“40 ilə yaxındır ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində işləyirəm. Universitetdəki fəaliyyətimi teatrdakı işimlə paralel şəkildə həyata keçirmişəm. Teatr sahəsində Prezident tərəfindən mükafatlandırılmışam və bu, məni hər zaman fərəhləndirib. Bu gün də təhsil sahəsindəki əməyimə görə qiymətləndirildim. Buna görə İlham Əliyevə çox təşəkkür edirəm. Başda hörmətli rektorumuz Ceyran xanım olmaqla təltif olunan bütün əməkdaşları təbrik edir, onlara öz işlərində müvəffəqiyyət arzulayıram”.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Xalq artisti İlham Namiq Kamal deyib.
Xalq artisti tələbələri ilə fəxr etdiyini xüsusi vurğulayıb:
“Mənim müəllimlərim böyük sənətkarlar olub: Ədil İsgəndərov, Rza Təhmasib, Tofiq Kazımov. O insanlar həmişə mənim üçün var olacaqlar. Mən indi onlardan öyrəndiklərimi həyat təcrübəmlə birlikdə tələbələrə aşılamağa çalışıram. Tələbələrimin əksəriyyəti ölkənin müxtəlif teatrlarında, çox qismi isə Musiqili Teatrda işləyirlər. Dünən tələbələrim idilər, bu gün mənimlə bərabər səhnədə tərəf müqabildirlər. Bu, mənim üçün böyük xoşbəxtlikdir”.
Qeyd edək ki, bu gün Prezident İlham Əliyev Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin əməkdaşlarının təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncam universitetin 100 illiyinə həsr olunub. Mükafatlandırılanlar arasında Xalq artistləri Həmidə Ömərova, Mələkxanım Eyubova, İlham Namiq Kamal, Səkinə İsmayılova və Əməkdar artist Gülşad Baxşıyeva da yer alıblar.
Həmidə Ömərova, Mələkxanım Eyubova, İlham Namiq Kamal, Səkinə İsmayılova "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilib. Gülşad Baxşıyevaya isə Prezidentin fərdi təqaüdü veriləcək.