26 Aprel 14:00
2 600
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunda 1992-ci il təvəllüdlü Elmir qısqanclıq zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Nazlını (adlar şərti verilib – red.) qətlə yetirib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Elmir qətl hadisəsindən 5 ay əvvəl yaşadıqları evi tərk edərək onunla görüşməyən arvadı, 1994-cü il təvəllüdlü Nazlı ilə faktiki ailə münasibətlərini davam etdirmədiyindən, bunun nəticəsində azyaşlı oğlu ilə görüşməsində məhdudiyyətlər yarandığından barışmaq üçün səy göstərib.

Arvadının bu səylərə mənfi münasibət göstərib ondan boşanmaq istədiyindən onun başqa kişilərlə görüşüb, ona xəyanət etməsindən şübhələnib.

Elmir arvadı ilə aralarında olan narazılıqları həll etmək və gələcək münasibətlərinə aydınlıq gətirmək məqsədi ilə 2022-ci ilin noyabrın 22-də, saat 16 radələrində onun yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF" yaşayış kompleksinə gəlib. O, Nazlı ilə küçədə söhbət edən zaman arvadının ona kobud cavab verdiyinə görə onunla bir daha barışmayacağına əmin olub.

Ondan qəti şəkildə ayrılmaq istədiyi üçün başqa kişilərlə intim əlaqədə olaraq ona xəyanət etməsi şübhələrinin əsaslı olması qənaətinə gəlib və arvadını öldürmək məqsədi ilə əvvəlcədən üzərində gəzdirdiyi cib bıçağı ilə ona zərbələr vurub. Qadın aldığı xəsarətlərdən vəfat edib.

“Harada qaldığını bilməmişəm”

İstintaq orqanı tərəfindən Elmirin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elmir ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, evdən qaçıb getdiyinə görə arvadını öldürüb: “Arvadım 3-4 ay olardı ki, evdən qaçaraq getmişdi. Arvadımın evdən qaçıb harada qaldığını bilməmişəm. Arvadıma neçə bıçaq zərbəsi endirdiyim də yadımdan çıxıb. Bıçaq götürməkdə məqsədim arvadımı öldürmək olmayıb. Sadəcə olaraq hadisə zamanı özümdən çıxmışam. Hadisəni törətdikdən sonra Yasamal rayonunda polisə təslim olmuşam”.

“İstəməzdim ki, belə olsun”

Elmir qeyd edib ki, arvadını ona xəyanət etdiyinə görə öldürüb: “Özü dedi ki, mənə xəyanət edib. Arvadım ilə görüş zamanı nə səbəbə evdən qaçdığını soruşdum. Evə qayıtmalı olduqlarını bildirdim. O da dedi ki, həyatı çöldədir. Kimsə mənə arvadımın xəyanət etməsi barədə məlumat verməyib. Arvadımı öldürmək fikrim olmayıb. Onun neçə vaxtdır harda qalmağı barədə məlumatım olmayıb. Sonra mənə dedi ki, Xırdalanda qalır. Ona dedim ki, uşağı götürək gedək danışaq, görək fikrin nədir. Arvadım da mənə fikrinin azad həyat yaşamaq olduğunu, neyləyib-neyləməli olduğunu özünün bildiyini dedi. Mən də başa düşdüm ki, o, dəyişilib. Mən özüm də əziyyət çəkmişəm. İstəməzdim belə olsun, uşağım yetim qaldı”.

“Pis yola düşdüyünü bilməyiblər”

Elmir bildirib ki, usta işləyib və iş zamanı anidən nəyisə kəsmək üçün bıçaq lazım olduğundan üzərində gəzdirib: “Sumqayıtda fasad işi görmüşəm. Bıçaq işdə olub. Bu dəfə nəsə oldu, bıçaq üzərimdə oldu. Arvadımı öldürməyi əvvəldən planlaşdırmamışam. Getməkdə məqsədim arvadım ilə görüşərək uşağı görmək olub. Ancaq özü tək gəldi və mənə yuxarı qalxmalı olduğumu bildirdi. Mən də yuxarı qalxmaq istəmədiyimi, tanımadığım insanın evinə getmək istəmədiyimi söylədim. Qayınlarım ilə münasibətim yaxşı olub. Qayınlarım bacılarının evdən qaçdığını bilib. Amma pis yola düşdüyünü bilməyiblər”.

“Can deyib, can eşidiblər”

İş üzrə zərərçəkmiş Nazlının hüquqi varisi qismində ifadə verən bacısı Sümbülənin sözlərinə görə, anası cavan yaşda öldükdən sonra bacısını doqquz yaşından on yeddi yaşına kimi özü saxlayıb: “Bacım on yeddi yaşına çatdıqda Elmirlə evləndi, nikaha girdi. Pis dolanmayıb, can deyib, can eşidiblər. Mənim övladım məktəbə qəbul olduqdan sonra Bakıya köçəsi oldum. Elmirgilin dolanışıqları zəif olduğu üçün Bakıya gəldilər. Elmir meşədən qoz ləpələri yığaraq satırdı. Sonra dolana bilmədiklərini bildirdi, ailəlikcə Bakıya köçdü, dolanışıqları düzəldi. Sonra aralarında olanlar barəsində bacım mənə heç bir şey demədi. Bacımgil kirayə yaşadılar. Onların on bir yaşında epilepsiya xəstəsi olan övladları var. Bacım evdən getdiyini bildirəndə düşündüm ki, yəqin yenə də uşağın istiliyi qalxıb, bacım onu həkimə aparıb. Gözlədik, bacım gəlmədi. Elmir də o yan-bu yana getdi, bacım tapılmadı. Bundan sonra aralarında nə olub-olmadığını bilmədim”.

“Onu bağışlamışam”

Zərərçəkmiş şəxsin hüquqi varisi bildirib ki, təqsirləndirilən şəxslə barışıb: “Onu anasının ağ tellərinə və övladına görə bağışlamışam. Özü də yaxşı bilir ki, epilepsiya xəstəsi olan övladı ortada qalıb. Bacım dərdini və digər işlərini bölüşən adam deyildi. Heç vaxt bacım ailəsində münasibətlərin pozulması barədə mənə nəsə deməyib. Bacımgilin ailəsində münasibətlərin pozulmağa başladığını gedəndə bilmişəm. Mənə dedilər ki, bacın evdə yoxdur. Mən də hara getdiyini soruşdum. Ancaq bildim ki, uşaq xəstədir, epilepsiyadır, tez-tez qızdırması olur. Günə çıxanda, ya hansısa şirə içəndə dərhal zəhərlənmə verib. Mən də həmin vaxt bacımın uşağı həkimə apardığını düşündüm. Bacım uşağı həkimə Sumqayıta gətirib. Orada boğazını yudurdub, sistem qoşdururub. Təqsirləndirilən şəxsin də haqqını vermək lazımdır ki, bütün bunların pulunu verirdi. Belə demək mümkünsə, tərəzinin bir gözünə pulu qoyublar, bir gözünə də uşağı. O, uşağı müalicəylə qurtarırdılar”.

“Xoşbəxt olmadığını bildirdi”

İş üzrə şahid qismində ifadə verən Əsmərin sözlərinə görə, əri tərəfindən “AAAF PARK” yaşayış kompleksində qətlə yetirilən Nazlını 2022-ci il avqust ayında tanıyıb: "Həmin vaxt evi təmizlətmək üçün şirkətlərdən birinə zəng etdim. Gələnlər arasında Nazlı da vardı. Sonra yaxın rəfiqə kimi əlaqələrimiz yarandı. Nazlı bir müddət sonra zəng etdi və dedi ki, oğlumla birlikdə sənin evində qala bilərikmi? Kirayədə tək qaldığım üçün buna razılıq verdim. Nazlı atasının və anasının vəfat etdiyini, qardaşının birinin isə cəzaçəkmə müəsisəsində olduğunu bildirdi. Həmçinin Nazlı əri ilə xoşbəxt olmadığını dedi. Nazlının əri barədə etiraz etməsinin şahidi olmamışam. Nazlının qardaşı Mahir dəfələrlə zəng edərək Nazlının geri qayıtmasını istəyib. Təxminən hadisədən 1 ay əvvəl Nazlının qardaşı cəzasını çəkib qurtarıb və azadlığa çıxmışdı”.

“İnsanlar səs-küyə yığıldılar”

Əsmər qeyd edib ki, 13 noyabr 2022-ci ildə Nazlının qardaşı Mahir onlara gəlib: “Mahir Nazlının başqa evdə kirayədə qalmasını istəyib. Lakin nə Nazlı, nə də mən buna razı oldum. Mahir bizimlə razılaşdı. Noyabrın 16-da, saat 16 radələrində Elmir Nazlıya zəng edərək oğlunu və onu görmək istədiyini dedi. Nazlı mənim yanımda danışdı. Bu səbəbdən onların dialoqlarını eşitmişəm. Nazlı ərinə “yağış yağır, mən oğlumu gətirə bilmərəm, sən binanın içinə gir” dedi. Nazlı Elmirin qabağına çıxmaq üçün aşağı düşdü. Çünki Elmir mənim yaşadığım mənzili tanımayıb. Pəncərədən həyətə baxdım və Nazlının həyətin çıxışına doğru getdiyini gördüm. Bir müddətdən sonra isə Nazlının Elmirlə birlikdə yenidən həyətə doğru gəldiyini gördüm. Elmiri əvvəllər görməmişəm. Bizim yaşadığımız mənzilin yerləşdiyi binanın qarşısında olan zaman Elmir sağ əlini Nazlının boynuna doladı. Elmirin Nazlını öldüyünü zənn etdim, bunu görmək istəmədiyim üçün onlara baxmadım və kənara çəkildim. Çox az müddət sonra yenidən onlara baxdım. Bu zaman Nazlını yerdə, Elmirin isə həmin vaxt ayaq üstə gördüm. Elmirin Nazlını vurduğunu başa düşdüm və qışqırmağa başladım. Elə bu vaxt Elmir hadisə yerindən qaçmağa başladı. Dərhal həyətə düşdüm və Nazlını qanlar içində arxası üstə uzanmış vəziyyətdə gördüm. Orda olan insanlar səs-küyə yığıldılar. Kimsə 103 xidmətinə zəng etdi. Lakin təcili tibbi yardım briqadası gec gəldiyi üçün oradakı insanlardan kimsə Nazlını avtomobillə xəstəxanaya apardı. Bir müddət sonra hadisə yerinə polis və prokurorluq əməkdaşları gəldi. Onlardan Nazlının yolda öldüyünü öyrəndim”.

“Qeyri-əxlaqi hərəkətin şahidi olmamışam”

Əsmər təqsirləndirilən Elmiri əvvəllər tanımadığını bildirib: “Elmir barəsində Nazlının pis danışdığının şahidi olmamışam. Nazlı ilə dörd ay birlikdə yaşamışıq. Ondan heç bir qeyri-əxlaqi hərəkətin şahidi olmamışam. Nazlı sadəcə olaraq xoşbəxt olmadığını dedi. Həmçinin Nazlı boşanmaq üçün məhkəməyə müraciət edib”.

Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Elmir 9 il 6 ay müddətə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər