16 Sentyabr 2016 13:14
1 217
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ və İsrail arasında milyardlarla dollarlıq həcmində hərbi yardım razılaşması əldə edilib.

Teleqraf.com xəbər verir ki, bu razılaşma bir neçə gün əvvəl əldə edilib və rəsmi Vaşinqton tərəfindən imzalanmalıdır. Bu anlaşma faktiki olaraq ABŞ-dan İsrailə rekord hərbi yardım deməkdir.


Sözügedən anlaşmanı ABŞ Dövlət Departamenti şərh edib. Şərhdə ABŞ-ın İsraillə milyardlarla dollarlıq anlaşması təsdiqlənib. Əldə olunan razılığa əsasən, yardım 2019-cu ildən 2028-ci ilə qədər dövrü əhatə edəcək. Dövlət Departamenti şərhində hərbi yardımın həcmini açıqlamasa da, bunun ABŞ tarixinin ən əhatəli ikitərəfli hərbi yardım olduğunu təkzib etməyib.

İsrail heyətindən verilən məlumatlara görə, bu anlaşmanın 38 milyard dollarlıq olduğu bəlli olub. 10 illik müddətinə olan bu razılaşmanın əslində 30 milyard dollarlıq yardımı əhatə etdiyi haqda fikirlər də səslənir. Qeyd edilir ki, İsrailin ABŞ-dan aldığı silah və təchizat Amerika silah sənayesinin xeyrinə olacaq.

Ekspertlər hesab edirlər ki, İsrail hökuməti yeni müqavilədə hərbi kömək miqdarının yüksəldilməsinin tərəfdarıdır və bunun üçün təzyiqlər göstərir. Səbəb isə İranın nüvə silahı ilə bağlı son illər yaranan qarşıdurmanı aradan qaldıra bilməsi, Tehrqanla Qərb arasında münasibətlərin nisbətən düzəlməsidir.
İsrail hesab edir ki, bu yaxınlaşma İranın Yaxın Şərqdəki qol-qanadını açacaq və bu, İsrailin qayğısını artırmaya bilməz. İsrail İrana qarşı sanksiyaların aradan qaldırılmasının ardından Tehranın Fələstində Həmas, Liviyada "Hizbullah"a dəstəyini artıra biləcəyini güman edir.


Politoloq Zərdüşt Əlizadə İsrail-ABŞ arasında bağlanan nəhəng hərbi anlaşmanı şərh edib.

O, Teleqraf.com-a bildirib ki, ABŞ və İsrail müttəfiq dövlətdir, ortaq iqtisadi maraqlara malikdir: “İsrail yaranandan bu yana Vaşinqton bu ölkəni dəstəkləyir. Eləcə də İsrailin ərəb dövlətləri ilə apardığı müharibələr zamanı ABŞ onun ən yaxın müttəfiqi olub. Kemp Devid anlaşmasından sonra isə İsrailin mövqeyi möhkəmlənib, vahid ərəb cəbhəsi dağılıb. Faktiki olaraq, İsrailin təhlükəsizliyi təmin edilib. İsrailin atom silahı, raket kompleksləri var, həm dövlət quruluşu möhkəmdir, həm də ki, dünyada hörməti və müttəfiqləri daha çoxdur”.

Z.Əlizadə xatırladıb ki, ABŞ hər il İsrailə 3 milyard dollarlıq yardım edir: “İsrail bu maliyyəni ABŞ hərbi sənayesinə xərcləyir, silahlar alır. Ayrıca İsrailin özünün güclü hərbi sənaye kompleksi var, xaricə silahlar satır. İndi 10 illik müqavilə 38 milyard dollarlıq həcmindədir. Yəni 3 milyard yardımdan bir qədər çoxdur. Onsuz da ABŞ ildə 3 milyard yardım edirdi və bu 10 ilə 30 milyard edir. Bu o deməkdir ki, bu iki ölkə hərbi əməkdaşlığı uzunmüddətli və planlı şəkildə uyğunlaşdırır”.

Z.Əlizadə hesab edir ki, bu razılaşmanın İranın Yaxın Şərqdə aktivləşməsi, eləcə də Həmas və "Hizbullah"a dəstəyini artıra biləcəyi ilə əlaqələndirilməsi doğru deyil: “Bunların hamısı yalandır, spekulyasiyadır, möhtəkirlikdir. Real olaraq İsrail bütün ərəb ölkələrindən güclüdür. Heç bir ərəb dövləti İsraillə qarşıdurmaya getməz. Üstəlik vahid ərəb həmrəyliyi yoxdur. Məsələn, Misir İsraili tanıyır və faktiki yaxın əlaqələri var. Üstəlik terrorizmə qarşı birgə “mübarizə” aparırlar. Baxın, keçmiş Misir prezidenti Mursiyə qarşı ittihamlardan biri odur ki, Həmasa dəstək verib. Həmas təşkilatı isə zamanında Fələstində hökumət başında dururdu və İsrail işğalını tanımırdı. Amma indiki Misir hökuməti Həması terror təşkilat hesab edir. Üstəlik İran gəlib İsrailə nə edə bilər? İranı sadəcə ittiham etmək istəyirlər. Odur ki, İsrailə olan İran təhlükəsini 100 dəfə şişirdirlər. Son nəticədə isə ABŞ hərbi sənayesinə daha böyük pullar qazanması üçün şərait yaradırlar”.

NEMƏT


Müəllif:

Oxşar xəbərlər