Ağ Evin sözçüsü Şan Spayser jurnalistlərə açıqlamasında İranın “Xürrəmşəhr” adlı yeni uzaqmənzilli ballistik raketi sınaqdan keçirməsindən danışıb.
Teleqraf.com xarici mediaya istiandən xəbər verir ki, o, rəsmi Tehranın bu addımının beynəlxalq qanunlara zidd olduğunu bildirib: “Bizim İranın yeni raket sınaqdan keçirməsindən xəbərimiz var. Hazırda həmin sınağın təfərrüatını araşdırır və onun mahiyyətini müəyyənləşdiririk. Aydın məsələdir ki, araşdırmalar başa çatdıqdan sonra bu barədə ictimaiyyətə ətraflı məlumat verəcəyik”.
Bu arada, ABŞ İranın bu addımının araşdırılması ilə bağlı Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının təcili toplantısını çağırıb. ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Haley bununla bağlı açıqlama verib.
Qeyd edək ki, amerikalı rəsmilər İranın "Xürrəmşəhr” adlı yeni uzaqmənzilli ballistik raketini sınaqdan keçirməsi haqda məlumat yayıblar. Bildirilir ki, yanvarın 29-da İranın Simnan şəhəri yaxınlığındakı hərbi bazada sınaqdan keçirilən yeni ballistik raket 630 kilometrlik məsafəni qətt etdikdən sonra partlayıb.
İran rəsmiləri bu barədə yayılan məlumatları nə təsdiqləyir, nə də təkzib edirlər.
Samir