25 Mart 09:25
1 613
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Marionet Teatrının “Arşın mal alan” tamaşası Cenevrədə “Les Salons” teatrının səhnəsində uğurla nümayiş olunub.

Teleqraf.com xəbər verir ki, tamaşa Azərbaycan mədəni irsini təşviq edən, onu Avropada, xüsusilə də İsveçrədə populyarlaşdıran “İrs” (Heritage) Assosiasiyasının təşkilatçılığı ilə baş tutub.

Assosiasiya Azərbaycanın zəngin tarixi, musiqi və teatr irsini təşviq etmək məqsədilə tanınmış dramaturqların, yazıçıların və bəstəkarların əsərlərini yerli ictimaiyyətə təqdim edir.

“Arşın mal alan” əsəri Cenevrədə təqdim edilib. Bakı Marionet Teatrının yaradıcısı və bədii rəhbəri Əməkdar incəsənət xadimi Tərlan Qorçunun konseptual ideyasına uyğun olaraq, Üzeyir Hacıbəylinin yaradıcılıq irsi bu teatrın repertuar siyasətini təşkil edir. “Les Salons” teatrında “İrs” Assosiasiyasının üzvləri “Arşın mal alan” tamaşasının nümayişi çərçivəsində “Leyli və Məcnun” tamaşasının kuklaları, bu tamaşa üçün Azərbaycan, Gürcüstan və Baltikyanı ölkələrin rəssamlarının hazırladığı dekorasiyalar, geyimlər, ağac üzərində oymalar sərgilənib.

Bakı Marionet Teatrının hazırladığı “Arşın mal alan” tamaşası ilk olaraq Cenevrədə BMT-də çalışan diplomatik korpusun üzvləri üçün nümayiş olunub. Sonra tamaşa iki gün ərzində üç dəfə yerli ictimaiyyət üçün nümayiş etdirilib. Beləliklə, isveçrəli teatrsevərlər gənc Əsgərlə Gülçöhrənin səmimi sevgi axtarışında hekayətindən bəhs edən Azərbaycan folklorunun incisi “Arşın mal alan” tamaşası vasitəsi ilə 20-ci əsrin əvvəllərinin Bakısı ilə tanış olublar.

Bakı Marionet Teatrının Azərbaycan xalqının zəngin mədəni irsinin ən müxtəlif sahələrini bir araya gətirir, poeziya, musiqi, milli geyim, naxış və rəqslərimizə dair dolğun təsəvvür yaradır. Burada müasirlik tarixlə ayaqlaşır, klassik irs modern axtarışlarla uzlaşır, ənənələr yeniliklərə qovuşur, Şərq ilə Qərb birləşir.


Müəllif: Teleqraf.com