20 May 2014 13:01
1 173

Ötən illərdəkindən fərqli olaraq bu yay qida zəhərlənmələrinin sayı çox ola bilər. Çünki bu ildən etibarən yay qidasının yoxlanılması yeni qaydalar əsasında həyata keçirilir.

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunun tələblərinə əsasən ərzaq məhsullarının laborator müayinələri, müəssisələrdə sanitar-gigiyenik qaydalarla əlaqədar yoxlamalar illik plana uyğun olaraq insan sağlamlığı üçün təhlükəli ola biləcək xüsusi risk qruplu obyektlərdə aparılacaq. Bu proses sahibkarların maraqlarının qorunmasına xidmət edir.

Yeni qaydaların tətbiqinə mart ayının 1-dən başlanıb.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Teleqraf.com-a deyib ki, sahibkarlıq subyektlərinə nəzarət edən dövlət qurumlarının səlahiyyətinin məhdudlaşdırılması müsbət sayılsa da, bəzi istehsalçılarin vəzifəsindən sui-istifadəyə səbəb olub. Birliyin apardığı yoxlamalar zamanı bu qənaətə gələn Eyyub Hüseynovun sözlərinə görə, yeni qanunvericiliyin imkan verdiyi nəzarətsizlikdən yararlanan bəzi istehsalçılar təhlükəli məhsullar istehsal edirlər: “Biz ictimai təşkilatıq, müdaxilə üçün hər hansı səlahiyyətimiz yoxdur. Bizim işimiz ancaq çatışmazlıqları üzə çıxarmaqdır. Mübarizə aparmaq isə istehlakçıların üzərinə düşür. Hazırkı məlumata görə, ölkədəki dondurma istehsal edən çoxsaylı müəssisələrdən yalnız ikisinin fəaliyyətini qənaətbəxş saymaq olar”.

Mövsümlə bağlı sərinləşdirici içki bazarında da vəziyyətin oxşar olduğunu deyən birlik sədrinin sözlərinə görə, satışda saxta məhsullar, keyfiyyətsiz içkilər həddindən artıq çoxdur: “İsti yay aylarında məhsulların təhlükəliliyi daha da artır və təsadüfü deyil ki, Avropa Birliyi Azərbaycanda yeni təşəbbüslə çıxış edib. Qida təhülkəsizliyi haqqında qanun hazırlanması təşəbbüsünü qaldırıb. Təhlükəli qidanın qarşını almaq üçün operativ müdaxilə edən işçi qrupunun yaradılmasını məsələsini irəli sürüb. Bu sahədə böyük problemlər yaşanır.

ABŞ-ın İnkişaf Agentliyi 2011-ci ildə AİB mütəxəssislərinə qiymətləndirmə alqoritmini öyrədib ki, bizim təşkilat da bu üsulla müəssisələrdə yoxlama aparıb, qida təhlükəsizliyi nişanı verir. Nəticələr artıq dövlət qeydiyyatına alınıb. Azərbaycanda bu nişana cəmi 3 müəssisə layiq görülüb”.

Eyyub Hüseynov restoran, şadlıq evi və digər iaşə müəssisələrindən şikayətlərin böyük qisminin məhz saxta içkilərlə bağlı olduğunu vurğulayıb: “Xüsusi qeyd edim ki, indiyədək yerli istehsala aid içki bazarında hələ bu nişanı verəcəyimiz bir müəssisə yoxdur. Dəqiq məlumatlar isə içki bazarında apardığımız yoxlamadan sonra məlum olacaq.

İçkilərdən əlavə, mövsümlə bağlı restoranlarda təqdim olunan digər qidalardan istifadə zamanı da müştərilər ehtiyatlı olmalıdır. Bildiyiniz kimi, şadlıq evlərində salatlar, qarışıq yeməklər təqdim olunur ki, onların da tərkibində hazırlandıqdan bir neçə dəqiqə toksik maddələr yaranmağa başlayır. Havalar isti olanda isə bu proses sürətlənir. Əhali mümkün qədər diqqətli olmalıdır”.

Naibə QURBANOVA


Müəllif: