4 İyul 2015 23:19

Tunisin bütün ərazisində fövqəladə vəziyyət elan olunub. Bu barədə dövlət başçısının administrasiyası açıqlama verib. Bununla bağlı yayılan sənəddə qeyd olunur ki, prezident fövqəladə vəziyyət elan edir və yerli vaxtla saat 17-də (Bakı vaxtilə saat 21-də) xalqa müraciət edəcək.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, fövqəladə vəziyyət rejimi hüquq mühafizə orqanlarının səlahiyyətlərinin genişləndirilməsini və xalqın kütləvi toplaşma azadlığının məhdudlaşdırılmasını nəzərdə tutur.

Fövqəladə vəziyyət Tunisdə artıq bir dəfə, prezidentin devrilməsi ilə nəticələnən 2011-ci il 14 yanvar inqilabından sonra tətbiq olunmuş və 2014-cü ilin martınadək davam etmişdi.

Tunisdə təhlükəsizlik baxımından vəziyyət gərgin olaraq qalır. Bu ilin əvvəlindən başlayaraq ekstremistlər bir neçə hücum həyata keçiriblər. İyunun 26-da Sus şəhərində ölkə tarixində ən böyük terror aktı törədilib. Hadisə nəticəsində 30-u Britaniya vətəndaşı olmaqla 39 nəfər xarici turist öldürülüb, 40 nəfər yaralanıb. Martın 18-də isə terrorçular ölkənin paytaxtındakı Bardo Milli Muzeyinə hücum edərək 20 nəfərdən çox insanı qətlə yetirmişdilər. Hər iki hücumun hədəfi əcnəbi turistlər olub.


Müəllif:
Загрузка...