7 Aprel 2016 15:26
2 481
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya xarici işlər naziri Sergey Lavrov Bakıda danışıqlar aparıb. O, həm prezident İlham Əliyevlə görüşüb, həm də Azərbaycan, İran, Rusiya xarici işlər nazirlərinin toplantısında iştirak edib.

2-5 aprel tarixlərində cəbhədə baş verən qanlı toqquşmalar, Azərbaycan ordusunun 8 yüksəkliyi düşməndən azad etməsi fonunda Lavrovun səfəri maraq doğurmaya bilmir.

Qeyd edək ki, cəbhədə baş verən döyüşlər məhz Moskvanın təşəbbüsü nəticəsində dayanıb, Azərbaycan və Ermənistanın baş qərargah rəisləri Rusiya paytaxtında hərbi əməliyyatları dayandırmağa dair razılıq əldə edib.

Bundan sonra isə xəbərlər yayılıb ki, hərbi əməliyyatlar dayandırıldıqdan sonra “Lavrov planı” işə düşəcək. Başqa sözlə, Moskva danışıqlar prosesində yeni təkliflərlə çıxış edəcək.

Düzdür, hazırda Lavrov Bakıda səfərdədir, sabah isə Moskvada Ermənistan xarici işlər naziri Nalbandyanla müzakirələr aparacaq. Üstəlik Lavrov Bakıda bildirib ki, Dağlıq Qarabağdakı böhranın aradan qaldırılması üçün bütün komponentlər praktiki olaraq mövcuddur. O, əlavə edib ki, Bakı səfərində Qarabağ məsələsi müzakirə olunub: “Rusiyanın vasitəçiliyi ilə əldə olunmuş hazırkı atəşkəs bizi sakitləşdirməməlidir. Münaqişənin siyasi həlli üçün yollar tapılmalıdır. Rusiyanın baş naziri Dmitri Medvedev sabah İrəvandan Bakıya gələcək. Biz həm Ermənistanla, həm də Azərbaycanla dost ölkə kimi sülhün bərqərar olması üçün əlimizdən gələni edəcəyik”.

Ancaq iş ondadır ki, “Lavrov planı” deyilən və müzakirə olunan yeni təkliflər haqqında məlumat yoxdur.

Üstəlik bu təkliflərdə münaqişənin mərhələli həll mexanizminin, yoxsa paket həlli formasının irəli sürüldüyü də bəlli deyil.

Ancaq Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan sülh danışıqları və müzakirələrdə ən təcrübəli diplomat Sergey Lavrov hesab olunur. Bu şəxs uzun illərdir ki, Rusiya xarici siyasət idarəsinə rəhbərlik edir və danışıqlar prosesində iştirak edir. Xarici diplomatlar içərisində Lavrov qədər bu münaqişə ilə bağlı danışıqlar prosesindən məlumatlı olan ikinci şəxs, bəlkə də, yoxdur.

“5 rayonu işğaldan azad edilir, iki rayon...”

Картинки по запросу Zərdüşt Əlizadə
Politoloq Zərdüşt Əlizadə deyir ki, Rusiyanın səyləri ondan ibarətdir ki, münaqişə donmuş formada qalsın. Onun sözlərinə görə, ola bilsin ki, format dəyişsin, amma Rusiya münaqişənin yenə də nəzarətində qalmasını istəyəcək: “Lavrov planının mahiyyəti ondan ibarətdir ki, Ermənistan 5 rayonu işğaldan azad edir, iki rayon Rusiya hərbçilərinin nəzarətində qalır və Dağlıq Qarabağın statusu istiqamətində danışıqlar davam etdirilir.

Sülhməramlılar adı altında isə ancaq Rusiya hərbçiləri olur. Fikrimcə, “Lavrov planı” bundan ibarətdir.
Qeyd edim ki, Ermənistan buna razı deyil. Azərbaycan tərəfi də bu formata tam yaxınlaşmaq istəmir. Amma eyni zamanda tərəflər kompromisə gəlib münaqişəni birdəfəlik həll etmək də istəmir”.

Mütəxəssis deyir ki, hazırda danışıqlar prosesində Azərbaycan nisbətən güclü mövqedədir, ancaq hər şey həm də Rusiyanın Ermənistana verəcəyi dəstəkdən asılıdır: “Ermənistanın gücü Rusiyanın gücüdür. Ermənistan iqtisadiyyatına və ordusuna faktiki Rusiya nəzarət edir. Rusiya Ermənistana nə desə, İrəvan da onu edəcək. İndiki halda Ermənistandan müstəqil olaraq hansısa təşəbbüs gözləməyə dəyməz”.

Politoloq “Qarabağ problemini kim həll edəcəksə, Cənubi Qafqazda da həmin ölkənin mövqeləri güclənəcək” yanaşmasını da şərh edib: “Bu, mücərrəd yanaşmadır. Bir var reallıq, bir də var mücərrəd fikirlər. İndi Cənubi Qafqazda yeganə və real güc Rusiyadır. Amerika, Avropa Birliyi bu regionda heç nə edə bilməzlər. Onlar iqtisadiyyatla bağlı müqavilə imzalaya, layihələr həyata keçirə bilərlər. Lakin regionda hərbi-siyasi güc Rusiyadır. Bunu ABŞ, Avropa Birliyi, Fransa və digər ölkələr də bilir. Hesab edirəm ki, hələlik gözləmək lazımdır”.

“Rusiya təzyiq vasitəsilə Ermənistana hansısa təklifləri qəbul etdirə bilər”

Картинки по запросу Professor Əli Abbasov

Professor Əli Abbasov isə düşünür ki, Rusiyanın təkliflərində yeni ideyaların olması inandırıcı deyil. O, hesab edir ki, yeni təşəbbüsdə “Madrid prinsipləri”nin yenilənmiş modifikasiyası ola bilər:

“Ola bilsin ki, burada bir neçə rayonun boşaldılması və dərhal danışıqlar prosesinin başlanması məsələsi olsun. Ancaq ermənilər buna razı deyil. 20 ildir ki, bu söhbətlər gedir, mümkün bütün həll variantları təklif edilib. Lakin tərəflərdən biri və ya digəri bu təklifləri qəbul etməyib. Yenilik ondan ibarət ola bilər ki, münaqişə tərəfi olan dövlətlərin ikisi də Avrasiya Birliyinə daxil olsun və sərhəd məsələsi əhəmiyyət daşımasın. Zənn etmirəm ki, buna kimsə getsin.

Əvvəlki dövrdə münaqişə bölgəsinə sülhməramlıların cəlb olunması təklifləri irəli sürülüb. Lakin Heydər Əliyev bu təklifi müsbət hesab etməyib. Məncə, artıq ermənilər bir reallığı başa düşüb. Artıq onların tərəfini saxlayan ya yoxdur, ya da azdır. Özləri də etiraf etdilər ki, son hadisələr zamanı heç kim Ermənistana köməklik göstərmədi. İndi onlar oturub düşünməli və hansı planı qəbul etmələrini müəyyən etməlidirlər. Ancaq aydındır ki, Rusiya təzyiq vasitəsilə Ermənistana hansısa təklifləri qəbul etdirə bilər. Ancaq Rusiyanın özü hələlik buna getmir”.

Nemət


Müəllif: