Rusiya prezidenti Vladimir Putin ölkədə baş tutan parlament seçkilərindən sonra bu gün hökumət üzvlərinin qarşısında çıxış edib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, o, ilk olaraq, seçkinin nəticələrini dəyərləndirib:
"Seçkilərin nəticələri çox yaxşıdır, bu, Rusiya xalqı tərəfindən avansdır və onu işləmək lazımdır. Mən çox inanıram ki, hökumət və parlamentin yeni tərkibi hədəflərə çatmaq üçün bütün gücləri birləşdirəcək".
Onun sözlərinə görə, "Vahid Rusiya"nın seçki nəticələrini qənaətbəxş saymaq olar.
Putin parlament seçkiləri vaxtı ölkədəki daxili vəziyyəti dəyişdirmək cəhdlərindən də danışıb: "Seçkilərin nəticələri həm də Rusiya xalqının təhlükələrə, sanksiyalara və daxildəki vəziyyəti dəyişdirməyə çalışanlara cavabıdır".
Rusiya prezidenti ölkədə çoxpartiyalılığın inkişaf etdirilməsinə çalışdıqlarını deyib: "Biz çoxpartiyalılıq sistemini inkişaf etdirməyə və vətəndaş cəmiyyətinə dəstək verməyə çalışacağıq".
Vladimir Putin Rusiyanın xarici tərəfdaşlarla əməkdaşlığının şərtlərini açıqlayıb: "Xarici siyasətdə heç bir aqressiya olmadan əməkdaşlığımızı genişləndirəcəyik. Ancaq burada bizim milli maraqlarımıza və dövlətimizin müdafiə qabiliyyətinin təmin olunmasına qeyd-şərtsiz əməl olunmalıdır".
Samir