18 Oktyabr 2017 08:39
879
12 Punto 14 Punto 16 Punto 18 Punto

Neftin qiymətinin 59 dollara kimi yüksəlməsi kifayət qədər müsbət nəticədir.

Bunu Teleqraf.com-a açıqlamasında iqtisadçı İlham Şaban deyib.

Onun sözlərinə görə, neftin qiyməti ötən həftə 56 dollar civarinda olub: “Bu gün neftin qiyməti 59 dollara qalxıb. Bu, kifayət qədər yüksək nəticədir. Qeyd edim ki, hər həftənin 3-cü günü ABŞ neft ehtiyatları ilə bağlı hesabat açıqlayır. Ondan əvvəl isə adətən proqnozlar səslənir.

İndiki proqnozlar göstərir ki, ABŞ-ın neft ehtiyatları azalmağa doğru gedir. Bu azalmanın sonunda qazma qurğularının sayı da azalır. Nəticədə hasilat qiymətlərində treyderlər çox pozitiv bir dinamika nümayiş etdirirlər ki, Amerika bazarında ehtiyatlar azalırsa, artıq qiymətlərdə artıma doğru meyl olacaq.

Sabah təxminən saat 18 radələrində Amerikada neft ehtiyatları açıqlanan zaman proqnozların özünü nə dərəcədə doğrultduğu bilinəcək. Bir gün səbirli olub, nəticələri gözləməliyik”.

İlham Şaban bildirib ki, bu ilin birinci yarısı Brent markalı neft 52 dollardan bir qədər baha olub: “İyul-avqust aylarında neft 50 dollardan aşağı göstəricidə idi. Son ay yarımdakı qiymət artımı isə həddən artıq yaxşı dinamikadır. Sentyabrı avqust ayı ilə müqayisə etsək, neftin qiymətində 10 faiz yüksəliş olub. Oktyabrın 2 həftəsində neftin qiyməti 56 dolları ötüb”.

Eskpert qeyd edib ki, noyabrın sonunda OPEC-in nöbvəti konfransı olacaq: “Ora bazar iştirakçıları və OPEC+ yeni oyunçuları dəvət ediləcək. Neft bazarındakı vəziyyət müzakirə olunacaq.

Səudiyyə Ərəbistanı neftin gündəlik hasilatını 700 min bareldən azaltmağa başlayacağını açıqlayıb. Bazarda belə hadisə baş verərsə, qiymətlərdə müsbət addım olacaq.

Digər tərəfdən, Afrikanın 7 ölkəsi OPEC+ sazişinə qoşulması ilə bağlı açıqlama verdi. Proqnozlara görə, noyabrda da neftin qiymətinin bu civarda qalması ehtimalı böyükdür. Vyana konfransında müsbət qərar qəbul edilərsə, dekabrda da qiymət artımı gözləmək olar”.


Müəllif: İlhamə Əbülfət