1 Aprel 2016 15:24

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törədməkdə təqsirləndirilən Əsgər Soltanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, Abşeronun Mehdiabad qəsəbəsində Təhməz İsmayılov bıçaqlanıb. O, aldığı bıçaq zərbəsi nəticəsində xəstəxanaya çatdırılan zaman yolda ölüb.

Mehdiabad polis əməkdaşlarının araşdırması nəticəsində qətli 1991-ci il təvəllüdlü Əsgər Sultanovun törətdiyi məlum olub. Polis əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində 24 yaşlı gənc saxlanılıb. Əsgər Sultanov törətdiyi cinayəti etiraf edib.

Məlum olub ki, Təhməz İsmayılov Əsgər Sultanovun anasının telefonuna zəng edərək onu narahat edibmiş. Əsgər Sultanov bundan xəbər tutduqdan sonra Təhməz İsmayılovu qəsəbədə olan təkər təmiri servisində tapıb. O, Təhməz İsmayılovun idarə etdiyi avtomobilə minib. Bir qədər yol gedəndən sonra Əsgər Sultanov “Digah işıqforu” deyilən yerdə 28 may küçəsində bıçaqla Təhməz İsmayılova zərbə endirib və hadisə yerini tərk edib.

Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası aprel 6-na təyin edilib.

Hacı Zeynalov


Müəllif:
Загрузка...