RF Dövlət Dumasının deputatı Maksim Şinqarkin (RLDP) xarici işlər naziri Sergey Lavrova ünvanlanmış sorğu hazırlayıb. O, Ermənistan Respublikasının rəhbərliyinə münasibətdə diplomatik tədbirlər görülməsini və nasist əlaltılarının qəhrəman kimi qələmə verilməsinin yolverilməz olmasını xatırlatmağı xahiş edib.
Bu sorğuya səbəb Yerevanda kollaborasionist, Hitlerin əlaltısı Qaregin Njdeyə heykəlin təntənəli açılışı olub. Bundan əvvəl Yerevanda bir meydana və metronun bir stansiyasına Njdenin adı verilib.
“Russkaya planeta” portalı yazır ki, parlamentarinin fikrincə, Ermənistan “erməni soyqırımı”nın dünyada tanınmasına çalışır, halbuki nasistlər və onların əlaltıları Nürnberq prosesində, o cümlədən soyqırımına görə mühakimə olunublar.
Xatırladaq ki, mayın 28-də Yerevanda Qaregin Njdenin heykəlinin rəsmi açılış mərasimi keçirilib. Njde Böyük Vətən müharibəsi illərində SS-lərlə fəal əməkdaşlıq edib. 1942-ci ildə o, Vermaxtın tərkibində Qızıl Ordunun əsir düşmüş erməni əsgərlərindən ibarət hissələr yaradıb. 1942-ci il dekabrın 15-də almanlar tərəfindən təsis edilmiş Erməni Milli Şurasının yeddi üzvündən biri Qaregin Njde olub. Njdenin rəhbərliyi altında Almaniyada yaradılmış hərbiləşdirilmiş erməni dəstələri Krımın işğalı və Qafqaza hücum əməliyyatlarında fəal iştirak ediblər.
Bədnam “erməni legionu”nun yaradılmasında ona general Dro adı ilə məşhur olan Drastamat Kanayan kömək edirdi. Avstriyalı tarixçi Erik Fayql öz əsərlərində göstərir ki, 1942-ci ilin dekabr ayında Dro Gimmlerin görüşünə gedib. Fayql yazır: “Dronun əsla vicdan əzabı çəkmədən adam öldürmək praktikası və təcrübəsi vardı. Bu, Himmlerə çox güclü təsir bağışlayırdı. Dro və Gimmler özləri də insanları ölümə göndərirdi, amma bu, onların heç birini narahat etmirdi. Dronun çağırışına cavab olaraq təqribən 30 min erməni nasistlərə qoşuldu”. Bu gün Ermənistanda general Droya və Njdeyə güclü pərəstiş yaradılıb.
Müharibənin axırlarında Njde SMERŞ təşkilatı tərəfindən həbs edilərək Moskvaya, Dövlət Təhlükəsizlik Nazirliyinin (DTN) Lubyankadakı daxili həbsxanasına göndərilib. 1946-cı ildə o, Lubyankadan Yerevan həbsxanasına köçürülüb. Njde əksinqilabi fəaliyyətdə, hər şeydən əvvəl Zəngəzurda “antisovet” üsyanında və bu usyan dövründə kommunistlərin kütləvi şəkildə qətlə yetirilməsində iştirak etməkdə təqsirləndirilirdi. 1948-ci il aprelin 24-də DTN yanında Xüsusi Müşavirə onu 25 il həbs cəzasına məhkum edib.
Rusiya Hərbi Tarix Cəmiyyətinin elmi sektorunun müdiri Yuri Nikiforovun sözlərinə görə, bu gün Qaregin Njdeyə heykəl qoyulması ona ictimai rəyin nəzərində bəraət qazandırmaq deməkdir. İlk baxışda adama belə gəlir ki, kollaborasionistlər doğma Ermənistanın rifahı barədə müəyyən təsəvvürləri rəhbər tutublar. Əslində isə bu, dindar adamlar demişkən, “iblislə sövdələşmə”dir. İblislə oynamaq isə faydasızdır – hər halda o səni aldadacaq.
Y.Nikiforov fikrini belə tamamlayıb: “Tamamilə aşkardır ki, bu və ya digər xalqların nəzərində kollaborasionistlərə haqq qazandırmaqla mətləbdən çox uzaqlaşmaq olar. Beləyə qalsa, nə üçün təkcə Qaregin Njdeyə heykəl qoyulmalıdır? Gəlin kollaborasionistlər hərəkatının sıravi iştirakçılarından başlamış onun rəhbərlərinə qədər hamısına heykəl qoyaq. Bu siyahını sonsuz davam etdirmək olar... Bundan sonra sadəcə faşist diktatorlarına heykəl qoymağa başlayarıq. Bəs onlar kimdir? Onlar da beləcə kollaborasionistlərdir. Onlar Hitlerin altına yıxılaraq onunla birlikdə vuruşmaqdan yaxşı bir yol tapa bilməyiblər”. (“Azərtac”)