Türkiyənin "Haber 7" informasiya portalı yanvarın 20-də prezidentlik müddəti baş çatacaq Barak Obamanın vəzifədə olduğu 8 ili qiymətləndirib. Teleqraf.com həmin yazını təqdim edir:
2008-ci ilin noyabrın 4-də keçirilən prezident seçkilərində qalib gələn və 2009-cu il yanvarın 20-də baş tutan inauqurasiya mərasimindən sonra vəzifələrinin icrasına başlayan Barak Obama ilk səfərini aprelin 7-də Türkiyəyə edib və burada Sultanahmet məscidində olub. Həmin il iyunun 4-də Misirdəki Qahirə Universitetində çıxışına “Əssəlamun aleyküm” deyərək başlayıb.
8 illik prezidentlik dönəminin ilk illərində müsəlman olduğu iddia edilən Obama ilə bağlı saysız sənədlər və açıqlamalar ortaya çıxıb. 8 ilin sonuna baxıldıqda isə Obamanın prezidentlik müddətinin müsəlmanların ən çox ziyan gördüyü dönəm olduğu aydınlaşır.
Suriyada terror təşkilatları ilə əməkdaşlıq etdi
“Ərəb baharı” 2010-cu ilin dekabrında Tunisdə başladı. Sonra Misir, Liviya və Suriyaya sıçradı. Obamanın Suriya siyasəti həll deyil, zorakılığın daha da şiddətlənməsinə yönəldi. Nəticədə 600 min dinc sakin həyatını itiridi.
Suriyada terror təşkilatları ilə birgə hərəkət etdi. PKK-nın qolu sayılan PYD ilə müttəfiq oldu, PYD-yə silah verərkən, "səhvən" İŞİD-ə də silahlar göndərdi.
2013-cü ildə Suriyada axan qan dayandırıla bilərdi
2013-cü ilin avqustunda Dəməşq rejimi Qutada kimyəvi silahdan istifadə edərək, qətliam törətdi. Obama “qırmızı xətt aşıldı” dedi, əməliyyat əmrini verdi, ancaq bu əməliyyat heç vaxt həyata keçirilmədi. Bir müddət sonra kimyəvi silahların təslimi adı altında qurulan teatr Əsəd rejiminin dünyanı aldatmasına imkan yaratdı.
Misirdə qiyamçılarla qol-qola girdi
“Ərəb baharı” Suriyadan əvvəl Misirdə oldu. 30 illik Mübarək diktatorluğu sona çatdı. Misirlilər çevrilişdən sonra seçki keçirdi və Məhəmməd Mursi ölkənin seçilmiş ilk prezidenti oldu. Ancaq 2013-cü ildə Misirdə ikinci çevriliş oldu. ABŞ səsini çıxarmadı, əksinə qiyamçıları dəstəklədi. Qiyam zamanı 4 min dinc sakin öldürüldü, minlərlə insan edam cəzası ilə həbs edildi. Obama isə qiyamçıları alqışladı və Sisinin tərəfini saxladı.
Liviyada 55 min dinc sakin öldürüldü
“Ərəb baharı” müddətində 2011-ci ilin martın 19-da Fransanın rəhbərliyi ilə Liviyada NATO hərəkatı başlandı. Obama bu hərəkatı dəstəklədi. Qəddafi linç edildi, ancaq Liviyada toqquşmalar bitmədi. Obama Liviyada Mərkəzi Kəşfiyyat İdarəsinə işləyən general Hafter ilə ittifaqa girdi. Liviyada 55 min insan öldürüldü, ölkə hazırda İŞİD terrorçularının işğal və hücumları ilə üz-üzədir. Obama 2012-ci ildə Benqazidəki ABŞ səfirinin öldürülməsindən sonra terror təşkilatları ilə mübarizə adı altında Liviyanı qan gölünə çevirməyə davam etdi.
İraqda Buşun qətliamlarına yenilərini əlavə etdi
İraq 2003-cü ildə ABŞ prezidenti Corc Buş tərəfindən işğal edildi. Obama 2008-ci ilin sonlarında İraqı Buşdan miras kimi götürdü. Obama prezident olduğu gündən bu yana İraqda 100 mindən çox dinc sakin qətlə yetirildi.
Əfqanıstanda da eynisini etdi
ABŞ 2001-ci ildə Əfqanıstana qoşun yeritmişdi. Obama İraq kimi, Əfqanıstanda da Buş siyasətini davam etdirdi. Əfqanıstanda Obama dönəmində 70 min insan öldürüldü. ABŞ qırıcıları "Taliban"a qarşı əməliyyat adı altında dinc sakinləri vurdu.
PKK-PYD-FETÖ
Obama rəhbərliyi Türkiyəni hədəfə alan PKK-PYD-FETÖ terror təşkilatlarına qucaq açdı. FETÖ terrorçularının liderinin ekstradisiyası üçün heç bir addım atmadı. 15 iyul Türkiyədə baş verən qanlı çevriliş cəhdini dəstəklədi və PKK-PYD-ni müttəfiq elan etdi.
İŞİD Obamanın dövründə meydana gəldi
Bu gün dünyanın bir nömrəli bəlası olan İŞİD terror təşkilatı Obamanın dövründə meydana gəldi. ABŞ-ın seçilmiş prezidenti Tramp İŞİD-in Obama tərəfindən yaradıldığını açıqladı. Obama İŞİD bəhanəsi ilə PYD və PKK-nı dəstəklədi, eləcə də Suriya və İraqda işğallar həyata keçirdi.
Obama Suriyada istəyinə çatdı
Əslində, Obamanın Suriya siyasəti müvəffəqiyyətsiz olmadı. Obama Suriyada istəyinə çatdı. ABŞ Suriyanın şimalında 7 hərbi baza qurdu. Bu bölgəni PYD terrorçularının nəzarətinə verdi.
Öz ölkəsində də qaradərililərə qarşı qətliam törətdi
Qaradərili prezident olan Obama ABŞ-da irqçilik qurbanı olan afroamerikalı müsəlmanların ümidi idi. Ancaq Obamanın xüsusən də, son illərində ABŞ-da irqçilik geniş vüsət aldı. Polislərin qaradərililərə yönələn hücumları artdı. 2013-cü ildən bugünə qədər 1597 afroamerikalı polis hücumu zamanı həyatını itirib.
Samir