19 İyul 2014 13:53
4 722
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hər bir xalq öz qəhrəmanları ilə öyünür. Məhz bu qəhrəmanlar canından, qanından keçməklə bu vətəni öz azadlığına, müstəqilliyinə qovuşdurur. Milli Qəhrəman Mübariz İbrahimov müstəqillik illərinin qəhrəmanı olsa da, onun fədakarlığı düşməni titrədəcək səviyyədə idi. Əbəs yerə bu mövzuya toxunmadıq. Buna səbəb Milli Qəhrəman Mübariz İbrahimov üçün hazırlanmış heykələ biganə münasibətdir. Teleqraf.com-un əməkdaşları heykəlin saxlandığı emalatxanaya baş çəkib heykəltəraş Vüqar İmanquliyevlə söhbət edərkən, bir daha bunu şahidi oldu...

Heykəltəraş Vüqar İmanquliyev bizimlə söhbətində bildiridi ki, bu heykəli yaratmaq onu çoxdan düşündürüb. Belə ki, heykəltəraş Rəssamlıq Akademiyasında təhsil aldığı zaman bu mövzuda 10-a yaxın eskiz hazırlayıb. Sonda isə Mübarizin döyüş zamanı əldə silah hücuma keçən vəziyyətdə təsvir olunduğu eskiz üzərində qərarlaşıb və bu eskiz əsasında qəhrəmanın heykəlini yaratmağı qarşısına məqsəd qoyub. Heykəlin hazırlanmasına 2011-ci ilin mart ayında başlayan sənətkar, nəhayət, iyun ayında möhtəşəm heykəl üzərindəki işləri yekunlaşdırıb. 2.2 metr hündürlüyündə olan bu heykəl öz əzəməti ilə seçilir. Heykəlin gipsdən hazırlanmış 2 versiyası var. Bunlardan biri hal-hazırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının foyesində, digəri isə biz bu yazını hazırladığımız emalatxanadadır.

Gənc heykəltəraş bildirdi ki, Tovuz Rayon İcra Hakimiyyətindən abidənin bu şəhərdə ucaldılması üçün ona müraciət olunsa da, sonradan səs-soraq çıxmayıb. O gündən heykəl emalatxanada sahibsiz qalıb. Bu heykəlin sahibsiz və yersiz qalması isə hər birimizi narahat etməlidir. Heykəltəraş V.İmanquliyev heykəlin üzərində müəyyən restavrasiya işləri aparılmalı olduğunu deyir. Gənc heykəltəraşın sözlərinə görə, hazırladığı işə sahib çıxan tapılmadığı üçün üzərində işləyə də bilmir: “İstəyən olsaydı, böyük həvəslə bunu hədiyyə edərdim. Belə qalmağı məni də narahat edir. Bu işdə heç də maddi maraq güdmürəm. Müraciət edən olsaydı, hədiyyə edərdim”.

Böyük heykəl olduğu kimi qalsa da, gənc heykəltəraş onun nisbətən kiçik modellərini bir neçə yerə hədiyyə edib. Belə ki, həmin modellər Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant, Şəmkir korpusunun komandiri Rövşən Əkbərova, Tovuz rayonunda ön cəbhədə yerləşən N saylı hərbi hissəyə və Azərbaycan İstiqlal Muzeyinə təqdim edilib. Dördüncü kiçik model isə dünən Sumqayıtda keçirilən sərgidə nümayiş olunub. Emalatxanada olduğumuz zaman heykəltəraşın heykəl üzərində müəyyən işlər apardığının şahidi olduq. Onun bu heykələ xüsusi münasibətinin olması nəzərə çarpırdı.

Ümumiyyətlə, gənc heykəltəraş hazırladığı heykəllərdə vətənpərvərliyə, milli ruha daha çox üstünlük verir. Bu isə onun vətənə sevgisindən irəli gəlir.

Bu heykələ sahib çıxanların olacağı ümidi ilə emalatxanadan ayrıldıq. Ona ümid etdik ki, sıradan bir müğənninin klipinə göz qırpmadan 10 minlərlə pul verən iş adamları, “ sponsorlar”, məclislərdə lovğalıq edib böyük hesablar verənlər hərdən bu kimi işlərə də cüzi xərc çəksələr, yaxşı olardı...

Anar Kəlbiyev

Foto: Elçin Murad


Müəllif: