanlar nisbətən azdır, korlanmış bülletenlərin faizi böyük deyil, biz hesablamanı kifayət qədər operativ və tez aparmağa nail olduq", deyə, Lyagin bildirib.

Lyaginin sözlərinə görə, əleyhinə 10,19 % səs verib, 0,74 % bülleten korlanıb, səsvermədə iştirak edənlərin sayı 74,87 % təşkil edib.

Avropa İttifaqı "müstəqillik haqda referendum" adlanan səsvermənin nəticələrini tanımaq niyyətində deyil.

Bu haqda Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali təmsilçisinin mətbuat katibi Maja Kocijancic bəyan edib.

"Donetsk və Luqanskda keçirilən referendum deyilən tədbir qanuni deyil və biz onun nəticələrini tanımırıq. Bu referendumu təşkil edənlərin demokratik legitimliyi yoxdur", Kosijancic vurğulayıb.

Britaniya xarici işlər nazirliyi öz növbəsində "sadə vətəndaşların həyatına xaos gətirən separatçıların" Ukraynanın şərqində öz "referendum"larını təşkil etdiklərinə görə təəssüf ifadə edib

Bundan öncə ötən səsvermənin nəticələrini tanımayacağı haqda ABŞ təmsilçiləri bəyan edib.

Qeyd edək ki, bazar günü Ukraynanın Donetsk və Luqansk regionunun bir neçə şəhərində rusmeylli separatçılar tərəfindən təşkil olunmuş bu regionların sonrakı statusuna həsr olunmuş səsvermə keçirilib.

Lyagin mətbuat konfransı əsnasında bəyan edib ki, referendumdan sonra Donetsk regionu Ukraynanın tərkibində qalacaq.

"Biz sadəcə öz müqəddəratımızı müəyyən etmək hüququmuzun olduğunu bəyan etmək istəyirik. Yəni Donetskin statusunda tamamilə heç nə dəyişməyəcək: biz Ukraynanın hissəsi olmağı dayandırmayacağıq, biz Rusiyanın parçası olmayacağıq, sadəcə dünyaya dəyişikliklər istədiyimizi bəyan edəcəyik. Biz eşidilmək istəyirik, öz regionumuzun taleyini özümüz həll etmək istəyirik", Lyagin bildirib.

PIU Amerika analitik mərkəzinin araşdırması nəticələrinə görə, ölkənin şərq hissəsinin 70 % əhalisi Ukraynanın bütövlüyünün lehinə çıxış edirlər.

Səsvermə xarici müşahidəçilərsiz keçib, bununla belə referendumun təşkilatçıları jurnalistlərdən səsvermə prosesi və bülletenlərin hesablanmasını gizlətməməyə söz veriblər.

Moskvada da həmçinin "Donetsk xalq respublikası və Luqansk xalq respublikasının müstəqilliyi haqda referendum" təşkil olunub: yalnız bir məntəqədə Kiyev küçəsindəki avtotəmir emalatxanası yaxınlığında keçirilib.

BBC müxbiri Yuriy Vendikin sözlərinə görə, "Donetsk xalq respublikasında" artıq Donbas sərhədlərindən kənar səslərin nəzərə alınmayacağı açıqlanıb.

Kiyev hakimiyyəti bu arada bəyan edib ki, Donetsk və Luqanskda "referendumda" iştirak edən və onun təşkilində əli olan məmurlar Ukrayna qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyacaqlar.

Ukrayna Xarici İşlər Nazirliyi ölkənin şərqində keçən "referendumun"un hüquqi əhəmiyyəti olmadığı və onun nəticələrinin Ukraynanın ərazi bütövlüyü və quruluşu üçün heç bir hüquqi nəticəsi olmayacağı barədə bəyanat yayıb.

Ukrayna XİN-nin məlumatına görə, regionun sakinlərindən çoxu bu sorğuda iştirak etməyib.

Ülviyyə


Müəllif: