22 İyul 2016 17:30
570
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bugünlərdə “Azərbaycan” jurnalının iyul sayı işıq üzü görüb.

Jurnal “Dünya, səndən kimlər keçdi...” rubrikası ilə açılır. Rubrikada mərhum şair Anar Həbiboğlunun şeirləri, Südabə Ağabalayevanın “Səni ölməyəsən, dünya, əlvida”, Qəşəm Nəcəfzadənin “Biz onu çağırsaydıq” yazıları yer alıb.

“Poeziya”da Rəfail Tağızadə, Nilufər Şıxlı, Rizvan Nəsiboğlu, Ədalət Salman, İsa Sevər, Vəliyulla Novruz, Qismət Məsim, İbrahim İlyaslı və Kamil Vəfadarın şeirləri verilib.

Nizami Cəfərov “Keçən günlərin tərcümeyi-halı” yazısında “Xatirələr”ini dilə gətirib.

Zahid Sarıtorpağın tərcüməsində Yuri Trifonovun “Göyərçin ölümü” və “Vera və Zayka” hekayələri “Yeni tərcümələr” bölümündə verilib.

“Nəsr”də Kamil Əfsəroğlunun “İttiham” povesti, Asim Cəlilovun “Dönüş”, Vüsal Nurunun “Zamanın arxasında” və “Qayıdış” hekayələri təqdim olunub.

“Türk dünyamızda” rubrikasında Məmməd İsmayıl “Əbədi buzlar ölkəsi və dost hərarətindən” danışır. Rubrika yazıçının tərcümə etdiyi yaqutyalı şairlər Yelena Sleptsova- Kuorsunanaax və Natalya Xarlamiyevanın şeiriləri ilə davam edir.

Vahid Məhərrəmovun “Aprel zəfəri apreldə qalmayacaq” yazısı “Cəbhədən reportaj” bölümündə öz əksini tapıb.

Aydın Talıbzadə “Şəhər və teatr üçün fəlsəfi manifest” essesində yazır: “Bu yazıda məqsəd “şəhər və teatr” diskurslarında “cilvələnən” mənaları hermenevtikanın köməyilə təhlilə çəkmək, məkan və insan ilişgilərində özünü bəlirtən koqnitiv-semioloji aspektləri çözməkdir”.

Günel Natiq “Ədəbi talelər” bölməsində “Tənhalığın cəhənnəmi”ndən söz açıb.

“Axtarışlar, tapıntılar” bölümündə Aytən Quliyeva “Cəfər Cabbarlının arxivindən məktublar”a nəzər yetirir.

“Tənqid və ədəbiyyatşünaslıq”da Nərmin Cahangirovanın “Od və büt romanı - ilahi işığın qələbəsi” və Vaqif Yusiflinin “Şeir dünyamızda üç yarpaq” yazıları yer alıb.

“Söz xəzinəmizdən” rubrikasında Paşa Əlioğlu Seyid Rza Sabirin şeirlərini təqdim edib.


Müəllif: