Təxminən bir aydan sonra Ermənistanda parlament seçkiləri keçiriləcək. Bu seçkilərdə hakim Respublika partiyası yenidən qalib gəlmək və parlamentdə çoxluq qazanmaq fikrindədir.
Respublika partiyasının hakimiyyətdə olduğu son 4 ildə Ermənistanda nəinki irəliləyişlər nəzərə çarpmır, hətta bəzi sahələr demək olar ki, iflas mərhələsinə çatıb.
Teleqraf.com bununla bağlı erməni mediasında dərc olunan statistikanı təqdim edir:
Ümumi daxili məhsul - 2008-2012-ci illərdə Ermənistanda ümumdaxili məhsulun həcmi 10.1 milyard dollar göstərilirdi. 2012-2016-cı illərdə bu rəqəm 0,02 faiz artaraq 10.3 milyard dollara çatıb. Bu, yeganə artım sahəsidir.
Dövlət borcu - 2011-ci ildə Ermənistanın dövlət borcu 4,2 milyard dollar göstərilib. Hazırda bu rəqəm 5,9 milyard dollardır.
Vergilər - Respublika partiyasının kölgə iqtisadiyyatı ilə amansız mübarizə haqqında iddialarına baxmayaraq, yığılan vergilərin həcmi bunun əksini deyir. Vergilərdən gələn gəlir 2013-ci ildən durmadan azalır. Büdcə daxilolmalarında kəsir xroniki olub.
İmmiqrasiya - 2012-2016-cı illərdə Ermənistanda immiqrasiya stabil olub. Bu illər ərzində 207 min insan Ermənistanı tərk edib. Bu, ümumi əhalinin 7 faizi deməkdir.
Bundan başqa, ildən-ilə artan cinayət faktlarını və sıfır dərəcəsində olan xarici investisiyanı misal göstərmək olar. Bir rəsmi faktı qeyd etmək olar ki, Ermənistan geri getdikcə, Respublika partiyası daha çox səs "qazanır".
Samir