6 Avqust 2014 15:13
17 991
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağabəyim ağa haqqında bilmədiyimiz bir çox faktlar var. Biz öz mötəbər şəxsiyyətlərimizi tanımaq və tanıtmaq məqsədilə Qarabağın bu nakam eyni zamanda böyük şəxsiyyəti haqqında, xüsusən indiki həssas dövrdə, yazmağı borc bildik.

O, şairə, Qarabağ xanı İbrahimxəlil xanın qızı, Azərbaycanın tanınmış şairəsi Xurşid Banu Natəvanın bibisi, İran şahı Fətəli şahın xanımı idi...

Ağabəyim 1780-ci ildə Şuşada Qarabağ xanı İbrahimxəlil xanın ailəsində anadan olub. Hələ gəncliyində şeirlər yazarmış.


Ağa Məhəmməd şah Qacar 1797-ci ildə Şuşada qətlə yetiriləndən sonra taxta Fətəli şah çıxır. Fətəli şah "hər iki tərəfin xatircəmliyi üçün” İbrahimxəlil xana öz qızı Ağabəyim ağanı hərəmxanasına göndərməsini istəyir. İbrahimxəlil xan 1801-ci ildə bu nigaha qol qoyur və öz sevimli qızını İran hökmdarı Fətəli şaha ərə verir.

Mənbələr göstərir ki, Ağabəyim Ağa atasının vəziri Molla Pənah Vaqifdən dərs almış, sonradan fransız dilini öyrənmiş, dövrünün bir sıra şəxsiyyətləri ilə məktublaşmışdı. 1811-ci ildə o, Fransa imperatorunun arvadı ilə görüşmüş, onun vasitəsilə Napoleon Bonaparta məktub göndərmişdi.

Saray tarixinin bilicisi, babası İbrahim Xəlilin Osmanlı sarayında elçisi olmuş, özü də Cümhuriyyət dönəmində Türkiyədə səfir olan Yusif Vəzir Çəmənzəminliyə görə, Ağabəyim xanımın ilk və son eşqi əmisi Mehralı bəyin oğlu Məhəmməd bəy imiş.


Bir gün Fətəli şah Ağabəyim ağadan soruşur ki, mən səni bu qədər sevirəmsə, sən məni nə qədər sevirsən?
Ağabəyim ağa cavab verir ki, bir ürəkdə iki məhəbbət ola bilməz.
Cavab şahın şəstinə toxunur və deyir ki, mənim ürəyimdə 500 qadın yaşayır.
Ağabəyim ağa onsuz da şahı sevmirdi və istehza ilə onun cavabını qaytarır:
- Sürü yatağı ilə məhəbbət məkanının çox fərqi var.

İranlı tarixçi Mehdi Bamdad yazırdı: “Fətəli şahın lap əvvəldən İbrahim Xəlil xanın qızıyla münasibətində gətginliklər vardı. Bunun da bir neçə səbəbi vardı. Səbəblərdən biri İbrahim Xəlil xanın onun əmisi Ağa Məhəmməd xana çətinliklər törətməsi, yenidən Qafqaza qoşun yeritməsinə və nəhayət, həlak olmasına səbəb olması idi. Digər bi səbəb isə Aağabğyim ağanın şaha zifaf gecesi etdiyi jesti idi. Beləki, zifaf gecəsi Ağabəyim xanım şahı anasının rəsmi libasında qarşılayır. Nikahlı arvadını anasının paltarında görən şahın gözləri kəlləsinə çıxır. Ömrünün sonunadək bakirə qalmış şah xanımı haqqında digər salnaməçilər, o cümlədən Mirzə Fəzlullah Şirazi-ye-Xavəri, Məhəmməd Həsən xan Etimadüs-səltənə (və sadalamadığım daha neçə tarixçi) də yazırlar ki, Fətəli şah zifaf gecəsi xan qızının yanına girdikdən cəmi on beş dəqiqə sonra ordan dəli kimi çıxdı və bircə kəlmə söz dedi: “İbrahim xanın qızı məni ilan kimi çaldı”. Bundan sonra o, qəzəblə öz otağına doğru yürüdü”.

Fətəli şah ömrünün sonuna kimi onunla bir yataqda yatmır, amma talaq da vermir və Ağabəyim ağa Qumda ondan ayrı yaşayırdı” (Mehdi Bamdad. İranın görkəmli şəxsiyyətlərinin tərcümeyi-halı, Tehran, I cild, s.12.).

Lakin bu hadisəyə rəğmən Fətəli şahın ehtiram göstərdiyi nadir şəxsiyyətlərdən biri idi Ağabəyim xanım.

1812-ci ildə İngiltərə səfiri Ser Qor Ouzli İranda danışıqlar aparırdı. Səfirin xanımı da ölkənin birinci xanımı ilə görüşməkdə israrlıydı. Sarayın məlaikəsi Ağabacı Ağa ilə görüşü ingilis səyyahı-diplomatı Ceymz Moriyer belə təsvir edir: “Kraliça Ağabacının taxtda oturduğu böyük bir saraya girməsi üçün səfirin qadınına bələdçilik etdilər. Onun əynindəki geyim Qacar dövlətinin ehtişamını göstərirdi. Kraliçanın əynindəki paltarların qızıl düymələri parıldayırdı. Kraliçanın üzərində o qədər qızıl, ləl-cavahirat var idi ki, o, sərbəst hərəkət edə bilmirdi” (Ceymz Moriyer. İkinci səfər. Tehran, “Tus” nəşriyatı, 1386 (2007), s. 213-214.).

Saraydakı görüşdə səfirin qadını Ağabacı ağaya İngiltərə kraliçası adından bir ənbər – qiymətli ətir hədiyyə etmişdi.

Zəruri haşiyə: yalnız şah xanımları qızıl düymə və qumaş parçadan libas geyə bilərdi. Bu qədim bir ənənə, yazılmamış qanun idi. Və nə qədər təəcüblü səslənsə də, xanlıqlar dövründə qızılı paltarı yalnız bir hakim – İrəvan sərdarı Hüseynqulu xanın hərəmləri geyinirdi. Bu müstəsna ixtiyarı ona heç kim verməmişdi, ancaq və ancaq xanın şah sarayındakı fövqəladə nüfuzundan irəli gəlirdi. Üstəlik, xanın qızı Fətəli şahın sevimli xanımı idi.

Yeri gəlmişkən, İrəvan xanının ruslara əsir düşmüş qardaşı yüzbaşı Həsən xanın azad olunması da, deyilənə görə, Ağabacı ağanın xidmətidir.

Mehdi Bamdad yazır: “Dəfələrlə belə olurdu ki, artıq yaşı ötmüş Ağabacı ağa otağa daxil olanda, Fətəli şahın diqqət mərkəzində olan cavan və yaraşıqlı xanımı Tacüd-dövlə ona hörmət əlaməti olaraq dərhal ayağa qalxır və Ağabacı ağa əyləşənə kimi ayaq üstə dururdu”.

Ağabacı ağa məğrur qadın idi və onun yanında ədəbsizliyə yol verilməsin deyə, çox vaxt imamzadə Qasim məqbərəsindəki hücrəsində tənha qalırdı. Sonralar Qumu ona verdilər.

Qarabağdan gətirdiyi, hamısı zəkalı və tanınmış şəxslərdən ibarət olan 200-dən artıq xidmətçi və nökər ona qulluq edirdi, Qumun vergisinin bir hissəsi də ona çatırdı”.


Ağabəyim ağa Qarabağı çox sevən, Vətən həsrəti ilə yaşayan bir əsilzadə idi. Digər bir mənbənin yazdığına görə, İrəvan xanı "Sarı Aslan” ləqəbli Həsən xanı rus əsirliyindən Ağabəyim ağa qurtarmışdı.

Qəriblikdə ömür-gün sürən, min naz-nemətin içində bəslənsə də, qəlbi yurd acısı ilə göynəyən Ağabəyim ağanın Vətən həsrətli bayatısı dildən-dilə düşmüşdü:

Əziziyəm, Qarabağ,
Şəki, Şirvan, Qarabağ,
Tehran cənnətə dönsə,
Yaddan çıxmaz Qarabağ!


Ağabəyim ağanın könlünü şad etmək, onu sevindirmək üçün Fətəli şah Tehranda möhtəşəm bir bağ saldırır. Qarabağdan, Şuşadan ağac, gül-çiçək gətizdirib əkdirir ki, Ağabəyim ağa doğma yerlərin havasını bu bağdan ala bilsin. Hətta bağbanı da Şuşadan gətirirlər.

Əkilən hər şey bitir, təkcə Xarıbülbül adlı güldən başqa. Onu dəfələrlə gətirib əksələr, nə qədər qulluq etsələr də, solub məhv olur. Bundan təsirlənən Ağabəyim ağa belə bir bayatı deyir:

Vətən bağı al-əlvandır,
Yox içində Xarıbülbül
Nədən hər yerin əlvandır,
Köksün altı sarı, bülbül?


Ağabəyim ağa 1832-ci ildə 52 yaşında Tehranda vəfat etmiş və Darül-İman adlanan Qum şəhərində dəfn olunmuşdu.


Müəllif:

Oxşar xəbərlər