14 Aprel 09:00
1 886
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Kaliforniyada Azərbaycanın Xalq artisti Çingiz Sadıxovun 95 illik yubileyi qeyd olunub.

Teleqraf.com xəbər verir ki, Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu və Diaspora İncəsənət Şəbəkəsinin dəstəyi ilə keçirilən “Azərbaycan sədaları” adlı konsert tədbirində xalq artistinin ailə üzvləri, Şimali Kaliforniyada yaşayan Azərbaycan icmasının nümayəndələri, Gürcüstanın San- Fransiskodakı baş konsulları, diplomatlar, tanınmış elm və mədəniyyət xadimləri, həmçinin dost türk icmasının nümayəndələri iştirak ediblər.

Tədbirin açılışında çıxış edən Azərbaycanın baş konsulu Ramil Qurbanov milli musiqi mədəniyyətimizin görkəmli nümayəndələrindən olan və Azərbaycanın musiqi tarixində olduqca böyük iz buraxmış Çingiz Sadıxovun nailiyyətləri haqqında məlumat verib.

Konsertdə xüsusi qonaq qismində Azərbaycanın tanınmış kamança ustadı İmamyar Həsənov, müğənni Vahid Bayat, pianoçu Amir Bayat və tarzən Aydın Şateryan tərəfindən Ç.Sadıxovun repertuarından musiqilər və xalq mahnıları ifa edilib. Tədbir böyük maraqla qarşılanıb.

Qeyd edək ki, Çingiz Sadıxov 1929-cu il aprelin 5-də Bakıda anadan olub. İlk musiqi təhsilini paytaxtdakı Onillik musiqi məktəbində (indiki Bülbül adına Orta ixtisas musiqi məktəbi) alıb. Sonra Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) fortepiano fakültəsində, Moskva Dövlət Konservatoriyasının Aspiranturasında oxuyub.
Görkəmli musiqiçi Azərbaycan Dövlət Filarmoniyasının solisti və konsertmeysteri olub, Bülbül, Rəşid Behbudov, Müslüm Maqomayev, Lütfiyar İmanov və başqa məşhur vokalçıları müşayiət edib. Professor Çingiz Sadıxov Bakıda 16 nömrəli musiqi məktəbinin direktoru, “Azkonsert” yaradıcılıq birliyinin bədii rəhbəri, Yəmən Demokratik Respublikasında İncəsənət İnstitutunun təşkilatçısı və müəllimi olub.

Çingiz Sadıxov 1959-cu ildə Azərbaycanın Əməkdar Artisti, 1987-ci ildə Xalq Artisti fəxri adlarına layiq görülüb. Prezident İlham Əliyevin 2009-cu il 28 oktyabr tarixli Sərəncamı ilə Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.
Musiqiçi 1994-cü ildən Amerika Birləşmiş Ştatlarının San-Fransisko, son zamanlarda isə San-Xose şəhərlərində yaşayıb, 2017-ci il dekabrın 30-da dünyasını dəyişib. Ölkə başçısının göstərişinə əsasən Çingiz Sadıxovun nəşi vətənə gətirilərək Fəxri Xiyabanda dəfn edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər