29 Avqust 2016 17:13
1 289
12 Punto 14 Punto 16 Punto 18 Punto

İslam Kərimovdan sonra Özbəkistana kimin rəhbərlik edəcəyi ilə bağlı iddialar irəli sürülüb.

Teleqraf.com RBK-ya istinadla xəbər verir ki, ekspertlər baş nazir Şövkət Mirziyayev və baş nazirin müavini Rüstəm Əzimovun şansını yüksək qiymətləndirirlər.

Konstitusiyaya əsasən isə prezidentdən sonra onun səlahiyyətləri Senatın spikerinə keçməlidir. Özbəkistan Senatının spikeri Niqmatulla Yoldaşovdur.

Bununla belə, əslən Səmərqənddən olan, 2003-cü ildən baş nazir postunu tutan 59 yaşlı Şövkər Mirziyayev hazırkı situasiyada favorit hesab olunur. Onun prezident ailəsi və milli təhlükəsizlik naziri Rüstəm İnoyatovla sıx münasibətləri olduğu, hazırkı rəsmi kursu davam etdirə biləcəyi deyilir. Özbəkistan kimi ölkələrdə hakim ailənin rəyi həlledici faktor sayılır.

Baş nazirin müavini Rüstəm Əzimov isə məşhur özbək fiziki Sadıq Əzimovun oğludur. O, Daşkənd elitasına mənsub şəxs kimi xarakterizə olunur. Uzun illər Milli Bankda xarici iqtisadi sferaya cavabdehlik daşıyıb, maliyyə naziri vəzifəsini tutub.

Şövkət Mirziyayev Rusiya, Rüstəm Əzimov Qərb meyilli siyasi fiqur kimi göstərilir.

Özbəkistanın Avrasiya İttifaqından ayrılmasına və ABŞ bazalarını ölkəsindən çıxarmasına baxmayaraq İslam Kərimovun son illər Vladimir Putinlə yaxınlaşdığı vurğulanır.

İslam Kərimovun on ildən artıqdır ABŞ-da yaşayan və qeyri-siyasi həyat sürən böyük qızı Gülnarə Kərimovanın prezidentliyə namizəd olacağı ehtimalı azdır.

78 yaşlı İslam Kərimov MDB məkanında ən yaşlı və ən uzun müddətli ölkə başçısı sayılır. 1989-cu ildə kommunist rəhbər kimi fəaliyyətə başlayan Kərimov sonralar müstəqil Özbəkistanın prezidenti postuna əyləşib.

Avqustun 27-də beyninə qan sızandan və reanimasiyaya yerləşdiriləndən sonra İslam Kərimovu kimin əvəzləyəcəyi sualı aktuallaşıb.

Mahir


Müəllif:

Oxşar xəbərlər