21 May 2016 11:57
779

“Respublikaçı Alternativ” (REAL) Hərəkatının İdarə Heyətinin üzvü Erkin Qədirli Qarabağ danışıqları ilə bağlı Teleqraf.com-un suallarını cavablandırıb.

-Mayın 16-da Azərbaycan və Ermənistan prezidentləri arasında Vyanada keçirilən görüşün nəticələrindən gözləntiləriniz nədən ibarətdir?

-Mənim elə bir gözləntim yoxdur. İndiyədək çoxsaylı görüşlər keçirilib, ancaq nəticəsiz başa çatıb. Yəni mənim bununla bağlı heç bir fikrim yoxdur.

-Ancaq bu görüş bir qədər fərqli atmosferdə keçdi. 1994-cü ildən sonra qoşunların təmas xəttində ən böyük toqquşma məhz bu görüşdən bir ay yarım əvvəl baş verdi...

-Yox, hətta bu hadisədən sonra mənim Qarabağ danışıqları ilə bağlı fikirlərimdə dəyişiklik yoxdur. Yeganə dəyişiklik odur ki, Azərbaycan hücuma keçdi, ordumuz uğur qazandı. Buna görə ordumuza “çox sağ ol” düşür. Ancaq diplomatların bu işdə heç bir rolu yoxdur. Ola da bilməz əslində. Çünki bu problem diplomatik yolla həll olunacaq problem deyil. Güc yolu ilə yaranmış problem güc yolu ilə də həll oluna bilər.

-Bismarkın məşhur sözündə deyildiyi kimi...

-Bismarkın hansı sözünü nəzərdə tutduğunuzu bilmirəm. O, çox söz deyib. Amma prinsipcə burda heç Bismarkın hansısa sözünə ehtiyac da yoxdur. Kor kor, gör gör... Ərazimizə soxulublar, biz də xahiş edirik ki, çıxın. Belə şey olmaz. Heç vaxt belə şey olmayıb.

-Belə bir fikir var, Ermənistana vaxt verilib ki, öz daxilində ictimai rəyi hansısa qərarlara hazırlasın.

-Bu gün Azərbaycanın irəli sürəcəyi yeganə şərt ermənilərin torpaqlarımızdan çıxması ilə bağlı ola bilər. Bizim başqa nə şərtimiz ola bilər ki?! Bir məqamı da qeyd edim. Vyana görüşü ilə bağlı rəsmilərimiz informasiya vermədilər. Ona görə də təbii ki, Ermənistandan gələn xəbərlərə baxırıq. Amma mən Ermənistandan gələn xəbərlərə güvənmirəm. Hər halda onlar da nə deyirlərsə, öz xeyirləri üçün deyirlər. Nə üçün də güvənməliyəm?! Ermənistan mənim düşmənimdir, gəlib torpaqlarımızı işğal edib, mən indi onun informasiyasına güvənim?

-Rusiyanın xarici işlər naziri Sergey Lavrov Vyanada görüşün yekunlarına dair keçirdiyi mətbuat konfransıda bildirdi ki, məqsəd münaqişənin tam olaraq nizamlanmasına doğru irəliləyərək işi sona çatdırmaqdır və tərəflər arasında vəziyyətin kifayət qədər gərgin olduğunu nəzərə alaraq, bunu mərhələli şəkildə etmək lazım olacaq. Mərhələli həll planına münasibətiniz necədir?

-Mənfidir.

-Niyə?

-Çünki mərhələli həll planının yekunu Qarabağın itirilməsidir. Sonda gələcək referendum söhbəti mərhələli həll planında ən narahatedici məqamdır. Azərbaycana 5 rayonu verəcək, sonra da deyəcəklər sən güzəştə get. Nədə güzəştə gedəsən?! Azərbaycanın güzəştə gedəcəyi heç nə yoxdur.

Daha sonra deyəcəklər referendum keçirilsin, referendum zamanı da ermənilər çoxdur, götürüb səslərin çoxunu onlara yazacaqlar. Bu da olacaq, guya Qarabağ legitim yolla müstəqilliyini elan edib. Mərhələli həll planına qətiyyən razılıq vermək olmaz. Ondansa bir neçə il də gözləyək və fürsət düşən kimi hücuma keçək və müharibəni udaq.

-Münaqişənin həlli ilə bağlı bir neçə variant var. Mərhələli həll, paket həll...

-Bu variantlar 90-cı illərin sonundan var. Eyni şeylərdir, heç nə dəyişməyib. Bəlkə bir vergülü bu tərəfə çəkiblər, bir-iki söz əlavə ediblər. 90-cı illərdə masanın üstündə nə var idisə, bu gün də o var.

-Siz irəli sürülən bu təkliflərin hansını qəbul edirsiniz?

-Bilirsiniz, məsələyə münasibət kökündən yanlışdır. Paket-filan... Bunlar hamısı gözəl sözlərdir və gözə kül üfürməkdir. Bu təkliflərin heç biri Qarabağın Azərbaycanda qalacağına zəmanət vermir. Problem budur. Vasitəçilərin münaqişəyə yanaşması da bizi qane etmir. Onlar Qarabağı mübahisəli ərazi sayırlar.

Gürcüstana gələndə deyirlər ki, biz Abxaziya və Cənubi Osetiya da daxil olmaqla Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyirik. Moldovaya gələndə deyirlər biz Dnestryanı ərazi də daxil olmaqla Moldovanın ərazi bütövlüyünü dəstəkləyirik. Ukrayna ilə bağlı birmənalı olaraq deyirlər ki, Krım, Donbas Ukraynanın ərazisidir. Bizə çatanda deyirlər ki, bəs, Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəkləyirik, amma Qarabağı daxil demirlər.

Qarabağa mübahisəli ərazilər deyirlər. Bu yanaşmadan sonra sənədlərə nə yazırsan yaz, bu, bizə yaxşı heç nəyin zəmanətini vermir. İstənilən zaman bizim əleyhimizə işləyə bilər.

-Ermənistan tərəfi bildirdi ki, danışıqlar zamanı təmas xəttində kameraların və digər cihazların yerləşdirilməsi məsələsinə baxılıb...

-Bu, çox riyakar və tamamilə boş söhbətdir. Nə kamera?! Orda döyüş gedəcəksə, kamera burda nə edəcək?! Guya indi bilmirlər kim atır? Kim birinci başlayır?! Kasprşik hər ay ora gedir. Onların orda adamları var. Hər iki tərəfdə oturub baxır, monitorinq edirlər. Kamera qoysalar, nə olasıdır ki?! Yol polisi bütün traslara kameralar düzüb. Nədi, hərəkət qaydalarını pozan, sürət həddini aşan, xətti keçən yoxdur?! Kamera heç nəyi həll etmir ki… Əksinə, hətta kamera bizim əleyhimizə işləyəcək. Biz niyə öz ərazimizə kamera yerləşdirməliyik ki?! Mənim sərhəd zolağımda əsgərlərimin hərəkətlərini güdmək üçün…

İstənilən halda işğalçı ordu mənim torpaqlarımdadır. Bu faktın özü bütün başqa qanunsuzluqları doğurur. Əgər Ermənistanla Azərbaycan sərhədində – Qazaxda, Tovuzda kamera quraşdırılsaydı, bunu başa düşmək olardı. Yaxşı, bu, Ermənistanın hüquqi ərazisidir, yaxşı quraşdıraq görək, kim kimlədir. Amma bu mənim ərazimdir. Sənin ordun mənim ərazimdə nə gəzir?!

-Siz özünüz Dağlıq Qarabağ münaqişəsinin həllini necə görürsünüz?

-Mən münaqişənin həllini ancaq güc yolu ilə görürəm. Əgər məsələnin bizim xeyrimizə həllini istəyiriksə, mən başqa variant görmürəm.

-Güc yolu da risklidir…

-Əlbəttə, risklidir. Hər şey risklidir. Danışıqlar ondan da risklidir. Bayaqdan bəri danışırıq, mərhələli həll variantını seçəcəksən, hesab elə ki, Qarabağ əldən getdi. Paket həll yolunu seçəcəksən, ərazimizi artıracaqsan, hesab elə Qarabağ getdi. Amma burda heç olmasa ehtimal var ki, sənin ordun qalib gələ bilər.

Mən demirəm ki, düşünmədən sabah biz hücuma atılaq. Yox, təbii ki, bunu demirəm. Amma hazırlaşmaq, düşmənə güc göstərmək və anı gözləmə lazımdır. Elə gətirə bilər ki, bizim ordumuzun hücumu ümumi siyasi fonda böyük bir problem yaratmayacaq. İndi çətindir, əlbəttə. Hər şey çətindir. Asan nə var ki?!

Səxavət HƏMİD


Müəllif: