14 Avqust 2014 12:05

Vergilər Nazirliyi bir neçə borclu vergi ödəyicilərinin əmlakını siyahıya alıb. Nazirliyin Analitik-informasiya şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, Bakı şəhəri Vergilər Departamentinin Vergi Borclarının Alınması İdarəsinin əməkdaşları tərəfindən “Tekoplast” şirkətinin Nərimanov rayonu, Ziya Bünyadov prospekti, 146A ünvanında yerləşən mağazasında əmlakın siyahıya alınması tədbirləri keçirilib.

Vergi ödəyicisinin fəaliyyəti vergi orqanları tərəfindən araşdırılarkən, onun 15 185,76 manat məbləğində vergi borcunun yarandığı müəyyən edilib, bu barədə vergi ödəyicisinə bildiriş göndərilsə də, borc məbləği qanunvericilikdə nəzərdə tutulan müddətdə ödənilməyib. Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən, yaranmış vergi borcunun ödənilməsini təmin etmək məqsədilə obyektdəki əmlakın siyahıya alınması haqqında qərar çıxarılıb, 2 680 manat dəyərində məişət avadanlıqları, qapı və pəncərə dəmirləri müəyyən edilmiş qaydada siyahıya alınıb.

Həmin gün vergi əməkdaşları Nəsimi rayonu, Xətai prospekti, 32 ünvanda yerləşən, fiziki şəxs Məlikov Şahid Hüseyn oğluna məxsus tikinti materialları mağazasında da əmlakın siyahıya alınması tədbirlərini həyata keçiriblər. Vergi ödəyicisinin 6 276,39 manatlıq vergi borcu olduğundan, borcun ödənilməsinin təmin edilməsi məqsədilə obyektdəki 7 130 manat dəyərində santexnika avadanlıqları müvafiq qaydada siyahıya alınıb.

Əmlakın siyahıya alınması ilə bağlı daha bir tədbir Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, 160A ünvanda yerləşən “N.Med center” MMC-də aparılıb. Vergi ödəyicisinin 5 214,84 manat məbləğində vergi borcunun ödənilməsini təmin etmək üçün mağazadakı 5 100 manat dəyərində tibbi avadanlıqlar və ləvazimatlar müəyyən edilmiş qaydada siyahıya alınıb.

Naibə


Müəllif:
Загрузка...