“Türkiyə vətəndaşlarının Avropa İttifaqı ölkələrinə vizasız səyahəti ilə bağlı prosedurun bu ay qüvvəyə minməsini gözləyirəm. Söz oynatmağın, diplomatik oyunbazlığın mənası yoxdur”.
APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisinin payız sessiyasının açılışında bildirib.
R.T.Ərdoğan deyib ki, əgər Avropa İttifaqı obyektiv qiymətləndirmə ilə Türkiyəni üzv qəbul etsə, bununla bağlı heç bir əngəl olmaz: “Avropa İttifaqı rəsmiləri ilə ittifaqda təsirli mövqeyə malik ölkələrdən açıq bir qərar gözləyirik. Bizim Avropa İttifaqı kriteriyaları, insan haqları, hüququn aliliyi ilə bağlı heç bir problemimiz yoxdur, olmayacaq da. Bu sahədə addımları Avropa İttifaqının istəyinə görə yox, öz vətəndaşlarımız buna layiq olduğu üçün atırıq. Türkiyəni Avropa İttifaqına tam üzv qəbul edəcəklərsə, biz hazırıq. Türkiyə 53 ildir ki, Avropa Birliyinin qapısında gözləyir. Artıq bu oyunun da sonuna gəldik, Avropa İttifaqının da bunu bilməsi lazımdır. Avropa İttifaqının Türkiyə ilə, yaxud Türkiyəsiz yola davam etməsi seçimi özünə məxsusdur. Məsuliyyəti bizim üzərimizə atmağa çalışmasınlar”.