22 Fevral 2017 18:59
544
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son vaxtlar Donbasda vəziyyət gərginləşib. Gedən döyüşlərdə hər iki tərəf itkilər verir. Bununla da faktiki olaraq münaqişənin eskalasiyası baş verir.

Bu istiqamətdə fikirlərini Teleqraf.com-la bölüşən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu bildirib ki, müharibənin gərginləşməsinin, hazırkı toqquşmaların baş verməsinin iki başlıca səbəbi var.

Onun sözlərinə görə, birinci səbəb odur ki, Donbas separatçıları ərazilərini genişləndirmək istəyirlər. Bu mənada Rusiyadan da dəstək alırlar: “Bir az da həvəsləniblər. Çünki Rusiya prezidenti Vladimir Putinin imzaladığı fərmana əsasən, artıq Donetsk və Luqanskın “pasport”ları Rusiya ərazisində tanınacaq. Yəni, onlar Rusiya ərazisinə sərbəst daxil ola və çıxa, iş yerləri aça, mənzillər ala bilərlər. Beləliklə, onlar bir qədər ruhlanıblar və belə deyək, Ukrayna tərəfini təxribata çəkmək istəyirlər. Amma qarşı tərəf – Ukrayna ordusu da müəyyən həmlələr həyata keçirə bilər. Çünki Yanukoviç devriləndən sonra məlum oldu ki, Ukrayna ordusu adlı bir məfhum yoxdur. Rusiya kəşfiyyatı Ukrayna ordusunu çoxdan dağıdıb. Petro Poroşenko məcbur qalıb sıfırdan bir ordu yaratdı və ordu yarananadək Krım əldən getdi, Donbass üzərində nəzarət itirildi. Amma son üç ildə müəyyən işlər də görüldü. Ordu quruldu, peşəkarlaşdırıldı, hərbi texnika ilə təchiz edildi. İndi bu peşəkarlaşan ordu öz gücünü məhz Donbass istiqamətində göstərdi. Bu iki səbəb üzündən hazırda vəziyyət bu qədər gərginləşib”.

E.Şahinoğlu qeyd edib ki, Rusiya hazırda prosesi daha da gərginləşdirmək istəyir: “Rusiya çox ümid edirdi ki, Donald Tramp Rusiya meyilli bir siyasət yürüdəcək. Hələ ki, bu baş vermir. Ona görə də separatçıların pasportunun tanınması ilə Trampı fakt qarşısında qoyurlar. Hətta, növbəti addımlar da ola bilər. Abxaziya və Cənubi Osetiyada olduğu kimi Donetsk və Luqanskın “müstəqil”liklərini tanıyıb onları Rusiyaya qatan pasportlar da paylaya bilərlər. Bundan sonra ikitərəfli müqavilələr imzalayıb Rusiya öz ordu hissələrini Donbasda yerləşdirə bilər ki, ondan sonra Ukraynanın hücuma keçməsi problematik hala gələcək. Amma Rusiya bunu etsə, o zaman gərək Avropa və Amerika ilə münasibətləri daha da gərginləşdirsin”.

Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin bu gün dünya liderlərinə müraciəti barədə də fikirlərini bölüşən E.Şahinoğlu qeyd edib ki, sabiq prezident artıq öz vətəninə qayıda bilməyəcəyini bilir: “Amma bəzi addımlar atır, məktublar göndərir, Rusiya tərəfdən müəyyən dialoqlarda iştirak edir, məhkəməyə qiyabi qatılır. İndi Poroşenkonun da reytinqi açıq-aşkar aşağı düşüb. Ümid edir ki, bəlkə növbəti seçkilərdə onun tərəfdarları fəallaşar və indiki hakimiyyət üzərində qələbə çalarlar. O zaman onun vətəninə qayıtması da asanlaşar. Ona görə də Yanukoviç bu istəyini reallaşdırmaq üçün bu cür həmlələr həyata keçirir”.

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər