22 Mart 2015 15:22
2 088
12 Punto 14 Punto 16 Punto 18 Punto

Haçan baxırsan, bu qız ağlayır, elə bil göz yaşı ovcunun içindədir. Hətta ona baxıb ürəyim də ağrıyır. Axı, niyə belə qəşəng qızı bu qədər incidirlər?

Söhbət “Bir ailəm var” serialının əsas qəhrəmanı - Nazlı rolunda çıxış edən Akademik Milli dramTeatrının aktrisası Rada Nəsibovadan gedir. Elə həyatda da beləymiş, duyğusal, ürəyiyuxa…

Publika.az aktrisa ilə maraqlı söhbəti təqdim edir:

- Haçan baxıram, serialda gözünün yaşını sel kimi axıdırsan... Göz yaşın ovcunun içindədir ki?

- (gülür) Sənət adamı belədir ki, həmişə özünü yaratdığı obrazın yerinə qoyur. Məsələn, mən düşünürəm ki, görəsən, serialdakı Nazlının yerində olsaydım, hansı hissləri keçirərdim? Həmin hadisələr mənim başıma gəlsəydi, vəziyyətdən necə çıxardım? Rolun içinə o qədər daxil oluram ki, özümü unuduram. Hətta günlərlə, aylarla o obrazdan çıxa bilmirəm. Mənə elə gəlir ki, Rada yox, elə Nazlıyam. O qızın taleyini yaşayıram. Mən əslində Nazlının halına ağlayıram.

- Eşitdiyimə görə aktrisalar rolda ağlamaq üçün soğandan və digər qıcıqlandırıcı vasitələrdən istifadə edir. Sən ağlamaq üçün neynirsən?

- Yox, yox, məndə belə deyil. Hərdən rejissorum mənə zarafatla deyir ki, bax, filan yerdə düyməni basıb, ağlayarsan. Çox duyğusal insanam. Bəzən ssenarinin elə yerləri olur ki, gözümün yaşı hələ oxuyanda axır. Anam deyir ki, indidən ağlama də, səhhətinə ziyan vurursan, axırda xəstəlik tapacaqsan. Özümdən asılı deyil.

- Tanınmağında, sevilməyində ən çox hansı seriala borclusan?

- Məni “Qayınana” serialında Sədaqət kimi tanıdılar, sonra da Nazlı kimi. Tamamilə biri-birinə zidd olan xarakterlərdir. Amma ilk dəfə 2008-ci ildə beş seriyalıq “Gürzə” filmində çəkilmişdim. Orda xalq artisti Nurəddin Mehdixanlı ilə tərəf-müqabil idim. Kor qadını oynayırdım. Onda da tanınırdım, amma son iki serialla məşhurlaşdım.

- “Qayınana”dakı Sədaqət sadəlövh, naşı bir qızdır. Maraqlıdır, sən özün həyatda necə birisən? Sədaqətlə oxşar cəhətləriniz varmı?

- Sədaqət çox sadəlövhdür. Hər bir insanın xarakteri mütləq şəkildə oynadığı rola sirayət edir. Özüm də çox kövrəyəm. Bir uşaq yıxılsa, onunla bərabər ağlayaram.

- Həm də tez aldanansan?

- Hə, insanlara tez inanıram. Mən heç vaxt istəmərəm ki, hansısa qadını aldatsınlar və buna görə həmin xanım əziyyət çəksin. Qadının göz yaşına dayana bilmirəm. Nazlı da çox əziyyət çəkir. Mən özüm kimisə incitmərəm. Addım atanda yüz dəfə ölçüb-biçərəm ki, görəsən, qarşımdakı adam məndən incimədi?

- Dedin ki, qadın göz yaşına dözə bilməyən birisən. Bəs, sənə göz yaşı tökdürənlər olub?

- Olub.

- Səhv kimdə olub?

- Başqalarında səhv axtarmaq istəmirəm. Çünki ola bilər ki, mən qarşı tərəfi günahlandırım, ancaq yanılım. Əslində kimin günahkar, kimin haqlı olduğunu yalnız Allah bilir. Ona görə də mən heç nə deyə bilmərəm.

- Belə başa düşdüm ki, nakam bir sevgi yaşamısan və bu acını hələ də unuda bilmirsən?

- Nakam sevgi deməzdim, sadəcə, layiq olmadığım acını yaşamışam. Hesab edirəm ki, o acını yaşamamalıydım.

- Əvvəldən tanımırdın oğlanı, bilmirdin ki, bu sevgi sənə layiq deyil?

- Sevgim mənə layiq idi, amma mən yaşadığım acıya layiq deyildim.

- Həmin sevgini artıq itirmisən?

- Tam mənada bilinmir, axarına buraxmışam.

- Yəni küsmüsünüz, bəlkə elə barışacaqsınız, niyə özünə dərd eləmisən bunu?

- Yox, elə deyil.

- Bu ayrılığın səbəbi nə oldu, bəs?

- Bilmirəm. Mən həyatda çox dürüst insanam. Özüm heç vaxt münasibətdə səhvə yol vermirəm və mənə də elə gəlir ki, qarşı tərəf də səhv eləməz.

- Deyəsən ürəyin hələ də o insanın yanındadır…

- Yox, o insanın yanında deyil, sadəcə, məni incidən budur ki, inandığım adam mənə qarşı dürüst davranmadı. Dəyər verdiyin, çox istədiyin insan tərəfdən haqsızlıq görəndə inciyirsən. Amma yoldan keçən birinin etdiyi haqsızlığa gülümsəyib keçirsən.

- Çalış ikinci dəfə seçim edəndə yanılma…

- Ümumiyyətlə, bilmirəm ikinci dəfə sevə biləcəyəm, ya yox.

- Nüsrət Kəsəmənlinin şeiri yadıma düşdü: “Kim deyir bir dəfə sevilir insan, sən demə, hər zaman sevmək olarmış”… Elə sevəcəksən ki…

- Nə bilim, həyat göstərər. Bəlkə də nə vaxtsa, bu barədə rahat danışa bilərəm, amma indi istəmirəm.

- Hansısa filmə, yaxud tamaşaya baxıb həsəd apardığın, “kaş bu rolu mən də belə möhtəşəm oynayaydım”, - deyən olubmu?

- Şəfiqə Məmmədovanın “Bizim Cəbiş müəllim” filmində yaratdığı obraz möhtəşəmdir. İnanmıram ki, hansısa aktrisa o rolu onun qədər təbii və gözəl oynaya bilərdi. Sanki rol onun boyuna biçilib.

Sənubər İsgəndərlinin şarmını bəyənirəm, Nəcibə Məlikovanın gözləri həmişə xoşuma gəlib. Həmidə Ömərovanı həm insan, həm də aktrisa kimi sevmişəm. Onu ekranda görəndə fikirləşirdim ki, görəsən, nə vaxtsa, onunla çəkilmək mənə qismət olacaq? Həmidə xanım serialda mənim anamı oynayırdı, onu həyatda da özümə ikinci ana sayıram. Xalq artisti Rasim Balayevi çox istəyirəm, amma onunla çəkilmək mənə nəsib olmayıb.

- Serialda çəkilən bir aktrisa kimi, hər halda Türkiyə seriallarını da izləyirsən. Onlardan kimi bəyənirsən?

- İzləyirəm, “Yarpaq tökümü”, “Qurdlar vadisi”, “Möhtəşəm yüz il“ə baxmışam. “Qurdlar vadisi” serialında Əlif rolunu oynayan aktrisadan çox xoşum gəlir.

- Aktrisa üçün gözəllik vacib kriteriyadırmı?

- Gözəllik vacibdir. Amma gözəlliyə müəyyən bir vaxta qədər baxmaq olar. Sonradan gözəl bir oyun görmək istəyirsən. Həmin mərhələdə gözəllik daha gözə görünmür.

- Səncə, səni tamaşaçıya sevdirən hansı cəhətindir?

- Məncə, səmimiyyətim. Yaratdığım obraza təbii münasibətim.

- Bəs, vücudunda, səncə, gözəlliyini vurğulayan nədir?

- Həmişə gözlərimi sevmişəm.

- Bəzi gənc aktrisalar var ki, ailə qurandan sonra sənətdən uzaqlaşırlar. Sən necə, bu sənətdən ayrılmayacaqsan ki?

- Mənim üçün həyatda populyarlıq, şan-şöhrət o qədər də önəmli deyil. Sadəcə, sənətimi sevdiyim üçün bu işlə məşğulam. Əgər sevdiyim insan məni dilemma qarşısında qoysaydı, bu sənətdən imtina edərdim. Amma yaşadığım acıdan sonra düşündüm ki, heç kəs üçün heç nədən imtina etməyə dəyməz. Əslində, sevdiyin insan səni hər halınla qəbul etməlidir. Səhnədəsənsə, səhnədə görüb səni bəyənibsə, niyə səni sevdiyin işdən ayırmalıdır?

Cəvahir Səlimqızı

Foto:Elçin Murad


Müəllif:

Oxşar xəbərlər