6 İyul 2016 15:29

Əxlaqsızlıq yuvası saxlamaqda ittiham olunan Masallı rayon sakini, 1959-cu il təvəllüdlü Həbil Aslanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Həbil Aslanov inzibatçı işlədiyi Masallı rayonu Qəriblər kəndi ərazisində yerləşən “Çənlibel” istirahət mərkəzində əxlaqsızlıq yuvası təşkil edib.

İstirahət mərkəzində əxlaqsızlıq

Ötən ilin avqustun 4-də Sevil Mahmudova (ad və soyad şərti verilib) fahişəliklə məşğul olmaq üçün oraya gəlib. Həbil Aslanov həmin gün istirahət mərkəzində 6 saylı kotecdə Sevil Mahmudovanın kişi müştəriləri ilə görüşməsi üçün şərait yaradıb. Bunun üçün Həbil Aslanov həmin gün, saat 23.30 radələrində Babək Hüseynovun Sevil Mahmudova ilə intim əlaqədə olması üçün 40 manat alıb.

6 saylı kotecdə əməliyyat

Daha sonra Babək Hüseynov Sevil Mahmudova ilə həmin kotecdə gecəni görüşüblər. Gecəni birlikdə qalıblar və səhəri gün də günorta vaxtına kimi kotecdə olublar.

Avqustun 5-də, saat 13.30 radələrində Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən istirahət mərkəzində xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı 6 saylı kotecdə Sevil Mahmudova ilə Babək Hüseynov yaxalanıblar.

1 il cəza

Həbil Aslanovun barəsində Cinayət Məcəlləsinin 244.1-ci (fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə) maddəsi ilə ittiham edilib.

Masallı rayon Məhkəməsinin hökmü ilə Həbil Aslanov 1 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Həbil Aslanov apelyasiya şikayəti verib. Onun şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib.

“Məndən koteclərin qiymətini soruşdular”

Həbil Aslanov bildirib ki, avqustun 4-də, saat 23 radələrində bir kişi ilə bir qadın daxil olmaqla istirahət mərkəzinə iki nəfər müştəri gəlib: “Onlar məndən koteclərin qiymətini soruşdular. Mən də onlara koteclərin qiymətini dedim”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, Babək adlı şəxs ona qadınla cinsi əlaqədə olacağını deməyib: “Əgər Babəkin qadınla cinsi əlaqədə olacağını bilsəydim, bunun üçün dərhal tədbir görərdim”.

Həbil Aslanovun vəkili Nəsrulla Ağayev bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxs yaşlı və xəstə adamdır:

“Həbil Aslanov Masallı rayonun Qəriblər kəndində yerləşən Çənlibel istirahət mərkəzində inzibatçı işləyir. İşlədiyi Çənlibel İstirahət mərkəzinin sahibi digər şəxsdir”.

Vəkil müdafiə etdiyi şəxsin barəsində olan hökmün ləğv edilməsini və bəraət hökmünün çıxarılmasını istəyib.

İslah işləri cəzası

Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərara elan edib. Qərara görə, Həbil Aslanovun apelyasiya şikayəti qismən təmin olunub və onun barəsində Masallı rayon Məhkəməsinin çıxardığı hökm dəyişdirilib.

Yeni hökmə əsasən, Həbil Aslanovun barəsində aylıq qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 1 il 7 ay 6 gün islah işləri cəzasına məhkum olunub.

Məhkəmə Həbil Aslanovun barəsində həbs qəti imkan tədbirini ləğv edib və o, məhkəmə zalından azadlığa buraxılıb.

Hacı Zeynalov


Müəllif:
Загрузка...