21 İyul 2016 13:52

“Bu fərmanın imzalanması Türkiyə ilə Azərbaycan arasında bu ilin iyunun 3-də Bakıda imzalanmış protokolun həyata keçirilməsi ilə bağlıdır. Birincisi, bu, Azərbaycanın Konstitusiyasına və Hərbi Doktrinasına uyğundur. Milli Məclis tərəfindən qəbul edilmiş, Prezident tərəfindən təsdiq edilmiş Hərbi Doktrinamızda istisna hallarda Azərbaycan ərazisində xarici silahlı qüvvələrin yerləşdirilməsinə icazə verilir. Hal-hazırda söhbət Azərbaycan ərazisində Türkiyə Silahlı Qüvvələrinin hərbi bazasının yerləşdirilməsindən getmir”.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə deyib.

Qeyd edək ki, Prezident İlham Əliyev iyulun 20-də Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında “Qızıl Şərq” hərbi şəhərciyində yerləşən bina və tikililərin, Hacı Zeynalabdin qəsəbəsindəki aerodromda yerləşən bir terminal binasının Türkiyə Silahlı Qüvvələri şəxsi heyətinin istifadəsi üçün ayrılması haqqında protokolun təsdiq edilməsi barədə fərman imzalayıb. Fərmanda Azərbaycan Müdafiə Nazirliyinə protokolun müddəalarını həyata keçirmək tapşırılıb.

Bu fərman sosial şəbəkələrdə “Azərbaycanda Türkiyənin hərbi bazası yaradılır, türk ordusu Azərbaycana daxil olur” və sair kimi şərh olunur.

Bununla əlaqədar olaraq müraciət etdiyimiz A.Mirzəzadə deyib ki, Prezident İlham Əliyevin dünən imzaladığı fərmanla ayrılan yerlərdə yerləşən Türkiyə nümayəndələrinin təyinatı və fəaliyyəti ilə bağlı əlavə məlumat veriləcək: “Bununla belə qeyd etməliyəm ki, birincisi, bu hərbi baza deyil və heç bir halda Azərbaycanın nə suverenliyinə, nə də ərazi bütövlüyünə ziddir. İkincisi, Azərbaycan və Türkiyə strateji əməkdaşlığı artıq ən yüksək səviyyəyə çatdırıb. Bütün sahələrdə, o cümlədən hərbi-texniki sahədə yüksək səviyyədə əməkdaşlığımız var.

Artıq bir neçə ildir ki, Türkiyə və Azərbaycan Silahlı Qüvvələri birgə hərbi təlimlər keçirirlər və hər iki ölkə ordusunun silahlanması, strategiya və taktikanın ümumiliyi ilə bağlı artıq çoxdan iş gedir. Birgə silahlar istehsal edilir və eyni zamanda hərbi əməkdaşlıqla bağlı vaxtaşırı birgə təşəbbüslər irəli sürülür. Bunlar hər iki ölkənin milli maraqlarına cavab verir. İlk növbədə bu, həm Türkiyənin, həm də Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin qorunması üçün böyük bir zəmindir”.

Komitə sədrinin müavini bildirib ki, Azərbaycan ərazisindən xarici silahlı qüvvələrin bu və ya digər formada istifadəsi nümunəsi artıq var: “Azərbaycanın hava limanları artıq uzun bir müddətdir ki, ABŞ və Avropadan gələn, Əfqanıstana yönələn hərbi təyyarələrin qəbulu və texniki qulluqla istiqamətində işləyirlər. Türkiyə Silahlı Qüvvələrinin isə hansı fəaliyyətlə məşğul olacağı ilə bağlı əlavə məlumat veriləcək. Bir daha qeyd etmək istəyirəm ki, bu, heç bir halda Azərbaycanın nə suverenliyinə, nə də müstəqilliyinə ziddir.

Digər tərəfdən hesab edirəm ki, bu cür məntəqələrin yaranması xaricdə Azərbaycan ərazi bütövlüyünü şübhə altına alan müəyyən dairələr üçün qonşumuz Türkiyə tərəfindən çox ciddi bir xəbərdarlıqdır və heç kimdə şübhə yaranmasın ki, bu iki ölkə bir-birinin ərazi bütövlüyünün qorunmasında beynəlxalq hüququn imkan verdiyi əməkdaşlıqdan maksimum istifadə edəcəklər. Həmçinin qeyd edim ki, gələcəkdə Türkiyə ərazisində Azərbaycan Silahlı Qüvvələrinin də bu və ya digər funksiya yerinə yetirən məntəqlərinin yaradılması tamamilə mümkün olan bir məsələdir. Belə inteqrasiya forması dünyanın bir çox ölkələri arasında var və Azərbaycan da bundan uğurla istifadə edəcək”.

Səxavət HƏMİD


Müəllif:
Загрузка...