24 Avqust 2023 11:20
4 356
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şahmar Ələkbərov 49 illik ömrünə o qədər yaradıcı uğur, rəngarəng obraz, film sığışdırdı ki, bəzən həqiqətən də onun cəmi 49 il yaşadığına inanmırsan. Tamaşaçı onu elə ilk addımlarından sevdi. Ən kiçik rolu ilə yaddaşlarda qalmağı, iz salmağı bacardı.

Hələ səsini, şəxsiyyətini demirəm.

Böyük sənətkarın 80 yaşı tamam olur.

Dövlət Film Fondunun təşkilatçılığı ilə Şahmar Ələkbərovun yubileyi İkinci Fəxri Xiyabanda məzarı başında yad edildi.

İşıq idi Şahmar Ələkbərov, o işıq hələ də sönmür, o işıq onunla bağlı keçirilən hər tədbiri, hər söhbəti canlandırır.

Teleqraf.com yaddaşlarda qalan Şahmar Ələkbərovu xatırlayır.

“Filmimi səsləndirdi, filmindən lent verdi...”

Əməkdar incəsənət xadimi Cəmil Quliyev: “Mənim həyatımda Şahmar Ələkbərovun rolu çox böyük olub. Moskva Kinematoqrafiya İnstitutuna daxil olanda mənə dəstək olan, məsləhətlər verən, köməklik göstərən Şahmar müəllim idi. Vəsaitim olmayanda filmimi səsləndirən Şahmar müəllim idi, lent çatmayanda öz filmindən lent verən də o idi. Hamısını da təmənnasız edirdi. Ona görə mən bu insana həmişə borcluyam.

Şahmar müəllim həyatdan çox tez getsə də, ölümündən sonra böyük kino irsi qaldı. Həm ekranda yaratdığı obrazları, həm özünəməxsus dəsti-xətti ilə seçilən, tanınan bədii filmləri, eyni zamanda qısa dövrdə teatrda çalışmış və yadda qalan surətlə yaratmış, eyni zamanda Azərbaycan televiziyasının fondunda qorunub saxlanılan gözəl səsi - bunlar hamısı incəsənətimizin inciləridir”.

“Dedi, ürəyimə nəsə damıb”

Xalq artisti Həmidə Ömərova: “Kinostudiyada bir ənənə var idi. Filmin çəkilişindən sonra yaradıcı qruplarla rayonlara qastrol səfərinə gedirdik. Bir dəfə də Şahmar Ələkbərovla getdik. Onda biz institutu yenicə qurtarmış tələbələr idik: rəhmətlik Fərqanə Quliyeva, Tanila Əhmədova, mən və başqaları. Böyük qrupla rayonlara gedib, orada çıxış edir, tamaşaçılarla bərabər gözəl anlar yaşayırdıq.

İnsanlar bizimlə, xüsusilə də Şahmar Ələkbərovla görüşmək istəyirdilər. Şahmar çox təmkinli insan idi, az danışırdı, amma danışanda sərçəni gözündən vururdu. Onun çox gözəl insani xüsusiyyəti var idi. Siz heç Şahmarın mahnı oxumağını eşitmisiniz? Biz o zaman Şahmardan bir mahnı zümzümə etməsini xahiş elədik. Dedi, bir şərtlə razılaşaram, hamı mənə qoşulacaq. O gün mənim xatirimdən heç vaxt silinməz. Çox gülərüz insan idi, hətta xəstə olanda belə... Dilindən zədələndi, ağır xəstəlik keçirirdi.

Xəstəliyinə rəğmən “Qəzəlxan”ı çəkəndə belə ruhdan düşmürdü. Əksinə, kiminsə könlü olmayanda onunla zarafat edirdi. Gül balalarını, xanımı Kama xanımı tez-tez çəkiliş meydançasına gətirirdi. O dövrlərdə tez-tez müsahibələr verirdi, bir dəfə ondan bunun səbəbini soruşdum. Dedi, ürəyimə nəsə damıb. Dünyasını dəyişəndə onu başa düşdüm.

Görünür, insan dünyasını dəyişməmişdən qabaq bu, ona əyan olur. Ürəyini boşaltmaq istəyir, amma boşalda bilmir. Sən bizim ürəyimizdə böyük iz qoydun və nə qədər ki, biz sağıq, səni xatırlayacağıq, Şahmar”.

“O ağrıların qabağında inləmədi”

Əməkdar artist Loğman Kərimov: “Xatirimdədir, Şahmar müəllim rəhmətə gedəndə burdaydıq, onu dəfn edirdik. Bu gün isə 80 yaşı var. Bu dünyanı tərk edəndə çox gənc idi. Şahmar Ələkbərov Azərbaycan kinosunda, incəsənətində, mədəniyyətində kim idi? Bu haqda mənim nəsə deməyim artıq olar. Mən onu bilirəm ki, Şahmar müəllim kişi adamıdı, mərd idi.

Son illər tale elə gətirdi ki, onunla daha çox ünsiyyətdə oldum, istər “Sahilsiz gecə”, istərsə də “Qəzəlxan” filmində. Hətta ən ağır günlərində - xəstəxanada yatanda və son saniyələrində belə... Və mən orda onun kişiliyini gördüm. Ağrıların qabağında inləmədi, zarımadı. Mərd dayandı. Ayaqüstə qurumuşdu. Şahmar yox idi...

Həyatının son anlarında üzünə elə gözəllik, elə nur gəldi ki... Çox qəribə idi. Xanımı Kamilla xanım, qızları, kürəkəni son anacan yanında oldu. Şahmar müəllim nakam getsə də rahat getdi, çünki əzizləri, yaxınları yanında idi. Nə yaxşı ki, iki gözəl balasının toyunu görmək ona qismət oldu.

Şahmar müəllim mənim üçün ən əziz adamdır və məni aktyor kimi tanıdan o olub. Mən ona borcluyam”.

“Əliabbasa dedim ki, Şahmara halallıq ver”

Kinorejissor Vaqif Mustafayev: “Kinostudiyaya yenicə gəlmişdim, aktyor kurslarında oxuyurdum, o dövrdə əsasən küçə qaydaları ilə yaşayırdım. Hamı mənim üçün mənən zəngin, maraqlı idi, xüsusən aktyorlar. Hər kəsi diqqətlə izləyir, insanlığına fikir verirdim.

Şahmar Ələkbərovla ilk dəfə “Qatır Məmməd” filmində işlədik. Filmi Hüseyn Seyidzadə çəkirdi və orda Qatır Məmmədi Əlabbas Qədirov oynayırdı.Çəkiliş prosesində Şahmar müəllimlə tanış oldum, dərhal ünsiyyətimiz alındı. Sözə sadiq, mərd birisiydi. Ulduz idi.

Şahmar Ələkbərov hər bir filmdə parlayırdı. “Qatır Məmməd” filmini Seyidzadədən alıb Rasim Ocaqova verdilər.

Rasim Ocaqovun versiyasında Qatır Məmməd Şahmar Ələkbərov oldu. Şahmarı bir şey narahat edirdi, deyirdi, mən bu rolu Əliabbas Qədirovdan sonra necə oynayacam. Bir insan kimi o bu durumdan əziyyət çəkirdi. Əliabbasla ünsiyyət yaratmaq istəyirdi, axırda mən Əliabbasa gedib dedim ki, sən Allah, Şahmara halallıq ver, ona nəsə de ki, sakitləşsin.

“Bəyin oğurlanması” filmini Moskvaya aparmışdıq. Filmi rus dilində səsləndirmək üçün Şahmarı da özümüzlə götürdük. Filmi səsləndirib, uğurla təhvil verdik. Mənə də evdən tapşırmışdılar ki, ordan "Quş südü" tortu alım gətirim. Nəsə, o vaxtlar uzun növbələr olurdu. Bir adamdan növbəni pulla aldım. Növbəm çatanda dedilər kağızı göstər, göstərdim, kağızda adamın adı belə yazılmışdı: Sinişko. Bir kağıza baxdılar, bir mənə... Məndə də Sinişkoya oxşayan heç nə yox idi.

Pərt halda geri qayıtdım, Şahmar səbəbini soruşdu, əhvalatı ona olduğu kimi danışdım. Dedi, sənə "Quş südü" gətirəcəm. Bakıya qayıtdıq, üzərindən bir xeyli müddət keçdi, günlərin bir günü kinostudiyadaydım, gördüm Şahmar gəlir, əlində də quş südü... Evdə bişitdirmişdi.

Mən heyrət etdim, o böyüklükdə aktyor dediyi sözün üzərində dayanmışdı. Bu xırda nüans ola bilər, amma mənim üçün önəmi böyükdür. Düşünürəm ki, əgər insanın xatirəsi varsa, deməli, o insan yaşayır. Şahmar yaşayır...”

“Dörd il o xanımı gözlədi”

Xalq artisti Rafiq Əzimov: “Mən Şahmarın həyatında Kamilla xanımı xüsusi qeyd etmək istəyirəm. Bu gözəl xanımla Şahmar hələ institutda dərs deyərkən tanış olmuşdu. Təsəvvür edin ki, dörd il Kamilla xanımı gözlədi. İstəyirdi ki, bu gözəl xanımla həyatını qursun, qurdu da... Kamilla xanımın ailəsi qarabağlı, şuşalıydılar. Şahmarın da bir tərəfi qarabağlıdır, Cəbrayıldan idilər. Bu evlilikdən onların iki gözəl balası – İzulət və Ləman dünyaya gəldi”.

(Şahmar Ələkbərovun həyat yoldaşı Kamilla Ələkbərova)

Teleqraf.com-un “Danışan fotolar” layihəsində Tariyel Qasımovun, Mehriban Xanlarovanın Şahmar Ələkbərovla bağlı xatirələrindən...

Xalq artisti Tariyel Qasımov: “Şahmar Ələkbərov, Həsən Əbluc və mən üç dost idik, hətta tələbə vaxtı bizə üç müşketyor deyirdilər. Çox qəribədir ki, üçümüzün də şəkli institutun Şərəf lövhəsində asılırdı. Mən Bədən Tərbiyəsi İnstitutundan, Həsən Əbluc Politexnik İnstitutundan, Şahmar isə onuncu sinifi bitirib Teatr İnstitutuna gəlmişdi. Əslində, bizim dostluğumuzun tarixçəsi Lütfi Məmmədbəyovun dram dərnəyindən başlayır. Biz orda tanış olub, dostlaşmışdıq. Sonra sözü bir yerə qoyub sənədlərimizi Teatr İnstitutuna verəcəyimi qərarlaşdırmışdıq.

İrəvandan qayıdandan sonra Adil İsgəndərovun yanına getdim. Dedim, Adil müəllim, sizin yanınızda işləmək istəyirəm. Dedi, axı bizdə aktyor ştatı yoxdur. Mən də cavabında “nə iş versəniz, işləyərəm”, dedim. Məni kinostudiyanın dublyaj şöbəsinə rejissor assistenti götürdülər. Mən rejissor assistenti işlədiyimə görə filmləri dublyaj edə bilməzdim. Amma rejissorun da razılığı ilə Həsənlə Şahmarı filmlərin dublyajına dəvət edirdim.

Bir maraqlı hadisə danışım: “Avropalı gəlin” adlı İran filminin dublyaj prosesi gedirdi. Orda Tormoz Hüseyn obrazı var idi. O vaxt şöbənin rejissoru Əlisəttar Atakişiyev mənə dedi ki, o obraz üçün Musiqili Teatrdakı Əzizağa Qasımovu çağır. Şahmar da hər dəfə mənə deyirdi ki, Tariyel, o rolu mən çox gözəl səsləndirərəm.

Əlisəttar müəllimə Əzizağanın rayonda qastrolda olduğunu deyəndə, dedi, yerinə adam tap. Mən də Şahmarı gətirdim. Əlisəttar Şahmarı bəyənmədi, öz fikrinin üzərində qaldı. Mən isə Şahmardan yana idim. Şahmar dostum, qardaşım idi. Dörd il onların evində qalmışam. Atam məndən küsüb pul göndərməyəndə Şahmar ən dar günümdə əlimdən tutub məni evlərinə apardı, dedi, sən də mənim qardaşım, bu gündən burda qalırsan. Mənim elçiliyimi mamaşa - Şahmarın anasına elə deyirdim - edib. 1964-cü ildə ailə qurdum, gəlini də onlara gətirdim. Şahmar əsgər getdi, anası tək qaldığına görə məni buraxmadı, dedi, qal burda, gəlin də gətirmisən, qoy bizə qulluq eləsin. 1965-ci ildə Şahmar əsgərlikdən qayıtdı, biz də o evdən çıxıb, kirayə ev tutduq. Artıq Şahmar da evlənməli idi.

Bu yaxşılıqları heç vaxt unuda bilmərəm. Ona görə güc-bəla ilə Əlisəttar müəllimi razı salıb, Şahmarı bir də gətirdim. Əlisəttar çox sərt adam idi. Şahmar gəldi, o obrazı elə gözəl səsləndirdi ki, Əlisəttar heyrətindən quruyub qalmışdı. Sonra mənə çox təşəkkür etdi. Bu mənim Şahmara qardaşlıq xidmətim idi”.

Əməkdar artist Mehriban Xanlarova: “İkinci kursda oxuyanda Şahmar Ələkbərov - Allah ona qəni-qəni rəhmət eləsin - məni yanına çağırdı. Dedi, “Sahilsiz gecə“ filmindəki gənc Zibeydə obrazına Moskva səni təsdiq edib. O məni, Nuriyyəni, Kəmaləni birinci mərhələdən bəyənmişdi. Şahmar müəllim kimi aktyoru başa düşən ikinci bir rejissor tanımıram. Özü aktyor olduğuna görə aktyora nəyin lazım olduğunu, aktyorla necə davranmalı olduğunu yaxşı bilirdi.

O qədər gözəl insan idi... Ən çətin günlərimdə mənə dəstək olub. Tələbəlik illəri idi, bəzən pulumuz olmurdu, bunu ona deyirdim, sağ olsun, heç vaxt əliboş qaytarmırdı. Bu mərhələyə gəlib çıxmışamsa, insanlar tərəfindən sevilirəmsə, cəmiyyət içində hörmətim varsa, bir sözlə, həyatda nə qazanmışamsa hamısı Şahmar müəllimin adı ilə bağlıdır. Şahmar məni Zibeydə obrazına çəkməsəydi, bütün bunlar olmayacaqdı. Ona borcluyam”.

Aktyor, rejissor, ssenarist Şahmar Ələkbərov 23 avqust 1943-cü ildə Gəncədə anadan olub. Teatrda ilk dəfə Uilyam Şekspirin "Lope de Veqa" tamaşasında çıxış edib. Kino karyerası “Dağlarda döyüş” filmi ilə başlayıb. "Azərbaycanfilm" kinostudiyasında aktyor və rejissor kimi fəaliyyət göstərib.

Şahmar Ələkbərоv teleradiо sahəsində də fəallıq göstərib. Оnun radiоda ilk çıхışı "Ulduz" prоqramının aparıcısı kimi оlub. Bundan başqa, оnlarca televiziya tamaşasında yadda qalan оbrazlar yaradıb. "Mоlla Nəsrəddin" radiо verilişinin aparıcısı оlub. Bir çох filmlərin dublyajında iştirak edib.

O, “Dağlarda döyüş”, “Mən ki gözəl deyildim”, “Yeddi oğul istərəm”, “Axırıncı aşırım”, “Qızıl qaz”, “Həyat bizi sınayır”, “Bizim küçənin oğlanları”, “Qatır Məmməd”, “Firəngiz”, “Arxadan vurulan zərbə”, “Babək”, “Əlavə iz”, “Nizami”, “Ötən ilin son gecəsi” kimi Azərbaycan filmlərində yaddaqalan obrazlar canlandırıb, “İmtahan” (G.Əzimzadə ilə birgə), “Sahilsiz gecə” və “Qəzəlxan” filmlərinin quruluşçu rejissoru olub.

7 il davam edən xəstəlikdən sonra Şahmar Ələkbərov 12 avqust 1992-ci ildə dil xərçəngindən vəfat edib.


Müəllif: Foto: Elnur Muxtar, Nərmin Muradova

Oxşar xəbərlər