14 Oktyabr 2017 08:57
2 781
12 Punto 14 Punto 16 Punto 18 Punto

AYB-nin üçüncü mərtəbəsindəki Natəvan klubu bunca kişilərə, bunca qadınlara şahid olmuş dəyirmi masasıyla məşhurdur ədəbi mühitdə. Əksər şair, yazıçının o masanın ətrafında bir dənə də olsa, şəkli var. Əsil ocaq ab-havası yatır bu klubda.

Artıq xoş gəldiniz! Pilləkənlərin sonu, klubun girişində hay-küy var, bizdən qabaq Sabir Rüstəmxanlı ilə görüş varmış. Gözləməli olduq. Bu zaman içində ən unikal variant siqaret yandırıb söhbətləşməkdir. İltimas Səmimini hansısa tədbirdə görməsəm, məəttəl qalaram. Yaxınlaşır. İki dəfə öpüşür, görüşür mənimlə. Arxasınca:

- Siqaretindən birini mənə ver.

- Al, götür, zəhərlən.

Taleh Eminoğlu da həmişə reportajlarımda nə təsadüfdürsə İltimasla birgə ön plana çıxır.

Taleh:

- İltimas, camaat sənin tərəfini tutur ki, Ramiz Rövşən düz eləməyib kitabına imza atmamaqda, sənsə o dəqiqə geri çəkilirsən.

İltimas:

- Mən onu çox istəyirəm, nə eləsə də, qəbulumdur. Ona hörmətim sonsuzdur.

Artıq bu dairəvi masanın ətrafındayıq. Sözə Rəşad Məcid Qəşəm Nəcəfzadəni təqdim etməməklə başlayır. Ki, şairin təqdimata ehtiyacı yoxdur.

Rəşad Məcid:

- Qəşəm məllim, hamı sizi tanıyır, sözümü qısa kəsirəm, istəyirəm gəncləri dinləyəsən, şeirləri müzakirə olunsun, sonra sən şeir oxu, onlar fikir bildirsin, sonda da seçərsən, yaxşı şeirləri Azərbaycan jurnalında dərc edərsən.

Qəşəm məllimin burnunun yanından dodağına qədər əzablı yolların artıq ilk ağ xətləri uzanmağa başladı.

Qəşəm Nəcəfzadə:

- Əvvəla, mənə xoş oldu ki, bir də bu gənclərlə görüşə dəvət olundum. Siz necə deyirsinizsə, elə də olsun.

Rəşad məllim uşaqlarla maraqlanır, hansı rayondan gəldiklərini soruşur, kim yeni qoşulubsa, maraqlanır, bir az zarafatla ortalığı yumşaldır. Ardınca:

- Kim ürəklidir, təzə gələnlərdən, gəlsin şeir oxusun. Ey, sən, xanım, adınız nədir? Hardan gəlmisiniz?

Xanım öz adını da, rayonun adını da deyir, çıxır önə.

- Sən həsrətli günlərimin....

Saraldım, soldum...

Bir az keçir, xanımı saxlamaq olmur, şeir Bakıdan Gəncəyə kimi uzanır, uzanır, səbri çatmayan Rəşad Məcid xanıma Natəvan klubuna qaytarır.

- Qızım, bəs edər. Elə üç bənd oxusaydın, kifayət idi. Keç əyləş.

***

Bu minvalla çıxışlar davam edir. Ulucay Akifin xüsusən "Ayselin ayaqları" şeiriylə, Allahşükür Ağa öz dünyəvi şeirlərilə, Ceyhunə Mehmanqızı sevgi şeirlərilə, Nuranə Nur öz sevgi dünyasıyla bəyənilir. Uzaq bölgələrdən gələn bir-iki gəncə daha yaxşı yazmaq, tədbirlərə gəlmək tövsiyə olunur.

Mən şeir oxumaq üçün tribunaya çıxıram. Rəşad Məcid məni qabaqlayır. Bu gənclə aramızda Ramiz Rövşənə görə sözümüz düz gəlməmişdi. Ramiz Rövşəni tənqid etmək düzgün iş deyil. İndi nə olsun ki, Ramiz ona uzadılan pirat kitabı imzalamayıb? Haqqı var da. Məsələn, bu gün toplandığımız birliyin sədri Anarı tənqid eləmək, onun haqqında pis sözlər işlətmək ədəbiyyata sataşmaqdır. Belə olmaz...

Dillənirəm.

- Rəşad müəllim, qısaca fikrimi deyim o məlum məsələylə bağlı. Mən Ramiz Rövşəni çox istəyirəm. Yazdığım statussa həm də yumoristik idi. "Ramiz Rövşən 50 ildir ölümə şeir yazır, ölüb qurtara bilmir”. İndisə şeirimi oxumaq istəyirəm.

Saçlarını qələmlə yığan qızın önündə

oğlanlar qələmin başını gəmirməklə dayanardı

hələ məktəb vaxtlarında...

Şeiri oxuyub bitirirəm. Qəşəm müəllim əlini əlinə vurub, pəəh, sən artıq şairmişsən ki. Əla.

Açığı bu həqiqəti eşitmək yeni olmasa da, çox xoş idi.

Rəşad Məcidin səbri həmişəki kimi yarıda qurtarır və zalı tərk edir. O gedəndən sonra kreslosu boş qalır. Kulisdən Ayxan Ayvaz gəlir, ehmalca o boş qalmış yerdə məkan eləyir. Məclis davam edir. Şeir oxumaq zamanının əqrəbləri Qəşəm müəllimi göstərir.

- Mən istəyirəm ki, gənclər bir-birinin şeirlərinə irad bildirməkdən çəkinməsin. Mən hələ təzə-təzə mühitə gələndə dostlarla belə şeir məclislərinə qoşulanda görürdüm ki, oxunan şeirlərə hərə bir söz deyir. "Bu pisdir, bu yaxşıdır". Bəzən yaxşıya pis, pisə yaxşı deyirdilər. Gördüm ki, əsas məsələ fikir bildirməkdir. Başladım mən də bunların pis dediklərinə əla, əla dediklərinə pis deməyə. Özü də sərt formada. Əvvəl-əvvəl təəccüblə qarşılayırdılar. Ki, necə olur, Qəşəm bizim yaxşı dediyimizə pis deyir, pis dediyimizə yaxşı. Sonralar öyrəşdilər. Və sonralar mən də fikir bildirməyi öyrəndim. Yəni siz də qorxmayın, fikir bildirin.

Ardınca Qəşəm müəllim şeirlərindən oxumağa başlayır. Birinci şeirini ürəkdən alqışlayırıq. Sonra oxunan şeirlərsə bir o qədər alqış effekti vermir. Amma şair bunca tədbirlər, adamlar görüb. Bilir ki, belə olanda nə demək lazımdı.

- Gənclər, şeirlər əslində ayrı-ayrı olur. Auditoriya şeirləri var, tribuna şeirləri var, təklikdə oxunası şeirlər var. Mənə həmişə deyirlər ki, qurvan olum, o Vətən şeirini oxu. Halbuki ən zəif şeirim odur.

Üzvlərdən Emin Süleymanov şairin şeirlərindən birini oxumaq üçün icazə alır.

- Adam bağışlayar, bağışlanar da...

Fikir verirəm, Qəşəm müəllimin ürəyi dözmür şeirinin Eminin dilində can verməyinə.

Ulucay bu məqamı xüsusilə vurğulayır, gülüşürük.

Qoşuluram bu söhbətə. “Qəşəm müəllim, məncə, şeirin öz ab-havası olmalıdır. Ki, onu kimsə bəzəkli ifayla oxumasa belə, şeir öz havasını hiss elətdirsin adama. Misal üçün, Salam Sarvanın havası ağ vərəqdən belə adamı cırmaqlayır. "Qollarım bağlanıb qopuz simiynən, Həə, ərə gedən qız, nə çalım sənə".

Şair cavab verir:

- Sən də düz deyirsən, razıyam.

Səfail adlı gənc yerdən dillənir.

- Qəşəm müəllim, siz bayaq şeir oxudunuz, içindən bir misra belə çıxarmaq mümkün olmadı.

Şair cavablayır:

- Mən misra şairi olmaq istəməmişəm axı. Amma buna qarşı da deyiləm. Məktəb vaxtı xatirə dəftərləri tuturdu qızlar. Yadıma gəlir, bir qız o birinə sual yazmışdı. Ki, ilk dəfə nə vaxt sevmisən? Qız cavabında "heçhavaxt" dedi. Görün, necə orijinal cavabdır - heçhavaxt. Desəydi, sevməmişəm, quru çıxardı. Yaxud da bir qızın şeirinə rast gəlmişdim. Deyirdi ki, "Mən səni sevəndə, Düşmənlərim çoxalır". Pəh, necə də şairanədir.

Bu minvalla şeirlər oxunur, müzakirə davam edir. Tədbirin sonuna çatırıq. Natəvan klubunda şəkili olmayan şair, yazıçı yoxdur deyərdim. Ənənəvi şəkil çəkdirmək mərasimini də adlayırıq. Çıxırıq klubun qapısı önünə. Şeirlə doyan şairlər siqaretlə bu yağlı məclisi öldürməyə çalışırlar.

Rəşad Məcid çıxışda bizi tutur və üzündəki cüzi gülüşlə deyir:

- Hə, necə oldu, yaxşı keçdimi?

Hamımız gülümsünürük. Qəfildən Ayxan Ayvaz Rəşad Məcidi pilləkəndə tutur.

- Müəllim, Ramiz Rövşənə görə Emini Feysbukda dostluqdan silmisiniz.

Rəşad Məcid cavabı mənə verir:

- Hə, mən sənə yenidən dostluq yollamaq istədim, amma adını tapa bilmədim. Axşam mesaj yaz, adını görüm, orada dostlaşaq.

Ayxan Ayvaz, Ulucay Akif, mən, Müşfiq Şükürlü və gənclərdən biri çıxıb yemək yeməyə ucuz bir yer tapırıq. Əyləşən kimi ofisiant yaxınlaşır, nə istədiyimizi soruşur.

Qərarımızı Müşfiq deyir:

- Hərəyə bir dönər.

Ofisiant soruşur:

- Yanında içməyə nəsə olacaq?

Ulucay dillənir:

- Qaqa, hamımız kasıb şairlərik, bizdə pul nə gəzir, dönəri gətir, başqa heç nə lazım deyil…


Müəllif: Emin Akif