13 Noyabr 2014 22:29
542

Bu gün “TEAS Press” Nəşriyyat Evinin “3 alma” uşaq ədəbiyyatı bölməsi 20-dən artıq uşaq kitablarının təqdimatını keçirib.

Teleqraf.com-un məlumatına görə, təqdim olunan uşaq kitabları TEAS Press-in peşəkar yaradıcı heyəti tərəfindən tərcümə və dizayn edilib. Bu kitabların nəşri zamanı bir çox janrlar və yaş qrupları üzrə mütaliə-qavrama səviyyələri nəzərə alınıb. Kitablar Türkiyədə, Avropa standartlarına uyğun nəfis şəkildə çap edilib. Kitabların əksəriyyəti keyfiyyətli və qalın cildlə üzlənib. Onların arasında gözəl, rəsmli kitablar da var. Bu kitablar mütaliəyə hələ təzəcə başlamış uşaqlar üçün nəzərdə tutulub. Klassik romanlar isə nazik cildlə üzlənib. Onlar daha böyük yaş qrupundan olan uşaqlar üçün nəzərdə tutulub.

Məşhur amerikalı yazıçı və illüstrator Mo Uilyamsın beş şəkilli kitabı Azərbaycan dilinə tərcümə edilib. Dünyanın ən məşhur uşaq ədəbiyyatı müəllifi və illüstratoru M.Uilyams yazdığı əsərlərə və çəkdiyi rəsmlərə görə ən nüfuzlu mükafatlar alıb. O, uşaq ədəbiyyatı ilə məşğul olmazdan əvvəl televiziya ssenaristi və animator olub. Doqquz il “Sezam küçəsi” televiziya layihəsində çalışıb, 6 “Emi” mükafatına layiq görülüb. O, həmçinin “Nickelodeon” və “Cartoon Netvork” uşaq telekanalları üçün cizgi filmləri çəkib.

“TEAS Press” M.Uilyamsı kitab təqdimatına xüsusi qonaq kimi dəvət edib.

M.Uilyams Azərbaycanın gənc yazarları, animator və uşaq ədəbiyyatı üzrə ixtisaslaşan naşirlər üçün ustad dərsi də keçəcək.

Tədbirdə məşhur ingilis yazıçısı və illüstratoru Devid MakKinin 4 kitabı da təqdim edilib. Kitablar hamısı yazıçının məşhur “Elmer” seriyasındandır. “Elmer” müasir uşaq hekayələri dünyasında ən çox tanınan və sevilən personajdır. Bu il “Elmer”in 25 illiyidir.

Təqdim olunan üç şəkilli kitab isə bir çox mükafatların sahibi, hollandiyalı yazıçı və illüstrator Hido van Heynektnə aiddir. İki kitab onun məşhur “Riki”, digəri isə “Maks” seriyasındandır.

“TEAS Press” Nəşriyyat Evi müəllifin “Klavis” nəşriyyatı ilə birgə xüsusi dizayn etdiyi Riki oyuncaqlarını da təqdim edib.

“Mənim ilk klassik hekayəm” silsiləsindən uşaqlar üçün asan oxunaqlı kitablar da təqdim edilir. Bu kitablar oxumağa hələ yenicə başlayan uşaqlar üçün nəzərdə tutulub.

“Capstone” nəşriyyatından alınmış digər silsilə “Sevimli Sevinc” adlanır. Bu silsilə xüsusilə qızlar üçün nəzərdə tutulub. Kitab Sevincdən və onun ən yaxın rəfiqəsi Mələkdən bəhs edir.

Nəşriyyat yeniyetmə və orta yaşlı oxucular üçün amerikalı yazıçı Ceff Qunhus tərəfindən yazılmış “Əcinnə ovçuları” seriyasını təqdim edir. Kirkus bu kitabı “əcinnələrlə, həyəcanla və təəccüblü gedişlərlə dolu, hərəkətli kitab” adlandırıb.

Yuxarı yaşlı uşaqlar üçün kitablara “Mənim ilk klassik əsərim” silsiləsi aiddir. Bura “Qrin Qeyblz malikanəsinin qızı Anni”, “Qara köhlən” və “Sirli bağ” əsərləri daxildir. Hər üç kitab klassik əsərdir. Bu kitablar onlarla dilə tərcümə edilib və milyonlarla nüsxə satılıb.

Nəşriyyat gələcəkdə də bu və digər müəlliflərin məşhur kitablarını nəşr etməyi planlaşdırır. Nəşriyyat bu yaxınlarda təhsilə aid kitablarla bağlı informasiya xarakterli ikinci tədbirini də keçirəcək.

Qeyd edək ki, “TEAS Press” Nəşriyyat Evinin “3 alma” uşaq ədəbiyyatı bölməsi 2014-cü ildə yaradılıb. Bölmənin məqsədi Azərbaycan dilində uşaqları əyləndirmək, maarifləndirmək və onları mütaliəyə həvəsləndirməyə istiqamətlənmiş keyfiyyətli kitablar nəşr etməkdir.


Müəllif:
Загрузка...