12 May 2018 08:42
2 393
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Cümhuriyyətinin qurucusu, ölkənin birinci baş naziri və prezidenti Mustafa Kamal Atatürk özündən sonra dövlət başçısı postunu Marşal Fevzi Çaxmağın tutmasını istəyib.

Teleqraf.com xəbər verir ki, bu barədə Mustafa Kamalın prezidentliyi dövründə dəftərxana katibi olan Həsən Rıza Soyak xatirələrində yazıb.

Atatürkün könlündə olan xələfinə daima hörmət və ehtiramla yanaşıb.

Mustafa Kamal Fevzi Çaxmağı önə çıxarırkən “şübhəsiz ki, müzakirə və seçim haqqı Türkiyə Böyük Millət Məclisinə aiddir. Ancaq mən bu mövzuda fikirlərimi demək istəyirəm” fikrini işlədib.

Həsən Rıza Soyak xatirələrində yazır ki, Fevzi Çaxmaq ətrafı ilə gözəl münasibətlər saxlamaqla hörmət qazanıb. Gözəl təşkilatçı, əlaqələndirici, kimsəni incitməyən şəxs kimi tanınıb.

Mustafa Kamalın Fevzi Çaxmaq haqqında fikirlərini Həsən Rıza Soyak xatirələrində belə qeyd edib:

“Şübhəsiz, müzakirə və seçim hüququ Türkiyə Böyük Millət Məclisinə məxsusdur. Ancaq bu mövzuda düşüncələrimi açıqlamaq istəyirəm. Ağla ilk ad olaraq İsmət Paşa gəlir. Onun bu ölkəyə böyük xidmətləri olub. Marşal Fevzi Çaxmaq da ölkəyə böyük xidmətlər göstərən şəxsdir və bununla yanaşı hər kəslə xoş münasibətlərə sahibdir.

Ətrafındakı insanların düşüncə və təkliflərini hər zaman təqdir edən Fevzi Çaxmaq heç vaxt qarşıdurmalarda yer almayıb. Bu səbəbdən Fevzi Çaxmaq Paşa dövlət rəhbərliyi üçün ən uyğun namizəddir”.

Qeyd edək ki, Marşal Fevzi Çaxmaq bir müddət icra vəkilləri heyətinin rəhbərliyini həyata keçirib. Müasir dillə desək, Türkiyənin baş naziri olub. Bu vəzifədə 18 ay çalışıb, paralel olaraq Milli müdafiə vəkilliyi (müdafiə naziri) vəzifəsini icra edib.

Fevzi Çaxmaq Paşa Mustafa Kamal Atatürkün vəfatından sonra prezidentliyə namizədlik təkliflərini rədd edib.

Baş nazir Cəlal Bayarın iki dəfə onu ziyarət etməsini və namizəd olmağa razı salmasını xoş qarşılamayıb.

Marşal siyasətə isti baxmayıb, hərbi xidmətə üstünlük verib. Ömrünün 22 ilini Türkiyə Silahlı Qüvvələrinin baş qərargah rəisi olaraq xalqına xidmət edib.


Müəllif: Cavad