10 Dekabr 2014 15:23

Hər həftə onun adına bağlanan kitabların prezentasiyasına toplaşmaq ənənəsi yaxın tarixdə qalıb. Təkcə bu fakt Onu tərənnüm edən əsərlərin bir çoxunun sadəcə “irəli getmək” üçün yazıldığını sübut edir.

Lakin əksinə olsaydı da mahiyyyət dəyişməyəcəkdi.20 il əvvələ qayıdıb ona yönələn kütləvi xalq nəzərləri ilə 2014-cü ilin gerçəklərindən Heydər Əliyevə baxmağın arasındakı kəskin fərqin günahını insanların ayağına yazmaq olmaz. Çünki böyük adamlar zamanı qabaqlayır və müqəddəs varlıqlar kimi hər dövr yeni obrazda,ayrı biçimdə xəyallara qayıtmağı bacarırlar. Amma Mehriban xanımın dediyi kimi, Ulu Öndərin bütün insani keyfiyyətlərini və liderlik istedadını tam açıb təhlil edən kitablar hələ yazılmayıb.Bunun səbəbi qələm ustalarımızın ədəbi-bədii gücünün yetərsizliyi deyil, sadəcə Ulu Öndəri sona qədər dərk etmək və böyüklüyünün sirrini anlamaq qeyri-mümkündür.

Bəzən ekrana, efirə və mediaya, yaxud ictimai mərasimlərə yansıyan süni və şit təbliğat yarışlarının qabağında Heydər Əliyevi bütləşdirməyə çalışanların böyük bir ordusunu görürsən. Məramından asılı olmayaraq belə səhnələr onun əleydarları kimi Liderin tarixdəki yerinə heç bir təsir göstərmir. Ancaq onun ilahiləşdirilməsi, fövqəlxüsusuiyyətlərinin qabardılması və bir şəxsiyyətin simasında yer üzünə göndərilmiş siyasi peyğəmbər fikirləri adamları Allahdan uzaqlaşdırmır, Tanrının varlığına şəkkaklıq yaratmır. Əksinə, Heydər Əliyevin dünyasını anlamağa çalışarkən adamlar yer üzünün mövcudluğunun ilahi bir qanunauyğunluğa tabe olduğuna daha çox inanırlar.

Əylisdən olan Əkrəm on illərlə gördüyü yuxusunu qələmə alarkən sovetlər dönəmində Rəhbərin millətimizi təbəə və ya rəiyyət yerinə qoyduğunu, adamlardakı xəbisliyi, eqoizmi daha çox stimullaşdırdığını iddia etməyə çalışmışdı. Halbuki bu absurd mülahizənin əsassızlığını təkcə onun öz yaradıcılığının çiçəklənən dövrünün məhz 70-ci illər epoxasına düşdüyü sübut edir. On minlərlə sadə əmək adamının qəhrəmanlıq mərtəbəsinə ucalmaları,elmi-intellektual elitanın məhz o dövrdə formalaşması da xalqın mənən böyüməsinin gerçək nümunələridir. Onun adı ilə zirvələrə yüksələn,medallar qazanan,yaxud siyasi uğura can atan hər kəs məgər özündəki ali keyfiyyətləri səfərbər etmirdimi?

Bəli, o fikir doğrudur ki, Heydər Əliyevə münasibət insanlıq və mənəvi kimlik məsələsidir.Necə deyərlər,əyardır, testdir. Yüksək adamlar ondakı böyüklüyü,balacalar isə Heydər Əliyevin yalnız dabanlarını görə bilirlər!

Həyatının son illərində Liderin bütün fiziki halı onu sevənlərin və məchulluq axtarışında olanların baş yaşantısıydı. Ağır-ağır nəfəs alan bir insanı sona qədər təqib edərək hər günkü pulsunu, ürək döyüntülərini sayır və bir adamın nəbzilə ölkəsinin gələcəyinə diaqnoz qoymağa çalışırdılar. Halbuki unudurdular ki,bu məmləkət 1993-cü ildə reanimasiyada can üstə olanda, bütün fiziki varlığını Vətənə köçürən yalnız bir adam vardı. Ona görə Azərbaycanı nəfəs boğuqluğundan, ürək çatışmazlığından xilas edəndən sonra gedib Klivlenddə qəlb əməliyyatına girməklə öz şəxsi ömrünü 5 ildən artıq uzatmaq mümkün olmadı. Deyirlər,Heydər Əliyev o zaman tərcüməçisinə bərk-bərk tapşırıbmış ki, ürəyinə kardiostimulyator qoyularkən palatada onu sona qədər müşaiyət etsin. Kim bilir, sirrini heç kəsə verməyən Lider nədən belə edib,onun həyatına bir cihazla zaman limitinin qoyulacağı şübhəsini dağıtmaqmı istəyib, lakin bir fakt gün kimi aydındır-Ulu Öndərin qəlbini sürətlə döyündürən və ona ruh verən yalnız bir qüvvə vardı-Vətən!

Rəhbər və əlil arabası!Bu söz birləşməsini tarixdə öz bətnində daşıyan xeyli birinci şəxs olub.Yox,700 minlik ordu ilə ərazilər fəth edən Əmir Teymuru nəzərdə tutmuruq. Elə ötən əsr Franklin Ruzvelt 2-ci dünya müharibəsində ölkəsini arabadan idarə etməyə məcbur qalmamışdımı?

Amerika prezidenti millətini ağır iqtisadi-siyasi böhranlardan çıxarandan sonra həyatının sonlarında iflic xəstəliyi qazansa da xalqının ona münasibəti dəyişmədi. Britaniyanın fəxri Uinston Çörçill də təkcə ingilislərə deyil,əlindəki sehrli əsaya dayanaraq yeriməli olmuşdu.Kütləvi şüurda Liderin obrazı qərblilərə az əhəmiyyətli ola bilər. Şərq mentallığı isə Rəhbəri belə görkəmdə qəbul etmək istəmir. O nöqteyi-nəzərdən yanaşanda, Heydər Əliyevin bütün fiziki və mənəvi varlığının həmin mükəmməllik etalonuna çevrildiyini və Tanrının sona qədər bu obrazı qoruyub saxlamağa ona imkanı verdiyini heç kəs inkar edə bilmir. Tək bircə dəfə Respublika sarayında ağır can krizinə məruz qalsa da səhnəni, tribunanı və tarixi şax vüqarla,sərkərdə yenilməzliyilə tərk etməyi bacarmış, kütləvi xalq nəzərində əbədi ayaqda olması ilə qala bilmişdi.

Oturub onun ölümünü gözləyənlər 12 dekabrda bir də onu anladılar ki, Heydər Əliyevin cismani yoxluğu heç nəyi dəyişmir. Dünyadan köçmək bütün bəndələrin məhkumluğu, yaxud mükafatıdır. Necə deyərlər,haqq işidir.Diriliş isə yalnız SEÇİLMİŞLƏRƏ məxsusdur.

2003-cü ilə qədər ona atılan daşların hamısı geri qayıtdı.Çünki bir insanın cisminə məğlub olanlar onun ruhu qarşısında da aciz qaldılar. Heydər Əliyevin “ölüm günü” anlayışı o qədər şərtiləşdi ki,Azərbycanın hər yerində onun nişanəsini görənlər bir şəxsiyyətin izini tarixdən yox eləmək üçün bütöv bir məmləkəti torpaqla bərabərləşdirməyə məhkum idilər. Sizcə haradan başlayaydılar dağıtmağa?

Yəqin, ikiyə bölünməyimizin simvolu olan Gülüstan sarayından.Sonra iqtisadi təməl daşlarına, məsələn, Xəzərin estakadalarına, limanlara, neft kəmərlərinə keçəydilər. Ən sonda elektrik stansiyalarını yox edib bir ölkəni zülmət qaranlığa bürüyəydilər. Axı bütün bunlar Heydər Əliyev deməkdir. Hətta fiziki kor olanlar belə Ulu Öndərin dövlətini görürlər.

Yəqin diqqət etmisiz, xalqa başçı olanların bir çoxu siyasi kursunu ədəbi-poetik priyomlar, folklor, yaxud mifologiyanın sehrli gücü ilə reallaşdırmağa çalışır. Bunlar dövləti yönləndirməyin təbii-doğal haqlarıdır və hamı tərəfindən qəbul olunub.İnkişaf etmiş cəmiyyətlərdə geniş yayılmış bir ənənə-Allahdan öz taxt-tacına yardım istəmək,Yerusəlim divarlarına dualar bağlamağın bir hikmətli mənası vardır,demək.Şah İsmayılın öz xalqına xitabını göz önünə gətirin,yaxud sayın Ərdoğanın yüksək ilhamla söylədiyi nəzm nümunələrinin əleydarlarının belə şah damarına necə işlədiyini xatırlamağa çalışın.

Dövlət həm də millətin mənəvi-ruhi ehtiyaclarını ödəyən cihazdır,hə lap elə musiqi alətidir. Heydər Əliyevsə, cəmi bir dəfə-böyük siyasi müharibəni qazanandan sonra özünün inşa etdirdiyi Gülüstan sarayında bir parça şer oxumuşdu. Körpələrimizin dilini açan həmin misralar sanki Ulu Öndərin özü üçün yazılmışdı. O, 7 illik fasilədən sonra yenidən hakimiyyət birinciliyinə qayıtmış, varlğını həsr etdiyi məmləkəti ilə bütövləşməyi bacarmışdı. Misraların sonunda “ayrılarmı, könül candan” deyərək, qəhərlənən Lider bununla öz taleyini, cismində və ruhunda daşıdığı Vətəni hər kəsə anlada bilmişdi. Bax budur, Heydər Əliyevin canı - heç zaman torpağından qopub ayrılmayan canı-can Azərbaycanı!


Müəllif: Zahid Oruc