6 Dekabr 20:58
289

Mediada, mətbuatda çalışanların özləri mədəniyyət hadisəsinə laqeyddirlər.

Bu sözləri Teleqraf.com-a tanınmış şair Salam Sarvan medianın ədəbi-mədəni hadisələrə laqeydliyindən danışarkən deyib.

Onun sözlərinə görə, oxucuların tələbatıyla hesablaşmağa məcbur olduqları barədə sayt redaktorlarının arqumentləri ciddi deyil:

“Düzdür, oxucu üçün şou elementləri, kriminal və zorakılıqla bağlı xəbərlər daha maraqlıdır. Ancaq mədəniyyətlə bağlı hər hansı bir hadisə baş veribsə, məsələn, kitab çıxıbsa, hansısa teatrda yeni tamaşa qoyulubsa, bu haqda kiçik bir xəbəri saytın bir küncünə qoymaq nə problem yaradır ki? Çox asanlıqla bunu edə bilərlər.

Deməli, məsələ heç də oxucunun istəyinə, zövqünə uyğunlaşmaqda deyil, sadəcə, bizim mediada, mətbuatda çalışanların əksərinin mədəniyyət hadisəsinə, mədəniyyətə münasibəti belədir. Bunu oxucuların tələbatı ilə bağlamaq, günahı oxucuların boynuna qoymaq məntiqli görünmür”.

Xatırladaq ki, Salam Sarvanın “Heykəl tənhalığı” şeirlər kitabı “Qanun” nəşriyyatında yenicə çap olunub. Şair kitabla bağlı cəmi 3 saytın xəbər verdiyinə aid sosial şəbəkədə ironik status yazıb.


Müəllif: Xəzər Süleymanlı