Azərbaycanda kommunistlərin aktivləşməsi, fikrimcə, o qədər də təhlükə doğurmur. Çünki nə SSRİ dövründə, nə də ondan sonrakı dönəmdə Azərbaycanda kommunist ideyalarına bağlı güclü kontingent olub.
Bu fikirləri Teleqraf.com-a Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa son dönəmlər Azərbaycan kommunistlərin fəallaşmasını şərh edərkən deyib.
Onun sözlərinə görə, çox az sayda şəxslər özlərini kommunist ideallarına həsr edərək bu ideologiyaya inanıblar:
“Diqqət etsəniz, görərsiniz ki, SSRİ süqut etdikdən sonra postsovet ölkələri içərisində kommunist partiyalarının ən zəif olduğu ölkə Azərbaycan oldu. Bu partiyanın və ideologiyanın dirçəldilməsi istiqamətində sanballı siyasətçilər ortaya çıxmadı. Ciddi təşkilatlanma da müşahidə edilmədi. Odur ki, bu xətti Azərbaycanda ciddi təhlükə kimi görməyin tərəfdarı deyiləm”.
Fazil Mustafa hesab edir ki, Azərbaycan kommunistləri çox kiçik və marjinaldır, üstəlik arqumentləri çox zəifdir:
“Məsələn, biz Azərbaycan kommunistləri ilə Rusiya kommunistlərini müqayisə etsək, fərqli nəticələrə gələ bilərik. Çünki Rusiyada bir model və ənənə olaraq kommunist düşüncəli böyük kütlənin mövcud olduğu realdır. Ancaq bu gün Rusiyada kommunist partiyasının başında duran şəxslər belə müəyyən dərəcədə liberal siyasətə göz yumur, sosializmi totalitarizmin metodlarını mənimsəyən formatda tanımırlar. Onlar daha çox parlament demokratiyası modeli içində yerləşməyi məqbul sayır, ümumbəşəri dəyərlərə qarşı sərt mövqe tutmurlar. Azərbaycanda isə “biz də varıq və mövcuduq” demək üçün bir neçə əhəmiyyətsiz və təsir gücü olmayan kommunist fərdlər mövcuddur”.
Fazil Mustafa hesab edir ki, Azərbaycanda ən böyük təhlükə kommunist partiyası deyil, cahil dini partiyalardır:
“Mən hesab edirəm ki, cahil dini partiyaların təşkilatlanması ölkəmiz üçün daha böyük təhlükədir. Xüsusilə, irançı zehniyyətə sahib cahil dini təşkilatlanma modeli və bəzi ərəb ölkələrinə dayanan qatil anlayışla yetişən sərt radikal dinçi zehniyyətin təşkilatlanmasının ölkəmiz üçün daha böyük təhlükəsi var. Ona görə də kommunistlər istiqamətinə yönəlməyimiz o qədər effekt verməyəcək. Ola bilsin ki, kommunistlər Rəsulzadəni tənqid edəcək, gedib 26 Bakı komissarlarının məzarında eşələnəcək və s. Bunlar ciddi məsələlər deyil. Onsuz da Azərbaycanda başqa ölkələrin təsirində olan, sabah hər hansı bir ölkənin işğalını arzu edən insanlar var. Bunlar təkcə alt qatlarda deyil, vəzifə tutan şəxslər içində də var. Bunun işarələrini görmək olar. Amma bütövlükdə Azərbaycanın çətin durumunda yenə də ölkənin müstəqilliyini qoruyacaq ayrı bir baza, nəsil var. Bu nəsil onsuz da hər şeyə rəğmən, qoruma anında öz sözünü deyəcək. Lakin yuxarıda qeyd edilən qüvvələrin olması ürəkbulandırma məqsədi güdür. Və bunlara da çox vaxt ayırmağa ehtiyac yoxdur. Əsas təhlükənin mənbəyini başqa yerdə axtarmaq və ona qarşı addımlar atmaq daha vacibdir”.
Xatırladaq ki, son zamanlar Azərbaycanda özlərini kommunist adlandıran bəlli qüvvələrin aktiv fəaliyyəti müşahidə edilir. Onlar gah 26 Bakı komissarlarının məzarını ziyarət edir, gah Azərbaycan Xalq Cümhuriyyətinin qurucularını aşağılayaraq nökər adlandırır, gah da oktyabr inqilabının 100 illiyini böyük sevinclə qeyd edirlər.