28 Sentyabr 2017 10:15
3 684
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Röya Ayxan ayın 29-u Gənclik Molda 2005-ci ildən indiyədək konsertlərdə geyindiyi libaslarının təşkil olunacaq sərgisi ilə bağlı mətbuat konfransı keçirib.

Teleqraf.com xəbər verir ki, mətbuat konfransda müğənni ilə yanaşı, onun mətbuat katibi Türkan Məmmədli, bəstəkar Aytən İsmixanova da iştirak edib.

Əməkdar artist mətbuat konfransında bildirib ki, sərgidə modelyer Səbinə Hüseynin son 15 il ərzində müğənni üçün hazırladığı səhnə kostyumları nümayiş olunacaq.

İfaçı "First Fashion Lab" moda evini özü üçün bir laboratoriya kimi xarakterizə edib:

“Bu, adi moda evi deyil ki, kimsə gəlib şalvarının balağını kəsdirsin və ya ətəyini tikdirsin. Orada peşəkar dizayner və dərzilər fəaliyyət göstərir. Çox istərdim ki, filmlər üçün kostyumlar hazırlayaq. Təbii ki, tək əldən səs çıxmaz. Bu işdə Səbinə Hüseynin rolu böyükdür. Səbinənin istedadına və bacarığına güvəndiyim üçün onunla birlikdə "First Fashion Lab"ı açdıq. Bu gün onun adından sizdən üzr istəyirəm. Xəstə olduğu üçün burada iştirak edə bilmədi”.

Röya "First Fashion Lab"da olan geyimlərin qiymətləri haqqında məlumat verib:

"Bahalı geyinməyi xoşlayıram, sənət dostlarım üçünsə qiymət söhbəti ola bilməz. Lakin çəkilən əziyyətin haqqını da yemək olmaz. Biz brend geyimləri təkcə fasonlarına görə yox, həm də parçasına görə seçirik. Bizim moda evində lüks markaların bahalı parçalarndan istifadə olunur. Səbinə parçalardan sadəcə geyim hazırlamır, mütləq öz ştrixlərini də əlavə edir, onun üzərinə əl işləri ilə bəzəyir. Geyimi bahalı və xüsusi edən də onun əl işləridir. Səhnə kostyumlarını hələ satmaq fikrimiz yoxdur. Amma gələcəkdə sata bilərəm.

Səhnə geyimi var ki, 30 min manata hazırlanıb. Onu mən həmin məbləğə sata bilmərəm, axı. Düzdür çox böyük pullara satılmalıdır, amma biz hələ buna hazır deyilik. Bizdə pafos çox yüksəkdir. Deyirlər ki, mən o paltarı geyinə bilmərəm. Eyni libası iki nəfər geyinəndə belə mübahisələr başlayır. Amma geyimlərimin satılması üçün sərgi təşkil olunsa, əldə olunan vəsait ehtiyacı olan yerlərə köçürüləcək".

Ulduz moda evinin hər kəsin üzünə açıq olduğunu deyib:

"First Fashin Lab" təkcə mənim üçün deyil. Qapılar hamının üzünə açıqdır. Bəlkə də mənim adım olduğu üçün bizim moda evindən geyinmək istəmirlər. Ona görə də gözəllik salonu açmaq istəmirəm. Bilirəm ki, gəlməyəcəklər. Bizdə paxıllıq çoxdur. Bu, günü-gündən artır və məni əsəbiləşdirir. Ona görə də ancaq gənclərə kömək edə bilərəm”.

İki gün sonra Türkiyəyə yola düşməyə hazırlaşan Röya Ayxan oradakı işlərindən də söz açıb: "Hazırda bir mahnımız aranjimandadır. İnşallah, bu dəfə gecikməsək Yıldız Tilbe üçün hazırlanan diskdə mənim də ifam olacaq. Həmin layihədə bir çox türk ulduzların adı var".

İfaçı adı ilə bağlı olan brendi dünya bazarına çıxarmaq istəyindən söz açıb: "Əslində İstanbulu çox istəyirəm. Təkliflər də var. Gərək özüm gedim, həll edim. İstəyərəm ki, hər yerdə böyük dükanımız olsun. Cennifer Lopeslə stillərimiz oxşardır. Odur ki, Ceylonun "First Fashion Lab"dan geyinməsini çox istərdim. Onunla eyni markaları seçirik”.

Çoxdandır jurnalistlərlə görüşmədiyini müğənni yaradıcılıq planlarından da danışıb:

“Konsertlərə hazırlaşıram, tarixləri artıq bəllidir. İnşallah 12, 13, 14 yanvarda Heydər Əliyev adına Sarayında solo konsert proqramı ilə çıxış edəcəyəm. Çox düşündük ki, bu dəfə konserti hansı tərzdə edək. Rəşad Haşımovla olan konsertim bəlkə də həyatımda ilk konsert idi ki, əsəbiləşmədim. Qarşıdan gələn konserti isə Teymur Göyçayevin simfonik orkestri ilə birlikdə ərsəyə gətirəcəyik.

Amma bu sizi çaşdırmasın ki, köhnə mahnılar səslənəcək. Repertuar mənim olacaq. Həmin səhnədə simfonik orkestrlə birlikdə bizim musiqiçilər də olacaq. Yayda isə açıq hava konserti ilə Yaşıl Teatrda səhnəyə çıxacağam. Bunu Rəşad Haşımov çox istəyir. Mən də onun bu arzusunu yerinə yetirəcəyəm”.


Müəllif: Aytən