26 Aprel 10:47
8 398
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ ilə Çin arasında Ay uğrunda rəqabət güclənib. ABŞ-nin Kosmos Agentliyinin (NASA) rəhbəri Bill Nelson Aya astronavt göndərilməsinin sürətləndirilməsinin vacibliyini bildirib. Onun fikrincə, ABŞ gecikərsə, Çin NASA-nı qabaqlaya bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Məqalədə bildirilir ki, Çinin kosmik proqramı sürətlə həyata keçirilir:

“Çin son 10 ildə kosmik tədqiqatlar sahəsində xeyli irəliləyib. Pekin kosmik tətqiqatlara böyük maliyyə ayırır.

Nelson bildirib ki, NASA “Artemis” proqramı əsasında amerikalı astronavtların Aya göndərilməsi proqramı üzərində fəaliyyətlərini davam etdirir. Astronavtlar Ayın cənub hissəsinə enməlidir. Bu, çox mürəkkəb layihə olduğundan maliyyənin artırılmasını tələb edir. Konqres məhz buna görə dinləmələr təşkil edib ki, Aya astonavtların göndərilib-göndərilməməsi məsələsini aydınlaşdırsın. Nelson konqresmenlərə xatırladıb ki, layihənin maliyyələşməsi vaxtında olmasa və gecikmə baş versə, Çin NASA-nı qabaqlayacaq. Nelson onu da deyib ki, Çinin kosmik proqramı hərbi xarakter daşıyır.

Çin öz taykonavtlarını Aya 2030-cu ilə qədər göndərməyi planlaşdırır. Əgər Çin taykonavtlarını ABŞ astronavtlarından daha tez Aya göndərərsə, enmə ərazisi Çinə məxsus olacaq.

Bu, NASA rəhbərinin Çinin kosmos missiyaları ilə bağlı narahatlığını ifadə etdiyi ilk hal deyil. O, keçən il bildirmişdi ki, ABŞ Müdafiə Nazirliyinin kosmos yarışı potensialını qiymətləndirən 196 səhifəlik hesabat dərc etdikdən sonra Yer üzündə ABŞ və Çin arasında geosiyasi gərginlik Aya qədər uzana bilər”.

Mərkəzin ekspertləri qeyd edirlər ki, soyuq müharibə illərində kosmosda rəqabət ABŞ ilə SSRİ arasında gedib:

“Kosmosa ilk peyk göndərən SSRİ olub, ilk kosmonavt da SSRİ vətəndaşı idi. ABŞ bu yarışda birinciliyi əldən versə də, Aya ilk astronavtı göndərən ölkə oldu. 1969-cu il iyulun 20-də Aya ayaq basan Neil Armstronqun bu sözləri tarixə düşmüşdü: “Bu, mənim üçün kiçik bir addım, bəşəriyyət üçün nəhəng sıçrayışdır”.

SSRİ-nin varisi kimi Rusiya kosmik proqramları davam etdirsə də, keçmiş illərdə olduğu kimi böyük layihələrə maliyyə ayıra bilmir. Bu səbəbdən hazırda kosmik tədqiqatlarda rəqabət ABŞ-la Çin arasında gedir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər