" Dağlıq Qarabağ münaqişəsinin həllində hər zaman Azərbaycanın yanındayıq. Azərbaycanın qəbul etdiyi bütün həll variantlarını dəstəkləyəcəyik və bəzi məsələlərdə birlikdə addım atacağıq".
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu "Habertürk" telekanalına müsahibəsində bildirib. O, Azərbaycan və Ermənistan arasında sülh əldə edilməsi üçün Bakıya səfər etdiyini deyib.
Çavuşoğlu Türkiyənin Ermənistanla hər hansı bir əlaqəsinin olmadığını bildirib: "Beynəlxalq toplantılarda ermənistanlı həmkarımla ayaqüstü salamlaşmışıq. Başqa heç bir əlaqələrimiz və ya görüşlərimiz olmayıb".
Çavuşoğlu İsrail ilə əlaqələrin normallaşmasından sonra Türkiyənin bu ölkədəki səfirliyinin nə vaxt bərpa ediləcəyi ilə bağlı sualı da cavablandırıb: "Yeni səfirimizin adı məlum deyil. Əvvəlcə razılaşma parlamentdə təsdiqlənməlidir. Təsdiqlənmədən sonra səfir təyin ediləcək".
Nazir İsrailin Türkiyənin irəli sürdüyü şərtləri əməl etdiyini deyib: "Bizim şərtlərimizdən biri fələstinli və Qəzzadakı qardaşlarımıza yardımın çatdırılması idi. İsrail bizim şərtləri yerinə yetirir. İlk humanitar yardımı da göndərdik. Davamı olacaq".
XİN rəhbəri iyulun 15-də Türkiyədə hərbi çevrilişə cəhddən sonra aparılan istintaq prosesinə də toxunub: "Çevrilişə cəhddən sonra bəzi ölkələrdəki səfirlərin işdən azad olunması ilə bağlı qərar verilib”.
Çavuşoğlu ABŞ-ın Fətullah Güləni ektradisiya etməsi məsələsi ilə bağlı deyib: "ABŞ-dan mənfi cavab alacağımızı düşünmürük. Hüquqi və siyasi əlaqələrlə görüşləri davam etdirəcəyik. ABŞ-ın terror təşkilatı rəhbərini bizə verməməsi iki ölkə arasındakı əlaqələrə təsir edəcək. Bunu açıq deyirik".
Samir