Teleqraf.com bəstəkar, Azərbaycan Milli Konservatoriyasının rektoru, professor Səyavuş Kərimi ilə müsahibəni təqdim edir:
– Səyavuş müəllim, necəsiniz, özünüzü necə hiss edirsiniz?
– Çox sağ olun yaxşıyam. Yavaş-yavaş yaşıyırıq.
– Təhsillə bağlı işləriniz nə yerdədir?
– Demək olar ki, bütün səyimizlə çalışırıq. Çünki hər bir istedadlı, intelektual gəncin yetişməsi çox vacib məsələdir. Yəni o parlaq istedadı üzə çıxarmaq üçün gərgin çalışmalıyıq.
– Yaradıcılığınızda hansı yeniliklər var?
– Yaradıcılığımda hələ ki mən istədiyim şəkildə irəliləyiş yoxdur. Sadəcə, bir ay bundan əvvəl oğlumla birgə kino musiqisini bitirmişik.
– O, hansı filmdir?
– Çingiz Abdullayevin “Xeyir və Şər” romanı əsasında çəkilmiş filmdir.
– Səyavuş müəllim, sənətinizi seçməkdə kimsə sizə təsir eləyibmi?
– Böyük insanların: Üzeyir Hacıbəyovdan başlayaraq bütün bəstəkarlarımızın yaradıcılığı, məktəbdən indiyə qədər də mənə həmişə təsir göstərib. Nəinki bəstəkarlar, hətta yazıçılar, mədəniyyətə xidmət etmiş bütün insanların təsiri ilə yetişmişik.
– Dünya musiqisindən kimlərə qulaq asırsınız?
– Müxtəlifdir. Seçim aparmıram. Ürəyimə yaxın olan bütün musiqilərə qulaq asıram. Dinləyirəm, xoşuma gələn musiqi olursa, axıra qədər qulaq asıram. Xoşuma gəlməyəni keçirəm.
– Bəstəkarlarımızdan kimləri bəyənirsiniz?
– Ən çox bəyəndiyim Üzeyir Hacıbəyovdur.
– Bəs elə olubmu ki, müasir dövrümüzdə hansısa bəstəkarımızın əsərini dinləmisiniz, amma bəyənməmisiniz?
– Yadıma gəlmir. Müasir dövrdə olanların çoxunu tanımıram.
– Muğamla dünya səviyyəsində hansı musiqini qarşılaşdırmaq olar?
– Mənə elə gəlir ki, buna ehtiyac yoxdur. Çünki muğam özü bir fəzadır, yəni başqa bir aləmdir. Digər xalqların musiqisi də öz yerində maraqlı və yüksək səviyyədədir.
–Musiqinin insana təsiri, onun ruhunu qidalandırması əvəzsizdir...
– Musiqinin insana təsir etdiyi qədər, bəlkə, heç təbabət də təsir edə bilməz. Musiqinin insana təsiri çox böyükdür. O insanı sağalda da bilər, dərdə də sala bilər, sevindirə də bilər.
– Səyavuş müəllim, sizcə, televiziyadan evlərə dolan musiqilər nə dərəcədə sanballıdır?
– Bilirsiniz, keyfiyyətsiz musiqi hər zaman olub. Sadəcə, bizə gəlib çatanlar tarix boyu qalan, iz salan musiqilərdir. Yəni bizə yaxşılar gəlib çatıb. Bu gün internet var, televiziyalar var və əlbəttə ki, musiqini cəmiyyətə təqdim edəndə ilk növbədə cəmiyyətin mədəni səviyyəsini yüksək tutmaq lazımdır. Biri var cəmiyyətin arxasınca gedəsən. Biri də var cəmiyyəti arxanca aparasan. Bax mənə elə gəlir ki, bu ikinci televiziyalarımız üçün göstərici olmalıdır.
– Bu gün sənətdə sizi narahat edən nəsə varmı?
– Bunu ümumi olaraq götürmək olmaz. Bu, fərdi məslədir. Yəni fərddən aslıdır. Bəzisi var ki, istedadsızdır, amma özünü gözə soxmaqda bacarıqlıdır. Tutaq ki, yazdıqlarını camaata yedizdirəcək. Necə ki, bəzi hallarda belə olur. Biri də var ki, istedadlıdır, gözəl əsərlər yazır, amma bunu ortalığa çıxara bilmir.
– Sizcə, istedadlı, gözəl əsərlər yazan biri niyə özünü təsdiqləyə bilmir?
– İnsan var, görürsən, nə qədər kitablar oxuyub, sahəsinin alimidir, amma gedib çörəksatan işləyir, yaxud da başqa bir işin qulpundan yapışır, amma iki sinif təhsili olmayan birdən milyardların sahibi olur. Sənətdə də belədir.
– Gənc bəstəkarlara özlərini təsdiqləmək üçün yetərincə imkanlar yaradılıb?
– Yetərincə imkanları var.
– Necə düşünürsünüz, bu gün bəstəkarlarımızın maddi durumu yaxşıdırmı? Yəni soyuducuları boş qalmır ki?
– Bəstəkarların maddi vəziyyəti acınacaqlıdır.
– Sənətinizlə bağlı bir çox yerlərdə rəhbər olmusunuz. Hazırda da Azərbaycan Milli Konservatoriyasının rektorusunuz. Necə düşünürsünüz, çətinliklər arxada qalıb, yoxsa hər anın öz hökmü var?
– Hər anın öz hökmü var. Çətinliklər hər zaman var. İnsan problemləri həll eləmək üçün yaşayır. Bir dəqiqəlik özünüz üçün təsəvvür eləyin ki, problemlər yoxdur. Yəni onda həyat çox maraqsız olar. Əlbəttə ki, çətinliklər nə qədər az olsa, bir o qədər yaxşıdır. Amma çətinliklər olanda onları həll etmək lazımdır.
– Sonda sizdən həyatda yetərincə təcrübəli olduğunuz üçün bir şey soruşum.
– Buyurun.
– Sonu ölümlü olan bu dünyada şərəfli yaşamaq deyəndə nə başa düşülür?
– Hər zaman hörmətli olmaq lazımdır. Hörməti, mənliyi yerə salmaq, itirmək olmaz. Allahın verdiyi ömürdür. Kasıb da ola bilər, dövlətli də ola bilər. Bunların hamısı gəldi-gedər şeylərdir. Onu da deyim ki, kişi kimi yaşamaq da hər adama qismət olmur. Ona görə də həyatı həmişə hörmətli yaşamaq lazımdır. Yəni əsas insanın mənliyidir, qürurudur, qeyrətidir.
Sərvər Şirin